Cəmiyyət

Üstü açıq, altı sulu yarmarkadan FOTOREPORTAJ

25 Noyabr 2014 15:21
0 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi ənənəvi şənbə-bazar yarmarkaları davam edir

Bir müddət öncə mətbuatda sözügedən yarmarkalarla bağlı müxtəlif problemlərin meydana çıxdığı bildirilirdi.

Qeyd olunurdu ki, təşkilatçılarla satıcılar qiymət məsələsində razılığa gələ bilmirlər. Baş verənləri yerindəcə müşahidə etmək üçün yollandıq yarmarkaya.

Şənbə günü saat 12-dir. Altı nömrəli Bakı Peşə Liseyinin qarşısında yenə də alver gedir. Şəkildə gördüyünüz iki xanım isə şəhərimizin təmizliyi ilə məşğuldurlar. İşlərini başa çatdırandan sonra fürsət bilib yarmarkadan bazarlıq ediblər. Yarmarkanın girişində qarşımıza çıxan bu xanımlar qiymətlərdən narazı deyillər. Ancaq adı yarmarka olsa da, burada, sözün əsl mənasında, bazar əhvali-ruhiyyəsi hökm sürür. Hamı alverçisayağı çağırışlar edir, şüarlar səsləndirir: "Ay mal alan, qoyma qala", "Alan aldanmaz, evdə danlanmaz".

İlk baxışdan belə təəəssürat yaranır ki, bu boyda yarmarkada 3-4 kəndli ya ola, ya olmaya. Çünki qeyd etdiyim kimi, belə çağırışları, adətən, illərin təcrübəsinə malik satıcılar səsləndirirlər.

Bir qədər irəliləyirəm. Balıqdan almaya, nardan göyərtiyə - hər şey var. Qiymətlərlə maraqlanıram. İnsafən deyildiyi kimi, ucuz olmasa da, baha da deyil. Bircə problem var ki, hava çox soyuq olduğundan alıcılar az-az gözə dəyir.

Adamda belə təsəvvür yaranır ki, şəhərdə bu yarmarkanı keçirmək üçün başqa üstüörtülü məkan yox imiş. Yağış həm alıcılara, həm də satıcılara əməlli-başlı problem yaradıb. Bircə göyərtinin yanında açıq havada satılan balıqlardan başqa. Hərdən ağızlarını açıb-yumur, özlərini dənizdə olmasa da, gölməçədə hiss etməyə çalışırlar. Hələ ki, alınır...

Yerə sərilmiş göyərtilər isə çox təravətlidir. Çünki yuxarıdan yağış, aşağıdan asfaltın nəmi alıcılara təzə-tər göyərti almaq imkanı yaradıb. Alıcılar da bu durumdan məmnun görünürlər. Hər halda, asfaltın üstünə düzülmüş göyərtilər marketdə səliqə ilə düzülmüş göyərtilərdən çox fərqlidir. Bildiyimə görə, asfaltın tərkibində elə maddə var ki, yağış suyu ilə qarışıb göyərtiyə vuranda göyərtini "vitaminlərlə" zənginləşdirir.

Cəmi iki saat içində yaranmış zibil qalıqları isə buraya başqa gözəllik verir. Yerə səpələnmiş sellofanlar isə bir azdan paytaxt səmasını al-əlvan rənglərlə bəzəyəcək. Hər şey tam hazırdır. Bircə qalır küləyin əsməyi. Əgər əssə, dediyim mənzərəni mütləq görəcəyik. Amma təəəssüf ki, bu həftə əsmədi. Növbəti həftəni gözləyək...

Sonda yarmarkada satılan məhsulların bir qisminin qiymətini təqdim edirik. Almanın üç kilosu bir manatdır. Daha keyifiyyətli alma almaq istəyənlər isə hər kiloqram üçün 50 qəpik ödəməlidirlər. Qozun qiyməti 2,50 manatdan başlayır. Fındıq 4 manat, mandarin 80 qəpik-1 manat 20 qəpik arasında dəyişir. Göyərti 10 qəpikdir. Pomidor isə 1 manatdan 2 manata qədər qiymətə satılır. Xiyarın qiyməti daha insaflıdır- 60-80 qəpik. Lobya 2 manat, soğan 40 qəpikdir. Kartof 80 qəpiyə, narın ən ucuzu isə 1 manatdır. Daha yaxşı növ nar almaq üçün 2 manat xərcləmək lazımdır. Yumurtanın qiyməti 8-14 qəpik arasında dəyişir. Balıq isə təxminən 5 manatdır.

Publika.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.