Cəmiyyət

Azərbaycan polisindən həmyerlimizin Türkiyədəki hərəkətinə REAKSİYA

25 Noyabr 2014 15:13
0 Şərh     Baxış: 1 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda avtomobilini səhv park edən bakılı sürücü diqqət mərkəzinə necə gəldi?

Bakılı sürücü İstanbulda öz maşınını səhv park edərək diqqət çəkib. Sosial şəbəkələrdə və saytlarda bu barədə məlumat var. Məlumatda deyilir ki, 90 HN 888 dövlət nömrə nişanlı "BMW-X 6" markalı avtomobil İstanbulun Aksaray adlanan ərazisində dayanma-durma qaydalarını kobud şəkildə pozub. Sürücü avtomobili səkiyə çıxarıb və orada park edib. Fotonu göndərən oxucunun bildirdiyinə görə, Bakıdan gələn sürücünün bu hərəkəti ətrafdakı insanlar tərəfindən pis qarşılanıb və türklər "azəri sürücülər həmişə belədir", - deyə keçib gediblər. Fotoya diqqətlə baxdıqda məlum olur ki, səkidə bu maşından başqa heç kim park etməyib. Maşınlar yalnız yolun solunda dayanıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin də fikrini aldıq. K.Əliyev məsələnin tam aydınlaşmadığını bildirdi: "Hələ bilmək olmaz ki, maşının saxlandığı yerdə nişan var, ya yox? Çünki müəyyən nişanlar, lövhəciklər var ki, dayanma, durma üçün ayrılmış yerlərdə və park etmə yerlərində avtomobili hansı vəziyyətdə saxlamaqla bağlı göstəriş olur. Əgər bu hal Bakıda olsaydı, biz bilərdik ki, həmin ərazidə hansısa nişan var, yoxsa yox. Buna görə də sürücünün qayda pozuntusuna yol verib-vermədiyini aydınlaşdırardıq. Bu, Türkiyədə çəkilmiş şəkildir.

Biz ən azından şəkildə yol nişanını görmürük. Xarici ölkədə yol hərəkəti qaydasını pozduğuna görə Azərbaycanda onu məsuliyyətə cəlb edə bilmərik. Amma onu qeyd edim ki, əgər bu şəxs yol hərəkəti qaydasını, həqiqətən, pozubsa, bu, bizim üçün baş ucalığı gətirmir. Çünki dövlət qeydiyyat nişanında ən azından Azərbaycanın bayrağı var. İstəməzdik ki, bizim vətəndaşlarımız xarici dövlətlərdə, qardaş Türkiyədə yol hərəkəti qaydasını pozsun. Amma yenə də deyim ki, biz o məsələni dəqiq bilmirik ki, hansı formada qayda pozuntusuna yol verilib. Yəni nə küçəni bilirik, nə bilmirik ki, küçə bir tərəfli yoldur, yoxsa yox. Buna görə də nəsə fikir söyləməyə çətinlik çəkirəm".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.