Cəmiyyət

Hicran Hüseynova: "Əgər tarazlıq pozularsa..."

25 Noyabr 2014 12:13
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qadınlara qarşı məişət zorakılığı hallarının çox və ya az olmasından asılı olmayaraq, hər bir belə fakta qarşı cəmiyyətin bütün sağlam qüvvələri birləşməlidir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi" adlı konsfransda çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir: "Bu gün dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Biz ümid edirik ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı fonunda, əhalinin rifahının yaxşılaşdırılması, ailədəki milli-mənəvi dəyərlərin daha da sağlamlaşdırılması və bütün region üzrə aparılan aktiv təbliğat bu problemlərin uğurlu həllinə gətirib çıxaracaqdır".

Onun sözlərinə görə, zorakılığın qarşısının alınması ailə institutunun möhkəmliyi bütövlükdə dövlətin inkişafı deməkdir: "Bu baxımdan ailədə münasibətlər sisteminin düzgün olması da zəruridir. Ailədə münasibətlər normal olarsa, o zaman insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər. Əgər tarazlıq pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan (istər qadın, istər kişi, istərsə də uşaq olsun), cəmiyyətdə özünü təsdiq etmək üçün çətinliklərlə üzləşər. Məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi çox vacibdir".

H.Hüseynova qeyd edib ki, Azərbaycan qanunvericiliyi qadın hüquqları və gender bərabərliyi ilə bağlı dövlətimizin beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini əks etdirir: "Lakin qadınlarımızın öz hüquqlarını bilməməsi təcrübədə bir çox çətinliklər yaradır. Zorakılığın qarşısını almaq üçün əsas şərtlər qadın hüquqlarının müdafiəsi, qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılması, qadın və kişilər arasında real bərabərliyə nail olunmasıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.