Cəmiyyət

"Siz də nəqliyyatdan istifadə edirsiniz, amma marşrutdan yox, bahalı "inomarka"lardan..."

25 Noyabr 2014 09:57
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Kamil Həmidov müvafiq dövlət qurumlarının işlərinə səhlənkar yanaşmasından bezərək Facebook-dakı profilində yazı paylaşıb.
 

Milli.Az yazını təqdim edir:
 

""Azərenerji"dəki, "Sumqayıtelektrikşəbəkə"dəki, Abşeron İşıq İdarəsindəki "başbilənlər"!
 

Əgər sizdə azacıq da olsa, Allah xofu, Allah qorxusu varsa, damarlarınızdan İnsan qanı axırsa, qəlbinizdə zərrə qədər də olsa, Vicdan hissi qalıbsa, qışın-sazağın bu günündə insanları işıqsız, çıraqsız qoymayın, insanların, kasıb-kusubun əsəbləri ilə oynamayın, onların onsuz da gərilmiş əsəblərini bir daha gərməyin.
 

Yağışın yağması, küləyin əsməsi ilə yenə də Abşeronun Qobu, Hökməli kəndlərində zülmət yaşanmaqdadır. Srağagün axşamdan bu gün səhət tezdənə (evdən 7-yə 5 dəqiqə qalmış çıxmışam) kimi Qobuda və Hökməlidə zülmətdir, 1 sutka yarım ərzində 8-ci dəfədir işıq sönür və ya söndürülür, "Azərenerji"dəki tanışıma və Abşeron İşıq idarəsinin rəisinə zəng vurmaqdan, mesaj yazmaqdan barmaqlarım "mazol" olub, srağagün axşamdan bu yana ən azı 9-10 dəfə mesaj yazmışam, telefonumda kontur qalmayıb... Bilin ki, bir gün sizin də İşığınız, Çırağınız sönə, söndürülə bilər... Yaradanın qulları yox, özü tərəfindən!
 

"Azəravtoyolservis"dəki, Bakının, Abşeronun yollarının təmirinə, asfaltlaşdırılmasına cavabdeh olan "bəyzadələr"!

Bakı və Abşeronun kənd və qəsəbədaxili yollarının təmiri, yenidənqurulması, bərpası ilə bağlı son iki il ərzində cənab Prezident tərəfindən dəfələrlə sərəncam verilib, külli miqdarda vəsait ayrılıb... Amma Qobu və Hökməlinin qəsəbədaxili yolları hələ də it günündədir. Yalandan-palandan bu qəsəbələrin (adamın qəsəbə deməyə dili gəlmir) mərkəzi küçəsini yamamaqla işinizi bitmiş saydınız, amma qəsəbədaxili küçələrdə yerimək, addım atmaq belə, mümkün deyil, palçıq, zığ dizə çıxır, yenə də əlimizdə ayaqqabı ora-bura vurnuxuruq, köhnə, palçıqlı ayaqqqabını soyunub qoymağa yer axtarırıq, çunki onunla şəhərə - işə gəlmək sadəcə, özünə hörmətsizlikdir. Siz cənabların gözüdoymazlığı, yol üçün ayrılan pulları havaya sovurmağınız, cibişdana qoymağınız sayəsində... Sizin də bir gün yolunuz, bəndiniz-bərəniz bağlanar, yolunu bağladıqlarınız tərəfindən yox, Uca Tanrı tərəfindən!
 

Nəqliyyat Nazirliyindəki, Bakı Şəhər Nəqliyyat Departamentindəki "cənablar"!
 

Qobu və Hökməli ötən illər ərzində əhali artımına görə ən azı 3-4 dəfə böyüyüb, 7-8 minlik qəsəbələrdə indi 20 minə yaxın insan yaşayır, ancaq neçə illərdir bu qəsəbələrin hərəsinin cəmi bir marşrutu - (167 və 156) var, ona da marşrut demək mümkünsə. Hər gün yaşanan "ölüm tıxacları" bir yandan, 167-nin və 156-nın də əsəb gərən, insanı insanlıqdan edən "yolçuluğu" bir yandan. Hər gün səhər tezdən - 7-nin yarısından 10-nun yarısına və axşam 5-dən 9-dək bu marşruta minmək, qəsəbədən paytaxta - 20 Yanvara, 20 Yanvardan isə qəsəbəyə qayıtmaq üçün ölüm-dirim savaşı yaşanır, insanlar artıq abır-həyanı bir yana tullayaraq, bir-birinin belində, sallaşa-sallaşa, sürtüşə-sürtüşə gedib-gəlirlər...

Marşrutun bu soyuq havada, demək olar ki, qapıları bağlanmır... Bu marşrutlardan təkcə qobulular istifadə etsəydilər, dərd yarıydı... Hökməlidə, Güzdəkdə, Sulutəpədə yaşayanlar da bundan istifadə edirlər... İndi vəziyyəti özünüzü göz önünə gətirin...
 

Siz də nəqliyyatdan istifadə edirsiniz, amma marşrutdan yox, bahalı inomarkalardan. Cənablar! Həmin inomarkalar bir gün zülm verdiklərinizin ah-naləsi nəticəsində sizi rəhmətlik Nəsibə xanım - Cənnət qarı demişkən, çox uzaqlara apara bilər, bunu da unutmayın, bunu da bir kənara yazın!
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.