Cəmiyyət

Məşhur tələbə yoldaşım: "Əslində Mübariz çox utancaq adamdır..." - FOTO

25 Oktyabr 2014 13:17
0 Şərh     Baxış: 1 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənim telefonumda Mübarizin adı "Qulp" gedir..."

Milli.Az xəbər verir ki, modern.az saytının "Məşhur tələbə yoldaşım" rubrikasının budəfəki qonaqları ATV telekanalının əməkdaşı Lalə Cəfərova və "Mediaforum.az" saytının baş redaktor müavini Hikmət Sabiroğludur.

Onlar tələbə yoldaşları, jurnalist, uzun müddət efirdə yayımlanan məşhur "Qulp" verilişinin müəllif və aparıcısı, hazırda isə "Xəzər" TV-də yayımlanan "Rezonans" verilişinin layihə rəhbəri Mübariz Əsgərov barədə danışırlar:

"Bizimki tələbəlik olmadı..."

"1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunduq. Bu fakültəyə o zamanlar yalnız iş stajı olanlar qəbul edilirdi. Amma 86-dan başlayaraq məktəbi bitirən abituriyentləri də imtahana buraxdılar. Çox maraqlı qrupumuz vardı - stajı olanlarla məktəbi yenicə bitirmişlər bir auditoriyada... Əlbəttə ki, oğlanlar bir-biriləri ilə daha mehriban idilər. Onlar elə indi də tez-tez görüşürlər.

Bizim tələbəliyimiz çox yaddaqalan oldu; ona görə yox ki, mahnılardakı kimi romantik illər yaşadıq... Yox. Əslində bizim yaşadığımız - inqilabi romantika idi. Təsəvvür edin ki, biz universitetə daxil olan il sovet dövrünün məşhur "Elmi kommunizm", "Siyasi iqtisad", "Sovet jurnalistikası " və bu kimi "sütun" fənləri birdən-birə mənasız oldu. Milli azadlıq hərəkatı başlandı ki, bu hərəkatın ön cərgələrində Nəcəf Nəcəfov kimi məşhur jurnalistlər, ziyalılar vardı. Meydan - auditoriyamıza çevrildi. Və bizim nəsil artıq kitablardan yox, göz qabağında olan insanlardan dərs almalı oldu. Düzü, o burulğanda doğru yolu və həqiqi müəllimləri seçmək çox çətin idi. Bizim qrupun tələbələrinin əksəriyyəti jurnalistikada qaldı: Rövşən Əliyev uzun müddət "Azadlıq radiosu", Sevinc Osmanqızı BBC ilə uzun müddət əməkdaşlıq etdi, Hikmət Sabiroğlu "Mediaforum.az" saytında indi də informasiya ilə məşğuldur, Aynur İmamverdiyeva, Təranə Mahmudova hazırda fakültəmizdə çalışırlar, Yusif Rzayev "525-ci qəzet" də, mən telekanaldayam...

Bu gün tam əminliklə deyə bilərəm ki, Mübariz Əsgərov həyatda və peşəsində ən düzgün yolu tapanlardan oldu. Dostumuz ANS kanalında əla müəllif proqramına başladı və bu layihəsini dövran dəyişəndən sonra belə, ayaqda saxlamağı bacardı...".

""Qulp" Mübarizin tam özü idi"

""Qulp" proqramı Mübarizin tam özü idi. Məsələn, Mübariz çox az danışan, amma sözü yerində işlədən, sərrast deyən adamdır. Onun gözəl müşahidə qabiliyyəti və çox incə yumor hissi var. Elə tələbəlikdə də çox vaxt köhnə fikirli müəllimlərin dediyinə bir "qulp" qoyurdu. Bir də görürdün əndrəbadi sual verib, aləmi bir-birinə qatırdı... Sonra kənara çəkilib baş verənləri müşahidə edir, bığının altında gizlincə gülümsəyirdi.

Mübariz öz müəllif proqramı üçün ən düzgün intonasiyanı seçdi; baş verənlərə, o dövrün hadisələrinin qəhrəmanlarına, ən əsası isə özünə ironiya ilə yanaşdı. Onun qonaqları Baba Pünhan, Mirteymur, Eldar Mikayılzadə kimi görkəmli simalar, həm də baməzə adamlar, dövrün yetişdirdiyi yumoristik tipajlar, canlı karikaturaya bənzər personajlar idi. Maraqlıdır ki, onlar Mübarizin proqramında bir yerdə əyləşəndə Azərbaycanın bütün mənzərəsi tam dolğunluğu ilə canlanırdı. Bax jurnalist buna deyərəm: özü fəal müdaxilə etmədən mövzunu və söhbətləri idarə edə bilsin!..

Heç bilirsizmi, əslində Mübariz çox utancaq adamdır. Bir dəfə dedi ki, "mən o qədər utancağam, heç kameraya danışa bilmirəm". Deyirdim, "necə, bəs axı sənin verilişlərdə o qədər standapların var?!" Mübarizin cavabı: (bilmirəm, zarafat edirdi, ya ciddiydi) "operatora deyirəm, kameranı qur, sən bayıra çıx. Ancaq kamerayla təkbətək, ikimiz olanda o standaplarımı söyləyirəm, sonra operatoru təzədən çağırıram"...

"Qulp"a yüksək dairələrdə baxırdılar. Mübariz öz layihəsi ilə çox populyar idi. Rayonlarda da, Bakıdan xeyli uzaqlarda da onu sevirdilər. Çünki Mübarizin dili köhnə maarifçilərin dili kimi şirin, ironiyası onlar qədər kəskin idi. Heyf ki, "Qulp" indi yoxdur. Jurnalistika belədir də... necə deyərlər, hər aşiqin öz dövranı var...

İndi bir dövrə gəlib çatmışıq ki, əsl, peşəkar anlamda jurnalistikaya tələbat azalıb. Jurnalistika ancaq informasiya verməkdən ibarətdir. Amma bizim dövrümüzdə yalnız öz mövqeyi, öz şəxsiyyəti olan jurnalistlərə dəyər verilirdi... Əslində cəmiyyətdə baş verənlərin bir müəllifi var: zaman. Bir də görərsiz, yenidən elə bir zaman gələcək ki, jurnalistlərdən yenə şücaət göstərmək tələb olunacaq və onda bilinəcək ki, kim qarşıdadır, kim arxada qaldı, kim gizləndi, kim qaçdı...

Mübarizin maraqlı bir məsləhəti qalıb yadımda, sizə də deyim, bəlkə, gərək oldu. Bir dəfə qanıqara oturmuşdum, sual verənləri də acılayırdım. Mübariz gəlib yanımda oturdu, başqaları kimi "nə olub sənə?" soruşmadı. Dərindən ah çəkib: "bilirsən, mən sənin kimi hirslənəndə neynirəm?" - dedi, - "bir xalq mahnısı var a, "ağ gül, qırmızı gül, bir də sarı gül...", bax, onu öz-özümə zümzümə edirəm, kefim açılır...". Bunu deyib Mübariz həmin mahnını sakitcə zümzümə elədi. Təbii ki, güldürə bildi məni... O vaxtdan bəri hər əsəbləşəndə Mübarizin məsləhətinə əməl edirəm, onun mahnısını oxumağa başlayıram, "ağ gül, qırmızı gül, bir də sarı gül" deyən kimi fikrim dağılır... Yəni məsləhətdir, siz də yoxlaya bilərsiz, doğrudan kömək eləyir...".

Hikmət Sabiroğlu: "Mübariz Əsgərov ciddi, qaradinməz adam sayıla bilər"

"Mübarizlə 1986-1989-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir qrupda oxumuşuq, sonra o, təhsilini Moskvada davam etdirdi. Hər vaxt yaxşı münasibətimiz olub, indi də var, az-az görüşsək də, hərdən hal-əhval tuturuq.

Onu çoxları məşhur verilişinin adı ilə "Qulp" Mübariz kimi tanıyırlar, amma Mübariz heç də hər şeyə qulp qoyan, sözbaz adam deyil, belə şeyləri xoşlamaz. Əslində Mübariz Əsgərov böyük ölçüdə ciddi, qaradinməz adam sayıla bilər, amma "Qulp"dakı fəaliyyəti onun canındakı güclü yumordan da xəbər verir. Özünü "Azərbaycanın kiçik kurort şəhərlərindən olan Ucar şəhərində anadan olmuşam" kimi təqdim edir Mübariz. Bu yumor onda tələbəlik zamanı da vardı.

Mübarizin xətrini çox istəyirəm və bu istək qarşılıqlıdır.

Çoxdan mənə bir qonaqlıq borcludur, amma onun vaxtı olanda mənim, mənim vaxtım olanda onun vaxtı olmur. Gərək vaxt eləyək.

Lap yadımdan çıxmışdı: mənim telefonumda Mübarizin adı "Qulp" gedir..."

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.