Cəmiyyət

Döyülən arvadlar, sərxoş qatil, "Qarabağ"ın oyununa bilet - "102"dən REPORTAJ - FOTOSESSİYA

25 Noyabr 2014 15:27
3 Şərh     Baxış: 3 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir uşaq var, lap bezdirib, əlinə telefon düşən kimi zəng edir"

Polisin 102 xidməti. "Binamızın qazını kəsiblər"dən tutmuş "ərim məni döyür"ə qədər bütün şikayətlər bu nömrəyə ünvanlanır. Aidiyyəti oldu, ya olmadı. Vətəndaşın güvəndiyi, etimad etdiyi tək ünvandı polisin 102-si.

Burada işləyənlərin hamısı xanımlardı. Əzəmətli polis formasının içində zərif, gülərüz, mehriban xanımlar. Nə yalan deyim, xidmətin rəisi Aygün Humbətovayla görüşənə qədər onu zəhmli, qaraqabaq, qaşlarını çatmaqdan alnında qırışlar yaranmış qadın təsəvvür edirdim. Amma...

Qarşımda mehriban, baxımlı, gözəl bir xanım dayanıb. Çay içə-içə söhbətləşirik. "102" xidməti 2007-ci ildə yaradılıb. 2008-ci il fevralın 13-dən rəsmi fəaliyyətə başlayıb. Xidmətin işçilərinin əksəriyyəti, demək olar ki, xanımlardı. Yalnız növbətçi inspektorların arasında kişilər var. "102" xidmətin operator qızları hər növbədə 10 nəfər olmaqla sutkada 12 saat işləyirlər. İş vaxtı saat 9:00-da başlayır. Növbə axşam saat 8:00-da dəyişir. Xidmətə edilən zəngləri operativ cavablandırmaq üçün qızlar növbəylə yeməyə gedir. Hər qrupda 5 nəfər olmaqla birinci qrup günorta 1-dən 2-ə, ikinci qrup 2-dən 3-ə qədər nahar edir. Ona görə də, bura edilən zənglər heç vaxt cavabsız qalmır.

Əcnəbi vətəndaşların da müraciətləri nəzərə alındığından, xidmətdə xarici dili bilən operatorlar da var. Gələn il ölkəmizdə "Bakı Avropa Oyunları 2015" keçiriləcək. Və Bakıya çoxlu xarici vətəndaşların gələcəyi gözləniləndir. Buna görə də xidmətə ingilis, fransız, rus dillərində fikrini sərbəst ifadə edə bilən qızlar cəlb edilib.

"Hər operator gündəlik 200-ə qədər zəng qəbul edir. Sutka ərzində gələn zənglərin miqdarı üç min - dörd min arası olur. Daha çox zəng səhər saatlarında olur. Yayda zənglərin sayı altı minə qədər çatır". Xidmətin baş operatoru Nərgiz Axundova deyir.

Nərgiz deyir ki, gün ərzində xidmətə müxtəlif hadisələrə bağlı zənglər gəlir. Oğurluq, quldurluq, qətl, yol nəqliyyat hadisələri, ailə daxili münaqişələr və sairə. Daha çox hadisə Bakının Sabunçu, Binəqədi və Nəsimi rayonlarında, Sumqayıtda baş verir. Gəncə də necə deyərlər, "kriminal şəhərlər" siyahısındadır. Ən sakit rayon Qaradağdı.

Söhbətimizin bu yerində zəng gəlir. Goranboyun Dəliməmmədli şəhər sakini Ziyad maşınını ustaya təmir adıyla verib. Usta gözünə döndüyüm isə maşını söküb satıb. Hadisəylə bağlı Ziyad "102" xidmətinə şikayət edir. Nərgiz telefonu qulağından ayırmadan kompüterdə elə hey nəsə yazır, sual verir, boş damaları doldurur. Mane olmamaq üçün söhbətimizə başqa operatorla davam edirik.

Hicran Kərimova deyir ki, artıq bu cür gərgin işə alışıb. Əgər təzə işə başlayanda hansısa kriminal hadisə ona təsir edirdisə, artıq zənglərə emosional yanaşmır.

Deyir, bu günə olan zənglərin əksəriyyəti döymə, oğurluq və yol nəqliyyat hadisələri olub. İki qonşu dalaşıb. Üst qonşu alt qonşunun evinə su axıdıb. Onlar da ər-arvad üst qonşunu döyüblər. Döyülən qadın bizə zəng eləyib.

"102" xidmətinə gələn zənglərin ardı-arası kəsilmir. Bir zəng bitir, növbəti gəlir. Xidmətdə olduğumuz müddətdə bir şey diqqətimizi çəkdi. Operatorlar "bəli, xanım", "buyurun, xanım", "eşidirəm, xanım" deyə ifadələri tez-tez işlədirdilər. Demək ki, şikayət edənlərin əksəriyyəti qadınlardı. Baş operatordan öyrənirik ki, qadınların şikayətlərinin çoxu ailə münaqişə zəminində olur. Lakin hadisə yerinə göndərilən polis əli ətəyindən uzun geri dönür. Döyülən qadın polisi görən kimi ərinə qahmar çıxır. "ərim bilər, mən bilərəm".

Kərimovanın telefonuna növbəti zəng gəlir. Mustafayev Turalın maşınını Sədərəkdə vurublar. Məlumatı H.Kərimova ərazi üzrə polis bölməsinə ötürür. Daha sonra hadisə yerinə polis cəlb ediləcək.

Xidmətdə olduğumuz müddətdə müxtəlif zənglər gəldi. Evində kanalizasiya sistemi tutulan da, tıxacda qalan da, hətta "Qarabağ"ın oyununa bilet tapmayan da xidmətə zəng edirmiş. Bu azmış kimi bir də uşaqlar var.

Azyaşlı uşaqların da xidmətə zəngləri az deyil. Hicran xanım bu cür zənglər olan zaman uşaqların şikayətinin də qeydə alındığını və həmin ailəyə polis göndərildiyini bildirir. Yalan zənglər də az gəlmir. Nəsimi rayonunda azyaşlı uşaq var. Əlinə telefon keçən kimi "102"-ə zəng edirmiş. İş prinsipinə mane olduğu üçün polis ailəsiylə əlaqə saxlayıb. Ailə məlumatlandırılandan sonra zənglər səngiyib. Amma bir uşaq var ki, elə hey zəng edir. Atasının başı qarışan kimi, anasının gözündən yayınan kimi cumur telefona: "102"-dir?"

Sərxoş adamların da zəngi az olmur. Biri "102"-yə zəng edib ki, bəs mən adam öldürmüşəm. Buyurun, tutun məni. Hadisə yerinə gedən polis görür ki, nə qatil var, nə ölü. Bir sərxoş oturub daşın üstündə. O qədər spirt qəbul edib ki, qara basmalar görüb.

Burada işləmək səbr tələb edir. Orada olduğumuz müddətdə xidmətə yüzlərlə zəng gəldi. Qızlar səbrlə onları dinləyir, məsləhətlər verir, hadisələri qeydə alırdılar. Məlumat ərazi üzrə polis bölmələrinə ötürülür. Burdan sonrası isə onların işi deyil...

Lent.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.