Cəmiyyət

Astroloqun Azərbaycan üçün 2015 proqnozu

6 Dekabr 2014 14:10
1 Şərh     Baxış: 5 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səbuhi Rəhimli: "Məhəlli münaqişələrin sayı artacaq, təbii fəlakətlər, xüsusən də vulkanlar daha geniş ərazini əhatə edəcək"

Yeni ilə artıq sayılı günlər qalıb. Şərq təqviminə görə, 2015-ci il Keçi ilidir. 2015-ci ili Qoyun ili də adlandıranlar var. İlin sonu yaxınlaşanda astroloqlara müraciət etmək isə artıq ənənə halını alıb. Biz də bu ənənəyə sadiq qalaraq qarışıq dünyamızın sonrakı gedişatını öyrənmək üçün proqnozları çox zaman özünü doğruldan astroloq Səbuhi Rəhimliyə müraciət etdik.

Səbuhi Rəhimlinin dediklərindən: "Keçi, yoxsa Qoyun ili? Gəlin, əvvəlcə bunu dəqiqləşdirək.

"İlin necə adlandırılması o qədər də böyük əhəmiyyət kəsb etmir. Təki o özü ilə sülh, firavanlıq, ruzi-bərəkət və cansağlığı gətirsin. O ki qaldı sualın konkret cavabına, qeyd edək ki, müraciət etdiyimiz astroloji mənbələrin böyük əksəriyyətində il Keçi adı ilə səciyyələndirilir. Biz də dünyada aparıcı mövqeyə malik olan Çin, hind və yapon astrologiyasına əsaslanırıq. Amma yenə də qeyd edim ki, adın mahiyyətinə varmağa ciddi ehtiyac yoxdur. Zodiak illərində mübahisəli adları ikili adlandırırlar: Keçi-Qoyun, Pişik-Dovşan, Qaban-Donuz və sairə".

- Astronomik il yanvarın 1-də deyil, təxminən bir ay sonra başlayır. Bəs Keçi ili nə vaxt başlayacaq? Ümumiyyətlə, Yeni ilin əsas rəmzləri, simvolları barədə nə deyə bilərsiniz?

- Doğrudur, astronomik il yanvarın 1-də başlamır. Bu, əsasən Yupiterin hərəkət istiqaməti ilə tənzimlənən təqvim olduğu üçün Sutökən bürcünün dövrünə (20 yanvar -19 fevral) düşür. Qarşıdan gələn ağac ünsürlü Göy Keçi ili də 2015-ci ilin 19 fevralında, Bakı vaxtilə 04:47-də başlayacaq və 2016-cı ilin 7 fevralına qədər davam edəcək. Simvollara gəlincə, ilin planeti Yupiter, uğurlu ayları mart, dekabr, uğursuz ayları iyun, sentyabr, düşərli günü bazar ertəsi, cümə axşamı, ağır günü isə çərşənbə və şənbədir. Rəng göy, yaşıl, bənövşəyi, daş-qaş sapfir, ametist və zümrüddür.

- At ili heç də yaxşı hadisələrlə yadda qalmadı, "Ebola" virusu, müharibələr, siyasi aləmdə baş verən qalmaqallar və sairə. Bəs bu il necə, qalmaqallı, yoxsa sakit keçəcək?

- At sırf siyasət ili idi. Belə illər böyük maraqların toqquşmasına, mülkiyyət üstündə savaşların pik nöqtəsinə çatmasına, yalan informasiyaların ayaq tutmasına, dini təriqətlərə zəmin yaradır. Bu barədə də ötən ilin bu çağlarında danışmışdıq. Qarşıdan gələn Keçi ili də sakit deyil. Keçi incəsənət rəmzi olmaqla bərabər, həm də liderlik işarəsidir. Ağıllı olanları sevir, yalansız keçinə bilmir. Keçi tanınmış böyük adamların asanlıqla nüfuzdan salınmasında və ya əksinə, heç kimin bəyənmədiyi, tanımadığı birisinin qəfil yüksəlişinə zəmin yaradır. Keçinin pul yığmaqla arası yoxdur, xərcləməyi sevir. Keçi ilinin oyun qaydaları da fərqlidir: heç bir körpünü yandırma, çünki məcbur olub o körpüdən geri dönəcəksən. Bu daha çox siyasi müstəviyə aiddir. Konkret olaraq 2015-ci illə bağlı soruşursunuzsa, məhəlli münaqişələrin sayı artacaq, yeni liderlər meydana gələcək, təbii fəlakətlər, xüsusən də vulkanlar daha geniş ərazini əhatə edəcək.

- Yəqin ki, Keçi illərində olan hadisələri də gözdən keçirmisiniz.

- Təbii ki. Bu illərdə çox ziddiyyətli hadisələr olub. Onlardan bir qismini nəzərinizə çatdırmaq istərdim: türklər Krımı və Moskvanı fəth edib, Paraqvay, Liberiya, Əfqanıstan, Livan və Sudan müstəqillik əldə edib, radio ixtira olunub, Nobel mükafatı təsis olunub. Bundan başqa, Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər. İlk vertolyot Fransada havaya qalxıb. Bakı Dövlət Universiteti yaradılıb. Tehranda Çörçill, Ruzvelt və Stalin arasında İkinci Dünya müharibəsinin sonrakı taleyini həll edən görüş keçirilib, Təbrizdə Azərbaycan Demokratik Firqəsi yaradılıb. Dünyada ilk dəfə olaraq SSRİ "RDS-37" adlı hidrogen bombasını sınaqdan keçirib, İsrail Şərqi Qüdsü işğal edib. Bakıda metro nəqliyyatı fəaliyyətə başlayıb, İranda İslam İnqilabı qələbə çalıb. Sovet ordusu Əfqanıstanı işğal edib. Azərbaycanın say-seçmə oğulları vertolyot qəzasında həlak olublar. SSRİ dağılıb, ABŞ-Böyük Britaniya koalisiyası ikinci dəfə İraqa hücum edib və ən nəhayət, 2003-cü ilin 15-16 oktyabrında baş verən hadisələr.

- Bu il həm də Azərbaycanda parlament seçkisi olacaq. Nələr ola bilər, neçə deputat öz postu ilə vidalaşacaq?

- Seçkinin tarixini və namizədlərin kimliyini dəqiq bilmədiyim üçün bu barədə proqnoz hazırlamaq imkanım yoxdur. Yalnız onu deyə bilərəm ki, indiki millət vəkillərinin 40 faizdən çoxu yenilənəcək.

- Adətən siz hər il aktiv olacaq ölkələrin də adını çəkirsiniz. Bəs 2015-ci ildə bu siyahı necədir?

- Əslində dünya siyasətində astrologiyanın bu yanaşmasına xüsusi diqqət yetirilir. Təncim hesablamalarına görə, Yeni ildə adı bu və ya digər formada daha çox hallanan ərazilər Kiçik Asiya, Rusiya, İtaliya, Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası (Braziliya və Meksikadan başqa) və əksər ərəb ölkələri olacaq.

- Keçi ili hansı ildə və bürcdə olanlara düşərli olacaq?

- Əslində yuxarıda dediyim kimi, Keçi ilinin oyun qaydalarına riayət edənlər ilin mənfəətini daha çox qazanacaqlar. Astroloji baxımdan yanaşdıqda isə, Oxatan və Balıqlar bürcü üçün daha şanslı dövrdür. İllərdən isə təbii ki, Keçinin özü və dostları: Pişik və Qaban.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.