Cəmiyyət

Londonda AzərTAc-ın informasiya dəstəyi ilə beynəlxalq konfrans keçirildi - FOTO

27 Noyabr 2014 15:24
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Londonda "Eurasian Dynamics" şirkətinin təşkilatçılığı, Böyük Britaniyanın strateji təhlil qurumu olan Oksford Beynəlxalq Mərkəzinin dəstəyi ilə "Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Interfax və Bloomberg agentlikləri, "Avropa Enerji", "Neft və Qaz Texnologiyası", "Müstəqil Kimyəvi İnformasiya Xidməti" (ICIS), "NRG Expert" və digər nüfuzlu xəbər portallarının informasiya dəstəyi ilə keçirilib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, konfransda beynəlxalq enerji şirkətləri, maliyyə qurumları, Avropadan, Mərkəzi Asiyadan, Azərbaycan, Rusiya, Çin, ABŞ, Yaponiya və Koreya Respublikasından analitiklər, hökumət rəsmiləri regionda enerji geosiyasəti və investisiya dinamikası, eləcə də hüquqi risklər və layihə maliyyələşdirilməsi sahəsindəki yeniliklərlə bağlı fikir mübadiləsi aparıblar.

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri konfransda açılış nitqi ilə çıxış edib.

Ç.Hendri Britaniya parlamentində Mərkəzi Asiya və Azərbaycan haqqında tez-tez müzakirələr aparıldığını, enerji məsələsində bu bölgələrin beynəlxalq səviyyədə əhəmiyyətli olduğunu vurğulayıb. Britaniya şirkətlərinin həmin bölgələrə böyük maraq göstərdiyini diqqətə çatdıran parlament nümayəndəsi regionun, həmçinin biznes üçün əlverişli və perspektivli olduğunu vurğulayıb.

Bildirilib ki, enerji məsələsi təkcə regional deyil, həm də qlobal əhəmiyyəti bir məsələdir. Enerji sahəsində şaxələndirilmənin önəmini vurğulayan Ç.Hendri bunun uzunmüddətli bir proses olduğunu diqqətə çatdırıb. O, bölgədə və Azərbaycanda enerji sahəsində gedən proseslər, bu sektorda görülən işlər və gələcək layihələr haqqında ətraflı məlumat verib, Avropanın enerji təhlükəsizliyi məsələsində bölgənin əhəmiyyətini vurğulayıb.

Baş nazirin elçisi, həmçinin siyasi proseslərin enerji məsələlərinə təsiri, bunun nəticələri, problemlər və onların həlli yolları haqqında danışıb.

Azərbaycanın inkişafından bəhs edən Ç.Hendri ölkəmizin müstəqilliyinin bərpasından sonra böyük nailiyyətlərə imza atdığını bildirib. Qeyd edib ki, Azərbaycan ölkəyə beynəlxalq investorları cəlb etməklə məqsədyönlü enerji siyasəti yürüdür. Ölkədə enerji sahəsində həyata keçirilən layihələrin hərtərəfli inkişafa şərait yaratdığını bildirən ticarət elçisi gələcəkdə də uğurların davam edəcəyinə əminliyini vurğulayıb.

Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərə də toxunan Ç.Hendri ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, ölkələrimizin xüsusilə enerji sahəsində sıx əməkdaşlıq etdiklərini, Azərbaycana yatırılan xarici investisiyanın demək olar ki, yarısının Britaniyanın payına düşdüyü bildirilib.

Sonra konfrans işini sessiyalar üzrə davam etdirib.

Mövzu ətrafında məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.