Cəmiyyət

“Kəsilməli idi başımız, kəsildi sünnətimiz”

23 Noyabr 2014 16:55
0 Şərh     Baxış: 3 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslamda, bəlkə də, heç bir sahəyə elmə verilən qədər dəyər verilməyib.

Lakin əfsuslar olsun ki, müsəlman dünyası elmə ciddi yanaşmır. Bunun nəticəsində də müasir elmi nailiyyətlərdən kənar qalır. Bu boşluğu isə, təbii ki, radikallaşma, təriqətləşmə, dözümsüzlük doldurur. Hazırda dünyada hansısa bir elmi ixtiralarda müsəlman adı eşitdikdə, az qalırıq dünyanı dağıdıb deyək ki, İslam planeti fəth edir. Bəşəriyyətə Farabilər, İbn Sinalar, Xəyyamlar, Birunilər, Tusilər, Bəhmənyarlar bəxş edən İslam dünyası indi son 20-30 ildə terrorçu "qəhrəmanlarla" tarixə düşür. Səbəb isə yenə də birdir. Cəhalət, özündən razılıq, elmə ciddi yanaşmama. Halbuki İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: "Elm möminin itkisidir, müşriklərin əlində olsa belə, onu öyrənin".

Bəs indi?!! Bu hədisə nə dərəcədə riayət edirik? Ərəb ölkələri fəxrlə dünyaya şeyxlərinin maşınlarını, dəbdəbəli həyatlarını göstərəndə, avropalılar Tusinin 13-cü əsrdə astronomiya ilə bağlı verdiyi hesablamalardan istifadə edərək qalaktikaları fəth edir. Məmləkətimin möminləri "Aləmi-zərr" mövzusunda kəlmələri zərrə-zərrə incələmək zövqündə boğulan zaman Qərb dünyası maddələri zərrələrə bölür, texnologiyanı nanosistemə, nanotexnologiyaya, zərrə texnologiyasına keçirir. Şərq dünyası qəlyan tüstüsünün qoxusunda yeni "kəşflər" apararkən, Qərb dünyası tüstüsüz avtmobillər haqda düşünür. İslam təriqətləri əllərin namazda açıq, yoxsa bağlı olmasını təhlil edərkən, kafirlər bu əllərin necə kəsilməsi yollarını araşdırır.

Bəli, dərdimiz böyükdür. Amma ki, Cənnət adlı bir (özümüz də səmimi inanmadığımız) məkanla özümüzü "straxovka" edirik: "Eybi yox, o dünya ki bizimdir!" Yerin üstünü ağ günə qoymuşduq, qalmışdı bir altı.

Necə də dahi adammışsan, Allah sənə rəhmət etsin, Mirzə Ələkbər! Necə demişsən? "Kəsilməli idi başımız, kəsildi sünnətimiz!"

Belə qalmaz. Qələmə qiymət verməsək, Allah dövrümüzə əli qələmli yox, əli qılınclı bir Mirzə Ələkbər Sabir yetirəcək!

İslam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.