Cəmiyyət

"Dini icmalar arasındakı insidentlər Gürcüstanın imicinə zərbədir"

30 Oktyabr 2014 17:25
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qonşu ölkədə yaşayan soydaşlarımız hesab edirlər ki, gərginlik süni şəkildə yaradılır

Bir neçə gün bundan öncə Gürcüstanın cənubundakı Adıgey rayonunda müsəlman icması ilə xristianlar arasında dini zəmində insident baş verib. Samtse-Cavahetiyanın əhalisinin sayına görə sayca ikinci rayonunda gərginliyi artıran bu hadisəyə səbəb yerli hakimiyyət orqanlarının Moxe kənd mərkəzində qəzalı vəziyyətdəki binanı kitabxanaya çevirmək qərarı olub. Kəndin müsəlman icması bu binanın onlara məxsus olduğunu iddia edib. Adıgeyin xristian icması isə yerli rəhbərliyin müdafiəsinə qalxıb. Yerli sakinlərlə toqquşma nəticəsində yaralananlar olub, 10 nəfər həbs edilib. Onlar xuliqanlıqda və polisə müqavimət göstərməkdə günahkar biliniblər.

Xatırladaq ki, Cənubdan Türkiyə, qərbdən Acarıstan Muxtar Respublikası ilə sərhəd olan Adıgey rayonundakı insident Gürcüstanda müsəlman icması ilə xristianlar arasında dini zəmində yaşanan ilk hadisə deyil. Buna qədər Adıgeyin Çela ərazisində hakimiyyət orqanlarının tələbi ilə məscidin minarəsi uçurdulub. Təxminən bir-iki ay bundan qabaq isə Acarıstanın Kobuleti kurort qəsəbəsində dini dərslərin keçildiyi mədrəsənin qapısına kəsilmiş donuz başı asılıb.

Sözügedən hadisələrlə bağlı "Kaspi"yə açıqlama verən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev Gürcüstanda müəyyən xarici və daxili qüvvələrin ölkədə dini, milli zəmində qarşıdurmanı qızışdırmaqda maraqlı olduğunu dilə gətirib. O, Moxe kəndindəki son insidentində bilərəkdən, yaxud da bilməyərəkdən bu məntiqə xidmət etdiyini söyləyib: "Çox dərin təəssüf hissi ilə qeyd edirəm ki, bu gün Moxedə belə bir insident baş verib. Yerli özünüidarəetmə orqanı Moxe kəndindəki keçmiş məscid binasının yenidən qurularaq mədəniyyət mərkəzinə çevrilməsi barədə qərar qəbul edib. Hətta bunun üçün tender də elan olunub. Tenderdə qalib olan şirkət orada işlərə başlayıb. Bu da kəndin yerli müsəlman icmasının narazılığına səbəb olub. Çünki həmin kənd əvvəllər Axıska türklərinin sıx yaşadığı ərazi olub. Müsəlmanların sıx yaşadığı bu kənddəki həmin bina da məscid kimi fəaliyyət göstərib. Moxe kəndinin müsəlman icması tələb edir ki, indi də həmin bina məscid kimi fəaliyyət göstərsin, insanlar orada dini ibadətlərini eləsinlər. Kəndin xristian icması isə iddia edir ki, məscid binası kimi tanınan yer əvvəllər kilsə olub. Osmanlı imperatorluğu dövründə həmin kilsə uçurularaq yerində məscid tikilib. Ona görə də xristian icması həmin binanın yenidən məscid kimi fəaliyyət göstərməsini düzgün saymır. Bax bu kimi səbəblər üzündən hazırda yerli xristian və müsəlman icması arasında qarşıdurma yaranıb. Əlbəttə ki, bu, xoşagələn mənzərə deyil. Gürcüstan iqtidarı da məhz bu səbəbdən təmkinli mövqe nümayiş etdirir. Baş nazirin göstərişi ilə xüsusi komissiya yaradılıb. Həmin komissiya mübahisəli binanın tarixi, əvvəllər nə olması, nə kimi fəaliyyət göstərməsi barədə araşdırmalara başlayıb. Araşdırmanın sonunda üzə çıxan həqiqətlərə uyğun olaraq ədalətli qərar qəbul olunacaq. Belə məsələlərdə tələsik qərar qəbul etmək çox pis fəsadlara yol aça bilər".

M.Dərziyev bir müddət öncə Çüla və Kobuleti ərazisində baş verən oxşar hadisələrə də münasibət bildirib. Deyib ki, hər iki hadisə də bir qrup adamın məsuliyyətsizliyindən, cahilliyindən irəli gəlib. Onun sözlərinə görə, dini zəmində ortaya çıxan istənilən insident Gürcüstanın imicinə zərbədir və heç bir rəsmi şəxs, eləcə də yerli camaat tərəfindən də bu əməllər təqdir olunmur. Deputat İslam dini etiqadına malik azərbaycanlılara qarşı da Gürcüstanda hər hansı basqı, təzyiq olmadığını bəyan edib: "Çela ərazisindəki məscidin minarəsinin uçurulmasından söhbət gedə bilməz. Burada baş verən hadisənin kökündə gömrük orqanında çalışan bəzi məmurların öz işinə məsuliyyətsiz yanaşması dayanırdı. Minarə hazır, qurulmuş konstruksiya şəklində Türkiyədən gətirilmiş və quraşdırılmışdı. Bəzi gömrük məmurlarının tələbi ilə məscidin minarəsi söküldü, guya müəyyən gömrük rüsumları ilə bağlı ekspertiza aparılmağa başlanıldı. Təbii ki, bu, düzgün deyildi və öz məntiqi nəticəsini də aldı. Bir müddət sonra məscidin minarəsi öz yerinə bərpa olundu. Amma kimsə bunu Gürcüstanın hazırkı iqtidarının ayağına yazmaq istəyir, dövlət siyasəti kimi qələmə vermək istəyirsə, bu, kökündən yanlış yanaşmadır. Kobuletidə mədrəsənin qapısına donuz başının asılmasına gəlincə, mənim parlamentdə Acarıstandan olan deputat həmkarlarım var. Onların heç biri bu hadisəni təqdir eləmir, ona haqq qazandırmır. Gürcüstan tarixən tolerant ölkə kimi ad qazanıb. Bu tolerantlığın tarixi min ilə yaxındır. Burada hələ gürcü çarı qurucu Davidin vaxtından qərar qəbul edilmişdi ki, müsəlman məhəllələrində donuz saxlanılmasın, müsəlmanlar hamama gedərkən başqa millətin nümayəndələri ora getməsinlər. Tarixdəki bu məqamlar Gürcüstandakı müsəlman icmasına, onun adət-ənənəsinə, dininə dövlət səviyyəsində hörmət göstərilməsinin nümayişidir. Ona görə də müasir dövrdə Gürcüstanın kurort şəhərlərindən birindəki mədrəsənin qapısına donuz başının asılması dövlətin siyasəti, marağı sayıla bilməz. Bunu edənlər bir qrup nadan, cahil insanlardır. Çox təəssüf ki, dini radikalizm, fanatizm, ekstremizm deyəndə, müsəlmanı, İslam dinini hədəfə alırlar. Amma Kobuletidə baş verən hadisədən görünür ki, xristian icmasında da belə təfəkkür sahibi olan insanlar yox deyil. Həmin cahil, ekstremist adamlardır ki, belə hərəkətlərə yol verməklə, ölkədə dini zəmində münaqişə yaratmaq, dövləti, dövlətçiliyi sarsıtmaq istəyirlər. Bu, bütövlükdə Gürcüstanın imicinə zərbədir və heç bir rəsmi şəxs, eləcə də yerli camaat tərəfindən də təqdir olunmur".

Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri hacı Ramin İgidov ölkəsinin qərbində İslam dininə etiqad göstərənlərin əsasən acar, yəni gürcü müsəlmanları olduğunu diqqətə çatdıraraq, yuxarıda adları çəkilən məntəqələrdə də məhz onların yaşadığını vurğulayıb. O, Acarıstanın müsəlmanlar yaşayan hər bir rayon və kəndində məscid olduğunu, yenilərinin tikintisi barədə də heç zaman sıxıntı yaşanmadığını söyləyib: "Hazırda onların sayı azəri müsəlmanlardan az olsa da məscidlərin sayı iki dəfə çoxdur. Orada 200-ə yaxın məscid və ibadət evi var. Adıgey rayonunda olan tarixi məscidlər isə əslində sonradan sürgün edilən Axıska türklərinə aiddir. Moxe kəndində baş verən hadisələrdən dolayı təəssüfləndiyimizi bildirərək qeyd etmək istəyirik ki, çox din və milliyyətə sahib olan dövlətimizdə heç bir zaman dini zəmində qarşıdurma olmayıb. Ancaq son zamanlar bəzi məntəqələrdə baş verən qarşıdurma şübhəsiz heç bir vətəndaş üçün arzu olunan hal deyil. Biz eyni ölkənin kimliyini daşıyan həmyerlilərimizi səbir, sülh və səmimiyyətə dəvət edir, ölkəmizin inkişafı və sabitliyi naminə ixtilafdan uzaq olmalarını rica edirik. Tolerant dövlətimizin bütün anlaşılmazlıqları ədalətli qərarlarla həll edəcəyinə ümid bəsləyirik".

Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin İdarə heyətinin sədri Fazil Həsənov isə hadisələrə münasibət bildirərkən, Gürcüstanın çoxmillətli dövlət olduğunu önə çəkib. Bildirib ki, Gürcüstanda müxtəlif konfessiya nümayəndələri yüz illərlə sülh və dostluq şəraitində yaşayıb. O, son vaxtlar dini zəmində baş verən insidentləri ötən əsrdən yığılıb-qalan və həll olunmayan problemlərin təzahürü kimi qiymətləndirib: "Cavaxeti bölgəsindəki insident yerli rəhbərliyin əhali, o cümlədən müxtəlif konfessiya nümayəndələri ilə daha həssas iş aparmamasından irəli gəlir. Bu da nəticə etibarilə ölkənin ictimai həyatına öz neqativ təsirini göstərir. Sözügedən hadisələrlə bağlı ölkənin Baş Nazirinin mövqeyi açıqlanıb, ixtişaşlar zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslər azadlığa buraxılıb. Bu tipli problemlərin həlli istiqamətində fəaliyyət göstərəcək işçi qrupu yaradılıb. Bizim düşüncəmizə görə, dövlətin səlahiyyətli orqanları, tarixi və dini abidələrlə bağlı müxtəlif qurumların, habelə dini icmaların rəhbərləri ilə birlikdə, yerli əhalinin iştirakı ilə gələcək əməkdaşlıq planı hazırlanmalı, uzun illərdir həllini tapmamış mübahisəli məsələlər mərhələli şəkildə öz həllini tapmalıdır. Gələcəkdə dinlərarası məsələlərdə daha dərin ziddiyyətlərə səbəb ola biləcək oxşar hadisələrin qarşısının alınması üçün, Gürcüstan qanunvericiliyində mövcud olan boşluq aradan qaldırılmalıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.