Cəmiyyət

Fransız professor Mirzə Şəfini niyə axtarırdı?

25 Oktyabr 2014 21:58
0 Şərh     Baxış: 1 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kult.az-a istinadən Dilqəm Əhmədin yazısını təqdim edir. 

Bu yaxınlarda kolleksiyam üçün 1898-ci ildə çap olunmuş bir açıqca aldım. Qahirə şəhərinin təsviri olan açıqcanın sağ küncündə aşağıda alman dilində müəyyən yazılar yazılmışdı, altına isə "Mirza Schaffy" qeyd olunmuşdu. 

Tarixdə başqa bir "Mirzə Şəfi" adlı imza tanımadığıma görə, bu, o dönəmdə Avropada şöhrəti ilə məşhur olan, nəğmələrinə musiqi bəstələnən Azərbaycan şairi Mirzə Şəfidən başqası deyildi.

Təsəvvür edin, Avropada tanınmış biri olasan, nəğmələrinin toplandığı kitablar böyük tirajla çap olunsun, amma kimliyin müəmmalı olaraq qalsın.

Halbuki o, yanına gələn alman tələbə Fridrixə özünü belə tanıtmışdı: "Mən, Mirzə Şəfi, Şərqin tanınmış alimlərindənəm. Deməli, sən məndən sonra ikinci müdrik adam olmalısan".

Şəfi kim idi?

Şəfi 1794-cü ildə Gəncədə xanlığın saray memarı olan bənna Kərbəlayi Sadıqın ailəsində doğulub. Atasını erkən yaşlarında itirib. Usta Sadıq böyük oğlu Əbdüləliyə öz sənətini öyrətsə də, Şəfinin oxumağa həvəsinin olduğunu görüb ruhani kimi yetişməsini istəmişdi. Dönəmin şərtlərinə uyğun olaraq Şəfi ilk təhsilini Gəncə mədrəsəsində alır. Burada şəriət, fars, ərəb dilləri, hüsnxətt fənlərini öyrənir. Buranı bitirdikdən sonra Şəfinin ruhani olacağı gözlənilirdi. Lakin dönəmin sosial-iqtisadi hadisələri, həmçinin panteist-alim Hacı Abdulladan (əsas işi tacirlik olan Hacı Abdulla uzun müddət Bağdad və Təbrizdə yaşadıqdan sonra 1824-cü ildə Gəncəyə qayıtmışdı) dərs alması onun dünyagörüşünü dəyişir.

Bu barədə XIX əsrin 50-ci illərində Tiflisdə yaşamış Adolf Berje yazır: "O zaman hələ mədrəsə tələbəsi olan gənc Şəfi öz həmyerliləri-mollalara çox laqeyd münasibət bəsləyirdi və bütünlüklə Abdullanın təliminə maraq göstərirdi. Hacı Abdulla öz tərəfindən ona himayədarlıq edir, onun maarifə olan həvəsini dəstəkləyirdi və eyni zamanda gələcəkdə tərbiyəsini davam etdirmək üçün, onu lazımi vasitələrlə təchiz edirdi. Mollalar gənc Mirzə Şəfinin düşüncə tərzindəki bu dönüşü gördükdə, onunla gələcək məşğələlərdən imtina etdilər və beləliklə o, mədrəsəni tərk etməyə və öz gələcək taleyini qurmaq haqqında düşünməyə məcbur edilir".

Mədrəsədən ayrıldıqdan sonra Şəfi Hacı Abdullanın təklifi ilə Cavad xanın qızı Püstə xanımın yanında mirzəlik etməyə başlayır və Mirzə ünvanını qazanır. Lakin 1826-cı ildə Rusiya-İran müharibəsinin başlaması nəticəsində Püstə xanım İrana getməli olur, Hacı Abdulla da vəfat etdiyinə görə, Şəfi buradakı işini itirir. Lakin o, peşəkar kalliqraf olduğundan mədrəsədə kağız və kitabələrin üzünü köçürməklə, fərdi dərslər verməklə məşğul olmağa başlayır.

1840-ci ildə Şəfi Tiflisə köçür, Axundzadənin köməyi ilə Tiflis qəza məktəbinə onun yerinə (səhhətində problemlər olduğuna görə) türk, ərəb və fars dilləri müəllimi vəzifəsinə təyin olunur. Dörd il sonra Şəfinin yanına Almaniyadan bir insan gəlir və şərqi, türk dilini öyrənmək istəyir. Bu şəxs Qafqaz canişini general Neytqardtın təklifi ilə Tiflisə gələn, Almaniyanın Hannover şəhərində doğulan şair Fridrix Bodenştedt idi.

Bodenştedt xatirələrində yazır: "Tiflisə gələndə məni hər şeydən əvvəl müəllim tutmaq məsələsi düşündürürdü ki, tatar dilini öyrənim. Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edirdi. Xoşbəxtlikdən, arayıb-axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat, alim, gəncəli Mirzə Şəfi oldu".

Alman tələbə vətəninə qayıtdıqdan sonra 1850-ci ildə "Şərqdə min bir gün" adı ilə xatirələrini çap edir. Həmin kitabda Mirzə Şəfinin şeirlərindən bir neçəsini yayımlayır. 1851-ci ildə isə Bodenştedt "Mirzə Şəfinin nəğmələri"ni çap etdirir, geniş səs gətirən bu şeirlər Fridrixin başının gicəlləndirir və o, şeirlərin müəllifinin özü olduğunu yazır, lakin tarix onun bu əməlini bağışlamır, şeirlər öz həqiqi sahibinin imzasına qovuşur.

"Nəğmələr" Avropada dəfələrlə çap olunur, fransız, ingilis, italyan, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərinə tərcümə edilir. Təkcə Almaniyada 1922-ci ilə qədər 169 dəfə çap olunur.

Amma buna baxmayaraq onun kimliyi hələ də müəmmalı idi. 

Maklerin Sundukyana məktubu

Bu yaxınlarda tədqiqatçı dostlarımızın əldə etdiyi "Sovet Ermənistanı" qəzetinin nüsxələrinin birində Mirzə Şəfi ilə bağlı bir yazını aşkarladıq. Professor Sadıq Şükürov (yazıda filologiya elmləri namizədi) yazısında maraqlı iki məktubdan bəhs edir. Bu cür maraqlı məlumatın itməməsi üçün müəllifin verdiyi həmin bilgiləri yenidən gündəmə gətirmək istədik.

Belə ki, Avropada geniş şöhrət sahibi olan bu insanın kimliyini aydınlaşdırmaq üçün fransız F.Makler 1912-ci ilin fevral ayının 15-də erməni dostu Q.Sundukyana belə bir məktub göndərir:

"Mənim əziz və hörmətli ustadım. İcazə verin, Sizdən ədəbi mahiyyətdə olan bir məlumat xahiş edim. Şübhəsiz, Siz almaniyalı F.Bodenştedt və onun "Mirzə Şəfinin nəğmələri" adlandırdığı poemalar haqqında eşitmisiniz. 1840-1850-ci illərdə Tiflisdə Mirzə Şəfi adlı bir şair həqiqətən olmuşdurmu? Əgər olmuşsa, Siz şəxsən onu tanıyırsınızmı? Yaxud onun haqqında eşitmisinizmi? Bizim burada onun haqqında çox az məlumatımız var. Ondan bəhs edən müəlliflərdən bəziləri deyirlər ki, Bodenştedt Mirzə Şəfinin şeirlərini tərcümə edib. Bəziləri isə bildirirlər ki, bu şeirlərin hamısını Bodenştedtin özü yazıb. Mirzə Şəfi adı isə tamamilə xəyaldır. Mən çox tərəddüd içərisindəyəm, bu qaranlıq məsələnin işıqlandırılması üçün Sizin böyük xeyirxahlığınızdan bir az kömək gözləyirəm. Əziz və hörmətli ustad, mənim səmimi hörmət və hərarətli təşəkkürümü lütfən qəbul edin".

Q.Sundukyan isə öz növbəsində Firudin bəy Köçərliyə məktub yazaraq ondan yardım istəyir.

Bu barədə F.Köçərli "Tiflisski listok" qəzetinin 1912-ci ildə çıxan 29 mart tarixli 72-ci nömrəsində "Redaksiyaya məktub" rubrikası altında gedən bir məqalədə qeyd edir:

"Martın 10-da mərhum Q.Sundukyandan aşağıdakı məzmunda məktub aldım: Hörmətli cənab Firudin bəy. İcazə verin, Sizi bir iş üçün narahat edim. Əziyyət olsa da, mənə bildirin görüm, Sizə Mirzə Şəfi adlı şair məlumdurmu? Onun çap olunmuş şeirlər kitabı varmı? Əgər varsa, həmin kitabı haradan əldə etmək olar? Bu məlumatı parisli professor bilmək istəyir. Çalışıram onun xahişini yerinə yetirim və bu sahədə Sizə borclu olaram".

Q.Sundukyanın bu xahişi F.Köçərlini Mirzə Şəfini tədqiq etməyə həvəsləndirir və bu barədə onun özü belə yazır: "Bu məktubdan sonra mən dərhal Şərqin filosof şairi Mirzə Şəfinin şeirlərini toplamağa başladım. Mən fikirləşirdim ki, toplanılmış materialları şəxsən Q.Sundukyanın özünə təqdim edim və bu yolla onunla tanış olum. Lakin insafsız ölüm məni onunla görüşmək səadətindən məhrum etdi".

Beləliklə, aydın olur ki, Sundukyan vəfat etdiyinə görə, parisli professora cavab yaza bilməyib. Bəlkə də, Avropada bu gün Mirzə Şəfi müəmması hələ də davam edir.

Baxmayaraq ki, Tiflisin Botanika bağında o, əbədi səadət içində uyuyur...

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.