Cəmiyyət

Elm adamlarına MÜJDƏ: qanun nəhayət müzakirəyə çıxarılır

30 Oktyabr 2014 12:04
Baxış: 2 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elm siyasəti haqqında" qanun layihəsi Milli Məclisdə noyabrın 5-də müzakirəyə çıxarılacaq

Milli.Az xəbər verir ki, bu barədə modern.az saytına Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, deputat Şəmsəddin Hacıyev məlumat verib.

Deputat onu da qeyd edib ki, "Elm siyasəti haqqında" qanun layihəsi noyabrın 5-nə qədər Milli Elmlər Akademiyasında müzakirə olunacaq.

O bildirib ki, sözügedən qanun layihəsi noyabrın 5-də Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə olunacaq.

Uzun müddətdir gündəmdə olan "Elm siyasəti haqqında" qanun layihəsi bəzi mübahisəli müddəalarına görə Milli Məclisin gündəliyindən çıxarılmışdı.

Hələ 2009-cu ildə "Təhsil haqqında" Qanun qəbul olunduqdan sonra bu sənəddən irəli gələn digər sahə qanunlarının qəbul olunacağı gözlənilirdi. Bu siyahıda ilk növbədə "Elm siyasəti haqqında" qanun layihəsi də vardı.

Ötən müddət ərzində dəfələrlə bu sənədlə bağlı müzakirələr aparılıb. 5 ildir ki, hər sessiyanın başlanğıcında "Elm siyasəti haqqında" qanun layihəsinin müzakirəyə çıxarılacağı deyilsə də, sessiyanın sonunda qanunun müzakirə olunması gerçəkləşmirdi.

Artıq qanun layihəsi müzakirəyə çıxarılmağa hazırdır.

Elm sahəsində çalışanlar isə uzun müddətdir bu qanun layihəsinin nəhayət qəbul olunacağını səbirsizliklə gözləyirlər.

"Elm siyasəti haqqında" qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirir. Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq.

Bu sənəd elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Layihədə elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapır.

Qeyd edək ki, noyabrın 18, 19, 20-də Milli Məclis 2015-ci ilin dövlət büdcəsi zərfini müzakirə edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.