Cəmiyyət

Həyatını maaşa "satanlar"

18 Dekabr 2014 13:43
0 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhlükəsizlik kəməri olmadan yüksəkliyə çıxan fəhlələr: "Ehtiyatla davranılsa, heç bir bədbəxt hadisə baş verməz"

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir.

Bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur.

Azərbaycanda son beş ilin statistikasına əsasən, 2013-cü ildə 2009-cu ilə nisbətən istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı 40 faizədək azalıb. Belə ki, ötən il istehsalatda bədbəxt hadisələr zamanı zərər çəkən şəxslərin sayı 183 nəfər olub. Statistika Komitəsinin məlumatında bildirilir ki, hər 1000 nəfər işləyənə isə bu say 0,1 olub. Onlardan bədbəxt hadisələr zamanı ölənlərin sayı 66 nəfər olub. Hər 1000 nəfər işləyənə isə bu say 0,04 olub. Əməyin mühafizəsi tədbirlərinə çəkilən xərclər isə 1000 manat olub. Mədənçıxarma sənayesində ölənlərin sayı 3 nəfər olub. Digər iqtisadi fəaliyyət növlərində isə ölənlərin sayı 10 nəfər olub.

Amma təhqiqatlar göstərir ki, hadisələr həm işəgötürən, həm də işçinin öz günahı ucbatından baş verir. İşəgötürən lazımi təhlükəsizlik tədbirlərini görmür, fərdi mühafizə vasitələrini vaxtında almır. Yaxud alır, amma işçinin həmin vasitədən istifadə edib-etmədiyinə nəzarət etmir. Baxmır ki, fəhlə təhlükəsizlik kəmərini, qoruyucu dəbilqəni taxıb, ya taxmayıb. Bəzən tikinti ətrafında çəpərləmə işləri aparılmır, fəhlə də ehtiyatsızlıqdan yıxılır və həlak olur.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun ayı ərzində istehsalatda 114 bədbəxt hadisə baş verib ki, bu da ötən ilin müəyyən dövrü ilə müqyisədə 32 hal çoxdur. Bu hadisələr zamanı 40 nəfər ölüb, 90 nəfər xəsarət alıb. İstehsalatda qrup halında 16 bədbəxt hadisə baş verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirovun "Ekspress"ə bildirdiyinə görə, 2014-cü ilin 9 ayı ərzində istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində ölənlərin sayı (xəsarət alanların sayı haqqında 2015-ci ilin fevral ayında yekun olaraq məlumat veriləcək) ölkə üzrə 58 nəfər, onların sırasında Həmkarlar İttifaqının xidmətinə daxil olan (yəni, həmkarlar ittifaqı təşkilatının mövcud olduğu) istehsalat sahələrində 20 nəfər olub. "Bu müddət ərzində neft və qaz sənayesi sahəsində 5 nəfər, energetika sahəsində isə 6 nəfər istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində həyatlarını itirib".

Həmsöhbətimiz deyir ki, təkcə tikinti sahəsində deyil, iqtisadiyyatın bütün sahələrində baş vermiş bədbəxt hadisələr zamanı dəyən zərər işçi sığortalanmış olduğu halda sığorta şirkətləri, əks halda isə işəgötürən tərəfindən ödənilir. N.Ağamirov istehsalatda baş vermiş bədbəxt hadisələrə görə məsuliyyətin işəgötürənlərin üzərinə düşdüyünü bildirib: "Deyilənlərə onu da əlavə etmək istərdim ki, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev bu günlərdə media nümayəndələrinin suallarını cavablandırarkən həmin məsələyə toxunaraq bildirib ki, Azərbaycanda iş yerlərində işçilərin ölüm və xəsarət alması halları 10-12 faiz azalıb".

Konfederasiya sədrinin sözlərinə görə, bütün sahələrdə istehsalatda bədbəxt hadisələrin sayı aşağı düşüb: "Konfederasiyaya daxil olan həmkarlar ittifaqlarının mövcud olduğu müəssisə və təşkilatlarda bu göstərici daha aşağı düşüb. Yəni, harada həmkarlar təşkilatları varsa, orada əməyin mühafizəsi ilə ciddi məşğul olunur. Hər rüb həmkarlar ittifaqı təşkilati müzakirələr aparır. Bu müzakirələrin nəticəsi olaraq əməyin mühafizəsi ilə bağlı nöqsanlar aradan qaldırılır".

Mehbalıyev əlavə edib ki, həmkarlar ittifaqları olan müəssisələrdə əmək müqaviləsi olmayan işçilər yoxdur: "Bu məsələ Dövlət Əmək Müfəttişliyinin səlahiyyətindədir. Həmkarlar İttifaqı təşkilatları yaranan yerlərdə qayda-qanun yaradılır, işçilərin iş şəraiti, onların sosial vəziyyəti ilə məşğul olunur, işəgötürənlə həmkarlar ittifaqları arasında kollektiv müqavilələr bağlanılır".

Hazırda paytaxtın, demək olar ki, əksər küçəsində binaların fasad təmir işləri aparılır. Əksəriyyətində də işçilər üçün təhlükəsizlik şəraiti yaradılmayıb. Elə bunu redaksiyamızın yerləşdiyi Xaqani küçəsində aparılan təmir işləri zamanı da görmək olar. Belə ki, fəhlələr dəmir boruları məftillə bir-birinə sarıyaraq, onların üzərində hündürlüyə qalxır, binanın fasadında qaşıma və rəngləmə əməliyyatlarını həyata keçirirlər. Divarların qaşınması zamanı binadan qalxan toz-duman göz yaşardır.

Burada çalışan fəhlələr isə hallarından məmnun olduqlarını deyirlər. Onlardan biri bildirir ki, ehtiyatlı davranıldığı təqdirdə heç bir bədbəxt hadisə baş vermir. "Hər bir insan özünü qorumalı və diqqətli olmalıdır".

Fasadların qaşınması zamanı yaranan tozdan qorunmaq üçün fəhlələrin xüsusi maskaları olsa da, bu maskaların nə dərəcədə qoruyucu olduğu isə sual altındadır.

Burada çalışan fəhlələr təmir işlərini bir türk şirkətinin apardığını desələr də, həmin qurumun adını söyləməkdən imtina etdilər.

Həkim pulmonoloq-ftiziatr Tükəzban Novruzovanın sözlərinə görə, bir çox istehsal sektoru var ki, bu sahələrdə çalışan insanlar daha çox ağciyər xəstəliklərinə yoluxurlar. "Tozlardan yaranan peşə xəstəlikləri əslində ən əhəmiyyətli qrup meydana gətirir. Tozlardan əmələ gələn peşə xəstəliklərinin ümumi adı pnevmakonyoz adlanır. Zərərli toz parçaları tənəffüs edildiyi zaman ağciyərlərdə iltihabi kütlə meydana gəlir. Ağciyər toxuması incəlir və elastikliyini itirir. Bu, elə bir xəstəlikdir ki, bir dəfə ağciyərə dəyən zərər ömürlük qalır. Bəzən belə xəstələrin vəziyyəti o həddə çatır ki, evdən kənara çıxa bilmirlər. Pnevmakonyozlar yaranma tozlarına görə adlandırılırlar. Peşə xəstəlikləri arasında ən çox silikoz, asbestoz, berillioz, bisinoz kimi xəstəliklər müşahidə edilir".

Həkim bildirir ki, ümumiyyətlə, müxtəlif səbəbli 100-ə qədər peşə xəstəliyi var. "İş yerində peşə xəstəliklərinə yoluxmadan qorunmaq üçün gigiyenik qaydalara riayət etməli, çay və yemək zamanı əllər mütləq yuyulmalı, iş yerindən çıxmadan duş alınmalı, iş paltarları ilə gündəlik geyim ayrı-ayrı şkaflarda saxlanılmalı, iş yeri yetərli və təmiz hava ilə təmin edilməli, ehtiyac olduğu təqdirdə xüsusi maskalardan istifadə edilməli, hər bir iş yerində ilk yardım həkimi olmalı, nəzarət müayinələri axsadılmamalıdır".

İstehsalatda bədbəxt hadisə baş verdiyi halda çox zaman işəgötürən məsuliyyətdən yayınır. Buna səbəb isə müəssisələrdə işçilərin müqaviləsiz, qeydiyyatsız və sığortasız işlədilməsidir. Hüquqşünas Asif Mirzəyevin sözlərinə görə, istehsalatda baş verən bədbəxt hadisələr zamanı zərərçəkənə dəymiş zərər Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və yə bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi" qaydalarının 1.1 bəndinə əsasən, təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq ödəyir. "İşəgötürən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü, işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə olduqda zərərçəkənə dəyən xəsarəti ödəməlidir".

Müsahibimiz bildirir ki, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin və yerli bölmənin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.

Hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən bir gündən gec olmayaraq müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edir və bir nüsxə zərərçəkən tərəfə verilir. Qeyd edək ki, baş verən hadisənin təhqiqatı 20 gün müddətində davam edir.

Hüquqşünasın dediyinə görə, əmək müqaviləsi ilə işləyən hər kəs peşə xəstəlikləri və istehsalat qəzasından sığorta olunmalıdır. "Hər bir şəxs çalışmalıdır ki, qeydiyyatdan kənar, sığortasız işləməsin. İşə daxil olarkən sağlamlıq müayinələri zamanı sağlamlığı işə uyğun olmayan şəxslər həmin işdə çalışmamalıdır".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.