Cəmiyyət

Ölkədə vətəndaşların problemləri həll olunurmu?

23 Noyabr 2014 18:05
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yola saldığımız həftə ərzində də Nazir və Komitə sədrlərinin bölgələrdə vətəndaşlarla görüşü keçirildi. Vergilər naziri Fazil Məmmədov Kürdəmirdə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Astarada, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Salyanda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Tərtərdə vətəndaşlarla görüşdü. Vətəndaşların şikayət və təkliflərini səsləndirdi, dövləti təmsil edənlər isə onları dinlədi və qeydlərini götürdülər. Bəs, görəsən, artıq ənənə halını alan bu görüşlər nə qədər əhəmiyyətlidir? Vətəndaşların problemləri həll olunurmu? Ümumiyyətlə, bu görüşlər nəyi dəyişir?


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşü ənənə halını alıb. Nazirlər və komitə sədrləri ayrı-ayrı rayonlarda olur, vətəndaşların şikayət və təkliflərini dinləyirlər. Yəni indi istənilən vətəndaş onu narahat edən məsələ ilə bağlı ikinci, üçüncü və ya daha neçəncisə şəxsə deyil, birbaşa müvafiq qurumun birinci şəxsinə müraciət edə bilir. Bununla da vətəndaşla dövlət arasında birbaşa təmasın qurulmasına yaranan çətinlik azalır. Həm də əgər əvvəllər vətəndaşda "mən sözümü kimə deyim?" düşüncəsi var idisə, artıq bu aradan qalxır. Bundan başqa, əgər bir vaxtlar aşağı vəzifəli məmur vətəndaşa qarşı "get kimə istəyirsənsə ona da de" kəlməsini deyirdisə, indi vətəndaş cəsarətlə: "Sözümü birbaşa məni qəbul edəcək nazirə deyərəm" deyir. Buradan belə bir nəticəyə gəlmək olur ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşünün xeyri ilk növbədə sadə insanlaradır. Bu işin nazirlik və komitələr üçün də əhəmiyyəti az deyil. Çünki bu qurumların rəhbərləri vətəndaşları narahat edən məsələlərdən bir neçə mərhələdən sonra deyil, ilk mənbədən xəbərdar olurlar. Bu isə onun daha tez və dəqiq həllinə şərait yaradır.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, məsələyə bu aspektdən yanaşan millət vəkili Aydın Mirzəzadə də deyir ki, nazirlərin və komitə sədrlərinin bölgələrdə vətəndaşlarla görüşlər keçirməsi ilk növbədə hakimiyyətin xalqa, seçiciyə yaxın olmasının bir daha göstəricisidir.

Aydın Mirzəzadə, millət vəkili: "Bütün nazirlər və xidmət rəisləri bölgələrdə görüş keçirirlər, sualları cavablandırırlar. Bu problemləri vaxtında görməyə, ona reaksiya verməyə, ən əsası isə xalq üçün seçilən hakimiyyətin xalq üçün çalışmasını bir daha göstərməkdir. Birinci problemləri həll edir, ikincisi isə yerlərdən gələn səslər regionlarda fəaliyyəti daha düzgün qurmağa, iqtisadiyyatımızın və siyası proseslərin gələcək istiqamətlərini düzgün seçməyə kömək edir".


Aydın Mirzəzadə onu da vurğulayır ki, hakimiyyət vətəndaşa nə qədər yaxın olarsa, bu zaman problemlərin sayı da az olar. Bu gün prezident, nazir səviyyəsində görüşlər keçirilirsə, bu, artıq digər hakimiyyətin digər halqalarının da xalqla təmaslarının sıx qurulmasına rəvac verir. Bunun nəticəsində isə dövlətin və hakimiyyətin qayğısını hiss edən vətəndaş özü və yaşadığı bölgəsi haqqında daha dərindən düşünür.

Necə ki, bu yaxınlarda Ağdamda vətəndaşlarla görüşən və onlardan bölgədəki tarixi abidələrin turizm marşrutlarına salınmasına dair təklif alan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bunu regionun və yerli əhalinin inkişafı baxımından çox yüksək qiymətləndirdi.


Əbülfəs Qarayev, mədəniyyət və turizm naziri: "Bu cür mövzular ondan xəbər verir ki, yerli əhali çox ciddi öz gələcəyi haqqında düşünür. Bu ondan xəbər verir ki, keçmişi də qorumaqla, gələcəyə nikbinliklə baxmağa tam əsas tapırlar".


Bu qəbildən olan görüşlərdə iştirak edən vətəndaşlar da bu kimi tədbirlərin təşkilindən razılıqlarını bildirirlər. Şikayət və təkliflərinin nəzərə alındığını deyirlər. Bütün görüşlərin nəticələri ilə bağlı yayılan rəsmi məlumatların mətnləri isə təxminən belə olur: "Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub. Müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib". İlk baxışda bu, normal açıqlamadır. Lakin mütəxəssislər hesab edirlər ki, bu işin yekunu, məsələn, illik hesabatlar şəklində olsa, yaxud "nəzarətə götürülmüş digər müraciətlərin sonrakı taleyi barədə" də açıqlama verilsə, iş daha şəffaf olar və dövlətin qarşısına qoyduğu məqsədə çatdığını deyə bilərk . Çünki bu gün ola bilər ki, hər hansı bir vətəndaş nazir, yaxud komitə sədri deyil, onun müavini tərəfindən qəbul olunur. Həmin müavin isə vətəndaşın şikayətini və ya təklifini lazımınca dəyərləndirə bilmir. Bu isə son nəticədə vətəndaşı narazı sala bilər.Hazırda az da olsa, bu cür halların mövcudluğu da mümkündür. Lakin yaxşısı budur ki, belə hallara yol verənlər varsa, onlar da cəzasız qalmayacaqlar.

Aydın Mirzəzadə: "Mümkündür ki, bəzi problemləri həll etmək olmur. Yəni ya situasiya hələ yetişməyib və yaxud da ki, ona imkan yoxdur. Amma hər halda problemin mövcudluğundan xəbər tutulur və həmin problemin tək həmin insan üçün deyil, böyük bir qrup insanlar üçün həll edilməsinə nail oluna bilsin. Digər tərəfdən kimsə öz vəzifəsinə bürokratik yanaşacaqsa əlbəttə ki, onun özü haqqında müvafiq tədbir görüləcək".


Bütün hallarda heç bir vətəndaşın şikayət və təklifinə biganə münasibət bəslənə bilməz. Çünki vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilərək həll olunması məqsədini daşıyır. "Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm" deyən İlham Əliyevin bu sitatının mahiyyətində bir ölkə başçısı və Azərbaycan vətəndaşı kimi hər bir azərbaycanlının taleyini öz taleyi kimi qəbul edən lider iradəsi dayanır.

Elə güman etməyək ki, hər hansı bir problemi qabartmaqla, yaxud təklif irəli sürməklə nəyəsə mane oluruq. Əksinə, belə məsələləri müvafiq qurumların qarşısında qaldırmaq, onların həllinə nail olmaq vətənə, dövlətə ən böyük xidmətlərdən biridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.