Cəmiyyət

Saxta Yeni il endirimləri başladı - FOTO

18 Dekabr 2014 16:12
0 Şərh     Baxış: 2 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eyyub Hüseynov: "Ölkədə satılan malların təxminən 70 faizinin qiymət sənədi yoxdur..."

Hər il olduğu kimi, bu il də Yeni il qabağı mağazaların vitrinlərinə cazibəli formada "Geyimlərə 30-50-80 faiz endirim", "Hər nə alsan, 10 manat", "2 al+bir hədiyyə", "Nə alırsan al, yarısını ödə" yazılmış sözlər bəzəyir. Yeni il qabağı belə elanları yalnız geyim mağazalarında deyil, "İdeal", "Sabina" kimi kosmetika və parfümeriya mağazalarının vitrinlərində də görə bilərik.

Qeyd edək ki, çox zaman bu endirimlər real olmur. Ya da əhalinin təbiri ilə desək, qiymətləri 100 faiz bahalaşdırıb 50 faiz endirirlər. Nəticə etibarı ilə satılan geyim və ya əşya elə əvvəlki qiymətində, hətta daha baha olur. Apardığımız müşahidələrdən də məlum oldu ki, malların üzərində göstərilmiş endirim faizləri əslində aldadıcıdır. Endirim edilən geyimlərlə daha yaxından tanış olmaq üçün bir neçə mağazaya baş çəkdik.

İlk olaraq vitrininə cəzb edici formada "70-80 faiz endirim" yazılan "Lady Sharm" mağazasına daxil olub qiymətlərlə maraqlandıq. Bir müddət əvvəl mağazada 60 manata gördüyümüz donun üzərinə 120 manat yazılıb üzərindən xətt çəkilərək endirimlə 49 manat qeyd edilmişdi. Ümumiyyətlə, əgər bir mağaza mallarının satış qiymətində birdən-birə 70 faiz endirim edirsə, demək, endirimdən öncə o, bu malları çox baha qiymətə satmaqla, həm sözün həqiqi mənasında soyğunçuluq edirmiş, həm də vergidən yayınma hallarına şərait yaradırmış.

Saxta endirim problemi son illərin ən çox diqqət çəkən məsələlərindəndir. Zaman-zaman aparılan monitorinqlər göstərir ki, Bakının bir çox ticarət obyektlərində endirimlər, sadəcə, alıcıları cəlb etmək məqsədilə həyata keçirilir.

Baş çəkdiyimiz "New Yorker" mağazasında isə satıcı xanım endirimlərin yeni kolleksiyaların hamısına şamil edilmədiyini dedi. O, həmçinin, endirim kampaniyası zamanı müştərilərin digər günlərdən daha çox olduğunu və alıcıların mağazadan əli boş çıxmadığını bildirdi. Baş çəkdiyimiz "Ustop" mağazasında isə 20-50 faiz endirim vardı. Burda da eyni vəziyyət idi. Əlimizi hansı paltara atdıqsa, onda ya endirim olmadığını dedilər, ya da ki, elə bir endirim edilmişdi ki, yenə qiymət əl yandırırdı.

Parfümeriya mağazalarına da baş çəkib qiymətlərlə maraqlandıq. "İdeal" parfümeriya mağazasında 20-50 faiz endirim vardı. Ancaq keyfiyyətinə görə seçilən brend malların heç birində endirimə rast gəlmədik. Ümumiyyətlə, bütün dünyada Yeni il öncəsi müxtəlif endirim kampaniyaları keçirilir. Qərbdə Milad endirimləri noyabrın 22-dən, yəni qərblilərin səbirsizliklə gözlədikləri "Qara cümə"dən başlayır. "Qara cümə"ni, yəni Milad endirimləri təkcə alıcılar tərəfindən deyil, satıcılar tərəfindən səbirsizliklə gözlənir, çünki alver artır, iş adamları il ərzində yığılıb qalmış mal artıqlığından yaxa qurtarır, nağd pul əldə edirlər. Həmin günün adı da buradan götürülüb - qara rəng Qərb mühasibatlığında artımı, qırmızı rəng isə azalmanı bildirir. Bu məsələ əhalinin aztəminatlı hissəsinin işinə xüsusilə yarayır, Qərbdə elə ailələr var ki, hətta illik ərzaq ehtiyatını da "Qara cümə"də yığır. Çünki endirimlər təxminən 75 faiz ətrafında dəyişir. Məsələn, adi günlərdə 5 dollara satılan konserv bankasını endirim zamanı 1 dollara, 40 dollara satılan köynəyi isə 10 dollara almaq mümkündür. Bu, satışları on dəfələrlə artırır. Bu yolla ABŞ-da endirimə gedən dükanlar bir gün ərzində illik satışlarının 25 faiz qədər nağd pul əldə edə bilirlər.

Bəs Azərbaycanda saxta endirim kampaniyalarının qarşısını almaq üçün hansısa nəzarət mexanizmi varmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymət məsələlərində anarxiyanın olduğunu dedi: "Music Galleri" böyük ticarət şəbəkəsidir.

Hər kəsin telefonuna SMS-lər göndərib endirim olması haqda xəbər verirlər. Əhali də həmin mağazaya gedib görür ki, onlara lazım olan əşyalara endirim yoxdur. Digər mağazalarda da eyni vəziyyətdir. Bizə bununla bağlı şikayətlər gəlib. Dövlət orqanlarına bu barədə dəfələrlə məlumat verilsə də, qarşısı alınmır. Əhali endirim olan mağazaya gedib malı seçir. Deyirlər ki, buna endirim yoxdur. Malı alıb sonradan dəyişmək istəyəndə də deyirlər ki, bu mal endirimdə olduğu üçün dəyişdirilmir, qaytarılmır. Nazirlər kabinetinin 94 saylı qərarının 31-ci maddəsində göstərilir ki, malların üzərində məsul şəxsin imzası və ya möhürü olan qiymət sənədi olmalıdır. Təəssüflər olsun ki, ölkədə satılan malların təxminən 70 faizinin qiymət sənədi yoxdur. İstehlakçı hüquqlarının qorunmaması, qiymət sənədlərinin olmaması, Nazirlər Kabinetinin qərarının yerinə yetirilməməsi qiymət məsələlərində anarxiyaya səbəb olur".

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.