Cəmiyyət

"Siz bəlasınız-nəsiniz, niyə belə bambılılıq edirsiniz?"

27 Noyabr 2014 11:11
Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda kimsə kiməsə "erməni", ya da "ermənipərəst" demirsə, deməli, xarici əlaqələrinə görə ehtiyatlanır"

Mənim üçün qəzet, ilk növbədə qəzetdir. Xəbərdir, analitikadır.

Müəlliflərin və redaksiyanın ortaq və personal mövqeləri ola bilər, onlar nəyəsə inana, pərəstiş edə, hətta sitayiş edə bilərlər. Təki nəşrin (psevdo)ideoloji xətti olmasın - qəzet qəzet olsun, bülleten yox. Zatən zaman və oxucu "ideoloji" qəzetlərə yerlərini göstərirlər. Partiya, lider, ağsaqqal yedəyində olan qəzetin ömrü uzun olmaz. Zamana qarşı dirəşsə də, oxucusu olmaz.

Yəni çağdaş dünyada "psevdo"suz, xas ideoloji nəşrlər (bizdə heç belə bir şey yoxdur) maraqsız görünürsə, psevdolar görün nə gündədir. Ona görə də, "Yeni Müsavat"ın Müsavat Partiyasından mümkün qədər uzaqlaşmaq, stereotipik "partiya qəzeti" yarlığından qurtulmaq, normal bir media resursu olmaq istəyi alqışlanmalı olduğu halda, dəqiqəbaşı qəzetə, müəlliflərə pretenziya bildirirlər. Eyni adamlar, eyni sözlər, eyni özünü əsdirmələr.

Ciddi yazarın media seçimində diqqət etdiyi, axtardığı nədir? Yüksək reytinq, məmə şəkillərinin, lüt arvad ombalarının (maqazin düşüklüyünün) olmaması, senzuranın hüdudları və qonorar. Bunların hamısı məni qane edirsə, kim nə deyə bilər? Siz bəlasınız-nəsiniz, niyə belə bambılılıq edirsiniz? Sizin sıralarınızdan çıxıb APA-ya keçən adamınızı o qədər söydünüz, halbuki mənə görə hər kəs iş yeri seçimində sərbəstdir. Bu adamınız "Əli Kərimli məsumdur" deyəcək qədər fanatınız idi. Kaş bütün fanatiklər onun kimi zamanında ayılaydı. "Gənc prezident, gənc müxalifət lideri" şüarı ilə bir dövrü yola verənlər, indi gənc prezidentə işləməkdə bizi günahlandırırlar.

Hər şey çox sadədir - tələb-təklif. Sənin satmağa malın var, bir başqasının da almağa istəyi və pulu. Mənim kriterilərimə cavab verəndən sonra, qəzet mənə ödədiyi qonorarı haradan tapır, mühasibatı necə işləyir - bunlar mənə maraqlı deyil. Guya sizin pulunuz haradan gəlir ki? Sənə ABŞ konqresi pul verir, bir başqasına yerli bir oliqarx verir. Mən əməyimi satıram, sən də əməyini satırsan, o biri də əməyini satır. Yox, kimsə əvvəlinə "d" gətirilmiş əmək satırsa, sanmasın ki, hər kəs bu işlə məşğuldur. Əməklə kifayətlənirik.

Bir qrup bambılı, onu-bunu pusur ki, bir "qrex" tutsun, başlasın hürüşmə. Düşüblər ortalığa, camaatın olan-qalan zövqünü də korlayırlar. Siz gedin bir özünüzə güzgüdə baxın, antropoloji quruluşunuza ağlayın. Hələ mən sizin kəndistan başınızın içini demirəm. Uğursuz adamlar. Bu nə biznesdir, həyatdır belə? Bu nə taledir? Onu pusurlar, bunu güdürlər. Bunların dərdinə, işinə-gücünə, fəaliyyətinə bax - "ifşa edəcəm", "maska cıracam", "əl vurma mənə, mən o qızlardan deyiləm"...

Doğrudan da sürünmək üçün doğulanlar uça bilməzmiş. Bunlar uğursuz adamlardır. Uğursuzluq bunların alın yazısıdır. Uğursuzlar da uğurluları sevməzlər. Ölkədə siyasət tamam ayrı bir fazaya keçib. Hər şey çox dəyişib, "dünya birliyinin" mövqeyi də birmənalıdır, bunlar isə hələ də ətalətlə "istefa" qışqırırlar.

"Ermənidü!"

Bu tema mənim həqiqətən ürəyimi bulandırır. Erməni məsələsində Sabirin, Cəlilin, Tumanyanın, Matevosyanın mövqeyindəyəm. İstinadım ümumbəşəri dəyərlərdir, çünki literatura mütləq pasifist olmalıdır. Başqa cür olsa, literatura yox, manifestasiya olacaq. Bir dönəm manifestasiya ilə məşğul olan adam kimi deyirəm bunu. Ona görə də yeri gəldi, gəlmədi (əslində gəlməli deyil), bu ümummilli minusovkanı gündə eşidirik. Bəyənmədiyinə "ermənidir" deyirsən, qurtarır gedir.

"İctimai sektorda erməni fobiyasının "olmaması" Qərb qarşısında öhdəliyə görədir. Erməni fobiyası olsa, Qərb əməkdaşlıq etməz"

Batumi diskotekasına gəlincə, orada nə baş verib, bilmirəm və belə başa düşdüm ki, heç kəs bilmir. Oxuduğum qədərilə kimsə İntiqam müəllimin şəklini cırıb, musavat.com-da isə fotolar gedib və baş redaktor çexiyalıları "ermənipərəst" adlandırıb. Çexiyalılar kimdir, nə təşkilatdır - xəbərim yoxdur. Bu təşkilatın adına ilk dəfə rast gəlirdim. Dağlıq Qarabağla isti münasibətlərinin olduğunu oxudum. Əks fikirlər də var, deyirlər bu təşkilat çox gözəl və sülhməramlı təşkilatdır. Zatən, siz adam kimi desəniz ki, çox canlara dəyən oğlan və qızlar işləyir o təşkilatda, buna da məmnuniyyətlə inanaram. Yəni hər şeyin bir qaydası, etiketi var. Mən "qancıq ulaşması" deyəndə, bunu nəzərdə tuturdum - yekə adamlar, arvadlı-kişili, qadınlı-qızlı tumanlarını atıblar başlarına, ağızlarına gələni yazır, danışırlar. Buna ancaq qancıq ulaşması adı vermək olar.

Bu adamlar terrorla məşğuldurlar. Özlərini də kənardan görmürlər. Rauf Arifoğlu pis müxalifətçidir? Batumidə şəkil çəkib, orada deyilən və danışılanları qəzetində yayıb və bu davranışı çox loyaldır? Bunların hərəsi, ya da bir neçəsi, maarifləndirici bir təkzib yazısı yazıb, "Yeni Müsavat"a yolladılar da, yazılarımı getmədi? Ya da öz resurslarında yaydılar da, xəbərimizmi olmadı? Zingildəmək, söyüşmək yerinə adam dilində etiraz bildirsəydilər, sözlərinin çəkisi də olardı.

Amma bunların heç biri olmadı. "Ermənidir" ovqatı ilə təqdim edilən xəbərə, "cıraram səni" ifşa-tamaşası ilə cavab verdilər. Mənim isə bu erməni sevgisinə dair şübhələrim var, özü də çox dərin və əsaslı. Azərbaycanda erməniləri təhqir etməyən və opponentinə erməni deməyən çox-çox az adam tapılar ki, içindən gəldiyinə, əqidəsi bunu tələb etdiyinə görə, ümumbəşəri mənada "tolerant" olsun. Əgər bizdə kimsə kiməsə "erməni" ya da "ermənipərəst" demirsə, deməli, xarici əlaqələrinə görə ehtiyatlanır. Yoxsa tolerantlığı, sülh ideyasını həzm etdiyinə, aydın baxışlı olduğuna görə yox. İctimai sektorda erməni fobiyasının "olmaması", Qərb qarşısında öhdəliyə görədir. Erməni fobiyası olsa, Qərb əməkdaşlıq etməz.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.