Cəmiyyət

Uzaq səfərə hazırlaşanlara gözəl nümunə

24 Oktyabr 2014 15:01
Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

İnsanın öz gündəlik həyatında, yaşayışında ən çox unutduğu məsələlərdən biri - bu dünyaya müvəqqəti gəlməsidir. İnsan unudur ki, bu dünyaya müvəqqəti gəlib və bu gəlişinin də səbəbi əslində imtahanlardır. Bir gün çatacaq ki, insanın bu dünyadan köçmək anı gələcək.

Yol tədarükünü görmək zamanı

İstər əqli baxımından, istər nəqli baxımından, istər ağıla, məntiqə görə, istər Qurani-Kərim məntiqinə, Peyğəmbər (s) və onun pak Əhli-Beytinin (ə) mübarək məktəbinə görə, insan bir gün bu dünyanı tərk edəcək. Ən mühüm məsələ budur ki, həyatımızda bir hər hansı səfərimiz üçün, hər hansı kiçik yolumuz üçün çox ciddi hazırlıq görürük. Tutaq ki, bir mömin müqəddəs yerlərin ziyarətinə getmək istəyir. Görürük ki, insan başlayır hazırlıq görməyə. İlk öncə bu yolun uzunluğunu öyrənir, daha sonra səfərdə havanın necə olacağını öyrənir, gedəcəyi nəqliyyatı dəqiqləşdirir, qalacağı yeri müəyyənləşdirir və s. Bütün bunları müəyyən etdikdən sonra insan bunlara uyğun tədarük görməyə başlayır. Səfərə çıxanın hazırlığı, azuqəsi olmalıdır. Bütün məntiq, əqli və nəqli dəlillər bunu təsdiq edir. Yola çıxan insan gərək yola, səfərə uyğun olaraq öz tədarükünü görsün. Hər bir insan bunu birmənalı qəbul edir.

İnsanın yekun səfəri - axirət səfəridir

Qarşıda hamımızı böyük bir səfər gözləyir. Bunu da hər bir kəs təsdiqləyir. Hər cür təfəkkürlü, hər bir düşüncəli insan bunu təsdiq edir ki, bu dünyada əbədi qalan deyil. İndi belə sual ortalığa çıxır. İnsan özünün kiçik və mahiyyətcə çox xırda olan səfərlərinə bu qədər hazırlıq görürsə, bu böyük səfərə necə hazırlaşsın?

Cənab Əbazər (r.ə) bir vaxt Məkkəyə müşərrəf olanda, Kəbənin yanında dayanır. Əbazəri (r.ə) artıq hamı tanıyırdı. Əbazər (r.ə) Məsum İmamlardan sonra (ə) ismətin ən yüksək dərəcələrinə gəlib çatan İlahi bəndələrdəndir. Əbazər (r.ə) nida edərək dünyanın dörd bir yanından gələn hacılara müraciət edərək bildirirdi: "Mənəm Cündəb ibn Cunadə əl-Ğəffari. Mənəm sizin xeyrinizi istəyən, sizə ürəyi yanan. Mənim yanıma gəlin...". Əbazər (r.ə) hacılara bəzi sözlər demək istəyir. İlk öncə özünü onlara tanıtdırır. Tanıtdırır ki, insanlar onun əziz İslam Peyğəmbərinin (s) ən yaxın səhabəsi olmasını xatırlasın. Əbazər onlara ürəyinin yandığını bildirir. Camaat Əbazərin (r.ə) ətrafına toplaşır. Əbazər (r.ə) onlara buyurur: "Ey camaat, sizlərdən hər biriniz yola çıxmaq qərarına gəldikdə yol üçün lazım olan həddə azuqə tədarük görər və başqa çarəsi də yoxdur".

Əbazər (r.ə) Həcc ziyarəti üçün dünyanın müxtəlif yerlərindən gəlmiş insanlara hamısının qəbul etdiyi bir həqiqəti xatırladır. Bundan sonra Əbazər (r.ə) öz fikrinin məğzini onlara çatdıraraq buyurur: "İndi ki, belədir, axirət səfəri azuqə tədarükü görülməyə daha layiqdir...".

Yəni Əbazər (r.ə) onlara çatdırır ki, indi ki, adi bir yola çıxmaq üçün tədarük görürük, bu halda ki, hamımızı qarşıdan böyük bir səfər gözləyir, müqayisə edəndə böyük səfər üçün daha çox azuqə toplamalıyıq. Bu səfər ilə heç bir səfərin, heç bir yolun bənzədilməsi qətiyyən ola bilməz. Əgər yola çıxan zaman azuqə toplamaq bir qaydadırsa, həqiqi hazırlaşılası səfər - axirət səfəridir. Ardında Əbazər (r.ə) axirət səfəri üçün xüsusi hazırlaşılmasının səbəbini göstərir: "İnsanın yekun səfəri - axirət səfəridir".

İnsanın yekun, həlledici səfəri məhz axirət səfəridir. Bundan sonra artıq başqa səfərlər olmayacaq ki, öncəki səfərdə buraxdığın səhvləri düzəldə biləsən. Hər baxımdan bu səfərə xüsusi önəm vermək lazımdır.

Əcəl yetişəndə artıq çox gec olacaq

İmam Həsən (ə) səhabələrindən birinə belə moizə edərək, buyurur: "Axirət səfərinə hazır ol. Səfərinin azuqəsini əcəlinin yetişməsindən öncə tədarük gör". İnsan diqqət etsə və xüsusi nəzər salsa, bu mübarək buyuruşda çox önəmli bir xəbərdarlığın olduğunu görər. İmam (ə) bizi xəbərdar edir. Xəbərdar edir ki, səfərimizə tədarük görmək üçün köç zamanını gözləməyək. Əgər köç zamanını gözləsək, bir də görəcəyik ki, artıq getmək vaxtı yetişib və bizim əlimizdə isə heç bir şey yoxdur. Çünki, insan köç zamanının nə zaman yetişəcəyini bilə bilməz. Belə olan təqdirdə onun hazırlığı da olmayacaq. Bu, nə səfərdir ki, İmam Həsən (ə) bizə əcəl yetişməmişdən qabaq, ona hazır olmağı tövsiyə edir? Sanki xəbərdarlıq edirlər ki, bu, adi səfər deyil. Bu səfər, adi səfərlərdən qat-qat fərqli səfərdir. Belə isə, adi səfərlər üçün hazırlıq görürüksə, bu səfər üçün xüsusi hazırlıq görmək lazımdır. Bu səfərdə çoxlu çətinliklər, çoxlu təhlükələr var. İstəyirlər ki, bu sualı özümüzə verək - "bu səfərə nə qədər hazırıq?".

Həyatını axirət səfəri üçün hazırlığa həsr edənlər

Axirət səfərinə hazırlaşmaq istəyən insan, gərək bu səfərə layiqli hazırlıq görən nümunələrdən dərs götürsün. Təsəvvür edək ki, bir nəfər səfərə çıxır və bu yol üçün lazım olan azuqəyə bələd deyil. Bunun üçün nə etməlidir? Bunun üçün gərək həmin şəxs bu yolu rahatlıqla getmiş, lazımi azuqələri toplamış şəxslərdən yola tədarük ediləsi məsələləri öyrənsin. İslamın tarixində həyatını axirət səfəri üçün hazırlığa həsr etmiş bir sıra şəxslər olub. Onların zirvəsində dayanan şəxsiyyətlərdən biri - İmam Hüseyndir (ə). İmam Hüseynin (ə) bütün hazırlığı, bütün işləri, bütün tədarükləri, bütün mübarizəsi, çalışmalarının bütün cəmi tək bir məqsədə xidmət edirdi. İmam Hüseynin (ə) tək məqsədi - axirət tədarükü görmək idi.

İmam Hüseyn (ə) tarixi gələcək sərsəmləmələrdən qorudu

İmam Hüseynin (ə) axirət tədarükünü dərk etmək üçün, onun Kərbəlasına nəzər salmaq zəruridir. Məhərrəm ayında İmam Hüseynin (ə) şəhadət karvanı Kərbəla adlanan göz yaşı və qan damlalarını yaşadan bir məkana gəlir. Bir məkandır ki, artıq sonradan cənab Hürr (r.ə) kimi tövbəkarlıq nümunəsi olan bir insanın sonuncu günahları burada başlayır. Əba Əbdillahı (ə) və şəhadət karvanını Kərbəla çölünə gəlməyə məcbur edirlər. Orada İmam (ə) dəfələrlə başqa yerə getmək üçün onlara imkan verilməsini istəyir. İmam (ə) istəyir ki, insanlar sonra deməsinlər ki, o, özü özünü ölümə apardı.

Məhərrəm ayının 7-si qurtarır, 8-i başlayır. Ömər Səd (lən) dörd min nəfərlik qoşunla Kərbəlaya daxil olur. Məhərrəmin 7-si hələ qoşun daxil olmayıb. Hələ elə bir vəziyyətdir ki, Zuheyr (r.ə) gəlir İmam Hüseynə (ə) deyir: "Ya Əba Əbdillah, icazə ver, döyüşə başlayaq". İmam Hüseyn (ə) deyir: "Biz döyüşə birinci başlamayacağıq". Tarixə düşməməliydi ki, İmam Hüseyn (ə) zorakılıq etdi. İmam Hüseynin (ə) şücaəti ilə yanaşı, tədbirliliyi də o qədər güclü idi ki, o, tarixi gələcək sərsəmləmələrdən qorumağa çalışırdı.

"Ölüm, sənə afərin olsun"

Bəli, məhərrəm ayının 8-də Ömər Səd (lən) dörd minlik qoşunla Kərbəlaya daxil olur. Hürr Ömər Sədin (lən) rəhbərliyi altına keçir. Bu, onu göstərir ki, Ömər Sədin (lən) başında duran İbni Ziyad (lən) və Yezid (lən) yaxşı başa düşürdülər ki, onların etmək istədikləri cinayətləri əgər Hürrün öhdəsinə buraxsalar, ola bilər ki, Hürr buna imkan verməsin. Ona görə də artıq Məhərrəmin 8-dən Hürr öz sərbəstliyini itirir. Məhərrəmin 8-i elə bir gündür ki, İmam Hüseynin (ə) tarixə düşəcək bir cümləsi meydana gəlir. İmam Hüseyn (ə) deyir: "Ölüm, sənə afərin olsun. Mərhəba olsun ölümə!". İmam Hüseyn (ə) ölümü salamlayır. Çünki, Əba Əbdillah (ə) artıq axirət azuqəsini kifayət qədər toplamışdı və artıq bu səfərə tam hazır idi.

Nə baş verir ki, Zəhra (s.ə) balası hicrətin birinci yüzilliyində ölümə "mərhəba" deyir? Bu, nə vəziyyətdir? Bu cümlə nədən meydana çıxır? Həmin gün Yezidin (lən) qoşunu İmama (ə) deyir: "Gərək Yezidə (lən) beyət edəsən". İmam Hüseyn (ə) birmənalı şəkildə bəyan edir: "Mən Yezidə (lən) beyət etməyəcəyəm". İmam (ə) dəfələrlə dediyi cümləni bir daha burada son olaraq bəyan edir. İmam (ə) onların təslim olmasının mümkün olmadığını bəyan edir.

Şəhadət karvanının son imtahanları başlayır

Hər kəs bilir İmam Hüseyn (ə) kimdir. Bütün qoşun başçıları İmam Hüseyni (ə) çox yaxşı tanıyır və onun haqqında Peyğəmbərin (s) söylədiyi cümlələrdən xəbərdardırlar. İmam Hüseyn (ə) qarşısında duran Ömər Səd (lən) qoşununa üz tutaraq deyir: "Sonuncu zərbə ki, mənə vura bilərsiniz, ölümdür. Mərhəba olsun ölümə!". İmam (ə) ölümü yeni bir şəkildə insanlara təqdim edir. Belə bir ölümə Əba Əbdillah (ə) afərin deyir. Əslində İmamın (ə) mərhəba söylədiyi bu ölüm - dirilikdir. İnsanlar yalnız bu cür ölərək yaşaya bilərlər. Ona görədir ki, İmam Hüseyn (ə) on dörd əsr bundan əvvəl şəhid edilsə də, bu gün də yaşayır.

İmam Hüseynin (ə) cavabı İbni Ziyada (lən) çatır. İbni Ziyad (lən) Ömər Sədə yazır ki, "bütün qoşununla İmam Hüseyni (ə) və onun ardıcıllarını mühasirəyə al. Onları susuzluğa giriftar eylə. Elə et ki, zərrə qədər də su içməyə suları olmasın". Bu gündən eşq karvanının susuzluq anları başlayır. Artıq Zəhra (s.ə) balalarının susuzluq imtahanının başlayan anlardır. Artıq bir vəziyyətdir ki, hamı öz dəyərlərini ortalığa qoyub.

İmam Hüseynin (ə) iki hədəfi

Kərbəla səhnəsində yeni çalarlar meydana çıxır - susuzluq imatahanı. Artıq bir vəziyyətdir ki, mühasirə bir tərəfdən, çoxminlik qoşun bir tərəfdən, susuzluq bir tərəfdən eşq karvanını əhatəsinə alıb. Hələ bu, mənzərənin tam tərəfi deyil. İbni Ziyad (lən) hansı qoşunu susuz qoymağı əmr edirdi? O qoşunu ki, burada qoca da var, burada ana da var, orada bala da var, orada xırda körpələr də var. Yəni, İbni Ziyad (lən) əslində Əhli-beyt (ə) körpələrini susuz qoymağı əmr edirdi.

Bu xəbər İmam Hüseynə (ə) gəlib çatanda, artıq anlayır ki, bəşərə dərs vermək vaxtıdır. Gəlib düşməndən Hicaza getmək üçün icazə vermələrini istəyir. İmam (ə) əslində istəyir ki, murdar Əməvi mahiyyətini insanlığa açıb göstərsin. İmamın (ə) Mədinədən Məkkəyə, Məkkədən Kufəyə gələn zaman qarşısında iki hədəfi var idi. Birinci hədəfi budur ki, haqqın nə olduğunu, kim olduğunu, necə olduğunu izah edir. İkinci məsələ isə budur ki, Əməvilərin murdar mahiyyətini ortalığa çıxardır.

Dəyərlərin təbliği anı

İndi həmin səhnələrdəndir ki, İmam (ə) həqiqi dəyərləri təbliğ edir. Artıq bir vaxt yetişib ki, hər kəs nələrin baş verdiyini yaxşı başa düşür. Artıq tarixdə sabit olunur ki, Əməvilər hansı murdar mahiyyətə malikdir. Belə bir məqamda İmam (ə) onların geriyə - Hicaza qayıtmaları üçün imkan vermələrini istəyir. İmam (ə) bununla istəyir tarixə bir cümlə qoysun. Tarixə bu cümləni qoymaq istəyir ki, onlar nəinki döyüşmək istəmirdilər, nəinki birinci döyüşə başlamırdılar, hətta onlar geri qayıtmağa da hazır idilər.

İmam Hüseynin (ə) bu istəyini İbni Ziyada (lən) çatdırırlar. İbni Ziyad (lən) Şimr (lən) ilə bir məsləhətləşmə qurur. Bu məsləhətləşmənin nəticəsində, bunun yekununda Ömər Sədə (lən) bir məktub yazır. Məktubda deyilir: "Ömər Səd (lən), mən səni Kərbəlaya göndərməmişəm ki, Hüseyn ibni Əli (ə) ilə mübarizədən çəkinəsən. Mən səni ora göndərməmişəm ki, Hüseyn ibni Əliyə (ə) diri qalmağa bir imkan verəsən. Mən səni Kərbəlaya göndərməmişəm ki, mənə Hüseyn ibni Əli (ə) tərəfindən bəhanələr gətirəsən. Mən səni Kərbəlaya ona görə göndərməmişəm ki, sən məndən ona güzəşt istəyəsən. Əgər Hüseyn (ə) və yolçuları təslim olsalar, onları mənim yanıma zəlil halda göndər. Əgər təslim olmasalar, hücuma keç. Onların kəsilmiş bədən əzalarını göndər. Əgər bu işi icra etsən, səni böyük bir mükafat gözləyir".

Bu səhnədə İmam Hüseynin (ə) və Yezidin (lən) hansı cəbhələri təmsil etdiyi tam ortalığa çıxır. Burada Yezidin (lən) şərəfsizliyinə artıq heç bir şübhə qalmır. Şəhadət karvanının da hansı bir zirvədə olduğu bu səhnədən açıq-aşkar görünür.

Allahım, əcəl yetişməzdən öncə bizlərə axirət səfərinə hazırlıq görməyi nəsib et!
Allahım, bizlərə İmam Hüseynin (ə) Kərbəla məktəbindən həyat dərsləri götürməyi nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.