Cəmiyyət

Sərtləşən qanun hansı KİV-lərə şamil olunacaq?

18 Dekabr 2014 16:33
0 Şərh     Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dekabrın 16-da Milli Məclis KİV haqqında qanuna dəyişiklikləri müzakirə etdi. Dəyişiklik xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsini də nəzərdə tutur. Digər bir dəyişiklik isə kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydasının dəyişdirilməsidir. KİV il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Yeni dəyişiklik nə vəd edir, hansı KİV-lərə şamil olunacaq?

Media eksperti Arif Əliyev deyir ki, haqqında iki məhkəmə qərarı olan qəzetlərin bağlanması ilə bağlı məhkəməyə müraciət edilməsi əslində məhdudlaşdırılmadır. Bunun iki və ya üç dəfə olması elə də böyük dəyişiklik deyil. Onsuz da qanunda məhdudlaşdırıcı norma var idi. Sadəcə, əvvəl bunun sayı üç idi. İndi ediblər iki. Fikrimcə, yenidən bu qaydaların sərtləşdirilməsi psixoloji təsirə hesablanıb".

O ki qaldı xaricdən maliyyələşən KİV-lərin fəaliyyətinin məhdudlaşdırılmasına, Arif Əliyevə görə, bu çox böyük bir məsələdir. Dəfələrlə müzakirə olunub: "Sadəcə, bu qanuna çox yayğın bir şəkildə salınıb. Çünki xaricdən maliyyələşmə deyəndə nəyin nəzərdə tutulduğu aydın deyil. Bu mürəkkəb məsələdir. Azərbaycanın informasiya məkanına xarici KİV-lərin müdaxiləsi kimi bir məsələ çıxıb ortalığa. Onu da deyim ki, professional baxımdan o məsələlər bu cür həll edilmir. Əlavə qarışıqlıq və sui-istifadəyə çox geniş məkan açan maddədir. Bunun gələcəkdə KİV-lər üçün təhlükəsi ola bilər".

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, KİV azadlığı məlumat və ifadə azadlığının ən önəmli ayağıdır. "Bu təməl insan hüquq və azadlıqları olaraq fundamental azadlıqlardandır. Fundamental azadlıqların məhdudlaşdırılması ancaq istisna hallarda, qanunla, demokratik cəmiyyətdə zərurilik testindən keçirilərək ola bilər. Bu zaman qorunan hüquqi mənafe məşru (legitim) mənafe olmalıdır. Bu məhdudlaşdırmaya əsaslar aydın formada Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində göstərilib. Burada qeyd edilir ki, "Media (ifadə) azadlığı dövlət təhlükəsizliyinin, ərazi bütövlüyünün və ya ictimai asayişin mənafeləri üçün, iğtişaşların və cinayətkarlığın qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin şöhrət və ya hüquqlarının müdafiəsi, konfidensial qaydada əldə edilmiş məlumatların qarşısının alınması, yaxud ədalət məhkəməsinin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədilə zəruri olan formallıqlarla, şərtlərlə, məhdudiyyətlərlə və cərimə sanksiyaları ilə müşayiət edilə bilər".

Ekspert bildirir ki, göründüyü kimi məhdudiyyətlərin ən sonunda cərimə sanksiyaları nəzərdə tutulub. Burada bağlanma cəzası yoxdur. Ayrıca, məhdudiyyət üçün əsaslarda "bir ildə 2 dəfə, ya da 3 dəfə qanunu pozmaq" yoxdur:

"Deməli, bu norma məhdudiyyət üçün əsas ola bilməz. Zatən KİV qanunu pozubsa, ona uyğun cəzanı alıb-cərimələnib. Təkrar eyni əmələ görə ikinci dəfə cəzalandırma - bağlama hüquqi baxımdan izah edilə bilməz. Burda hüquq artıq devrədən çıxmış olur. Unutmayaq, KİV sadəcə qəzet demək deyil. Jurnal, agentlik, TV, radio, internet media da bu kateqoriyaya aiddir və onları da bağlanmaq təhlükəsi gözləyəcək". Ələsgər Məmmədli bu dəyişikliyi mətbuat azadlığını məhdudlaşdırmaq kimi dəyərləndirir. Bildirir ki, dəyişiklik Avropa Konvensiyasının ifadə azadlığı müddəaları ilə ziddiyyət təşkil edir: "Bu dəyişiklik əslində mətbuat və ifadə azadlığına qanunvericilik vasitəsilə basqın etməkdir".

Millət vəkili İqbal Ağazadəyə görə, KİV haqqında qanuna edilən dəyişiklik təkliflərinin heç biri fundamental deyil: "Qərəzli yazılarına görə il ərzində barəsində 2 dəfə məhkəmə qərarı verilən KİV orqanının bağlanması məsələsi hüquqa ziddir. Məhkəmə yalnız bir işlə bağlı bir dəfə qərar verə bilər. Qanunda indiyədək var idi ki, əgər məhkəmə KİV orqanı ilə bağlı qərar çıxarsa, bağlansın. İndiyədək bu təcrübədən istifadə olunubmu? Yox, bəs onda nə baş verir ki, bu 3 dəfəni 2 dəfəyə endirməyi təklif edirsiz? Hesab edirəm ki, bu dəyişikliyi təklif edənlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu, yerini nəzərə almayıblar. Bu dəyişikliyin qəbulundan sonra daxildə də, xaricdə də deyəcəklər ki, KİV haqqında qanuna mürtəce dəyişiklik edildi".

Deputat Rəbiyyət Aslanova isə qanuna dəyişikliyi dəstəkləyir: "KİV haqqında qanuna edilən bu təklif insanların şərəf və ləyaqətini müdafiə edən bir dəyişiklikdir. Bu KİV orqanlarının məsuliyyətini artıracaq. Hesab etmirəm ki, bir KİV barədə məhkəmə 3 dəfə qərar verəndən sonra bağlanmasının 2 dəfəyə endirilməsi ciddi addımdır".

"Bizim Yol" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.