Cəmiyyət

Aşura gününün əməlləri

1 Noyabr 2014 12:17
3 Şərh     Baxış: 13 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 4-də Azərbaycanda Aşura qeyd olunacaq, əzadarlıq məclisləri, qanvermə aksiyaları keçiriləcək

Noyabrın 4-də Azərbaycanda Aşura mərasimi qeyd olunacaq. Aşura - Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi "onuncu gün" deməkdir. Hicri təqvimi ilə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci il) Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib.

Bu münasibətlə hər il dünya müsəlmanları, Əhli Beyt tərəfdarları Məhərrəm ayında, xüsusən də Aşura günü matəm mərasimi keçirir, Kərbəla şəhidlərini yad edirlər. Azərbaycanda da hər il olduğu kimi bu il Aşura mərasimi qeyd olunacaq. Son illərin müsbət ənənəsinə uyğun olaraq bu il də Aşura günü qanvermə aksiyası təşkil olunacaq. QMİ-dən verilən məlumata görə, noyabrın 4-də Aşura günündə bir sıra məscid və ziyarətgahlarda qanvermə aksiyası keçiriləcək. Aksiya keçiriləcək məkanlar aşağıdakılardır:

1.Yasamal rayonu "Təzə-pir" məscidi
2. Yasamal rayonu "Hacı Soltanəli" məscidi
3. Nəsimi rayonu Əjdərbəy məscidi
4. Səbayel rayonu "Bibi-Heybət" məscidi
5. Səbayel rayonu İçərişəhər cümə məscidi
6. Suraxanı rayonu Qaraçuxur məscidi
7. Xəzər rayonu "Mir Mövsüm ağa" məscidi
8. Nizami rayonu Keşlə qəsəbə məscidi
9. Sumqayıt şəhər "Cümə" məscidi
10. Gəncə şəhər "İmamzadə" məscidi
11. Mingəçevir şəhər "Heydər" məscidi
12. Şəki şəhər "Cümə" məscidi
13. Lənkəran şəhəri Böyükbazar məscidi
14. Bərdə şəhər "Cümə" məscidi

Qeyd edək ki, Aşura günü müsəlmanlar bir sıra əməlləri yerinə yetirirlər. Aşuraya keçən gecə oyaq qalıb əhya saxlamaq, çox namaz qılmaq, dua etmək, Kərbəla şəhidlərinin müsibətini yada salmaq, xüsusilə, həmin gecə Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin və qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarının bağışlanması üçün Allaha dua edirlər.
Dini kitablarda Aşura gecəsi qılınması tövsiyə olunan müstəhəb namazlar qeyd olunub. "Aşura gecəsinin müstəhəb namazını qılıram, qürbətən iləllah" niyyəti ilə 4 rikətlik namaz qılmaq, hər rükətdə Fatihədən sonra 50 dəfə İxlas surəsini oxumaq. Namazdan sonra isə 70 dəfə bu duanı demək: "Sübhanallahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim". Tərcüməsi: "Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan savayı tanrı yoxdur. Allah hər şeydən qüdrətlidir. Qüdrət və qüvvət yalnız uca və əzəmətli Allaha məxsusdur". Namazdan sonra Peyğəmbərə və nəslinə çoxlu salavat demək də tövsiyə edilib. Buna "Həzrət Əlinin namazı" deyirlər.

Aşura günündə İmam Hüseynin (ə) ziyarətnaməsini, "Aşura ziyarətnaməsi"ni oxumağın böyük savabı var. Həmin gün çoxlu dua, tövbə və istiğfar etmək tövsiyə olunub. Bu dua və ibadətlər müstəhəb, yəni bəyənilən əməllərdir.

Aşura günündə məscidlərdə, ziyarətgahlarda qurulan təziyə məclislərində iştirak etməyin savabı daha böyükdür. Bir şərtlə ki, həmin yerlərdə qurulan məclislər mövhumatdan və xurafatdan uzaq şəkildə, əsl İmam Hüseynə (ə) və Aşura şəhidlərinə layiq formada keçirilsin. Aşura gününün qeyd edilməsindən əsas məqsəd insanları ağlatmaq deyil, haqqa bağlılığın və məzlumlarla həmrəyliyin bir növüdür, zülmə qarşı etiraz formasıdır.

Aşura mərasimlərində iştirak edən insan İmam Hüseynin (ə) hansı məqsədlər uğrunda mübarizə apardığını öyrənməli, Onunla düşmənçilik edənləri tanımalıdır. Bu mərasimlərdə Kərbəla səhrasında baş vermiş rəngarəng hadisələrin təsvirini eşidir, şəhidlərin mübarizlik məktəbindən dərs alır. Aşura-Məhərrəmlik mərasimləri Kərbəlada şəhid olan İmam Hüseyn (ə) və tərəfdarları, eləcə də dünyada haqsızlığa uğrayaraq əziyyətlə öldürülən insanları anmaq məqsədi daşıyır. İmam Hüseynin (ə) şəhadəti və bütövlükdə Aşura olayları kiçik silahlı toqquşma deyil, haqq-batil qarşıdurması, ədalət naminə özünü və yaxınlarını qurban verə bilmək hadisəsidir. Mahiyyət etibarı ilə Aşura zalımlara qarşı dik dayanmaq, ən böyük ordunun qarşısında haqqı deyərək şəhid olmanın mükəmməl nümunəsidir. Kərbəla hadisəsi dünyada hakimlərin gəldi-gedər olduğu, dünyada əsas qalıcı olanın Allah razılığı və dürüstlük olduğunu göstərən əyani nümunədir.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.