Cəmiyyət

ANS-də "ehsan davası" - VİDEO

24 Oktyabr 2014 11:48
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Televiziya proqramına qatılan Dini İdarə və Dini Komitə nümayəndələri ehsan mövzusunda mübahisə ediblər, QMİ ehsan qadağasına qarşı olduğunu açıq şəkildə nümayiş etdirib...

Qəzetimizin ötən saylarında hökumətin ehsan qadağasının Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında soyuqluğa səbəb olması haqqında yazmışdıq. Hətta "Yeni Müsavat" mənbələrə istinadən şeyxin ehsan qadağasına etiraz olaraq ölkə rəhbərliyinə, DQİDK sədri Mübariz Qurbanlıya etiraz etdiyi haqda xəbər verib. Şeyxin qardaşı, deputat Cavanşir Paşazadə isə mətbuata müsahibəsində ehsan qadağasını repressiya adlandırmışdı.

Ötən gün ANS televiziyasında "Günə baxan" verilişində qonaq qismində qatılan DQİDK və QMİ nümayəndələri arasında açıq şəkildə mübahisə düşüb. Mübahisənin mövzusu isə ehsan qadağası olub. Dini Komitə əməkdaşı Nahid Məmmədovla Dini İdarə təmsilçisi Surxay Məmmədli arasında söz dueli baş verib.

S.Məmmədli bildirib ki, ehsan verilməsini qadağan etmək olmaz. N.Məmmədov isə bildirib ki, DQİDK ümumiyyətlə, ehsan məclislərinin, israfçılığın əleyhinədir. "Halva, çay ehsan deyil" deyə sual edən N.Məmmədov əsas mübahisənin yas mərasimlərində yemək vermək olmadığını deyib. S.Məmmədli isə deyib ki, heç kim ehsan mərasimini yığışdıra bilməz: "Mən efirdən QMİ-nin nümayəndəsi kimi deyirəm: heç kim, heç zaman ehsan mərasimini yığışdıra bilməz. Bu birmənalıdır".

Öz növbəsində komitə rəsmisi bildirib ki, hökumətin ehsan süfrələrini ləğv etmək niyyəti yoxdur: "Biz bu məsələni birmənalı olaraq qoymuşuq ki, bu məsələ yalnız yas mərasimləri ilə bağlıdır və yasda israfın qarşısını almağa hesablanıb. Çünki bununla bağlı bizə şikayətlər gəlib. Bunun İmam Hüseyn (ə) məclislərinə, digər məclislərə aidiyyəti yoxdur. Yalnız israfın qarşısını almaq üçündür".

S.Məmmədli:

- Belə çıxır ki, bunun qarşısını almaqla bəzi fərdlər islamı zəiflətmək, yox etmək istəyir. İslamı yox etməklə milli-mənəvi dəyərlərimizi aradan aparmağa çalışırlar.

N.Məmmədov:

- Məsələ ehsan mərasimi deyil, məsələ yas mərasimlərindəki israf məsələsidir, qarşıdan gələn məhərrəmlik ayında veriləcək ehsanlara bu məsələnin heç bir aidiyyəti yoxdur.

S.Məmmədli:

- Ehsan ümumi anlayışdır, gözəllik, xeyirxahlıq mənasındadır. Bu gün mən İmam Hüseyn (ə) üçün, atam üçün ehsan süfrəsi açıram. Bizim ehsan verməkdə məqsədimiz Allahın razılığını qazanmaqdır.

Qeyd edək ki, veriliş boyu tərəflər bir-birinin sözünü kəsərək müdaxilə edib və haqlı olduğunu sübut etməyə çalışıb. Aparıcı Kamran Həsənli isə bildirib ki, bu gün Bakıda bir ölünün yuyulması diri adamın yuyulmasından baha başa gəlir. K.Həsənli Bakı məscidlərində meyitin 80 manata yuyulduğunu söyləyib.

Ümumilikdə hər iki tərəf sona qədər öz fikrində qalıb. Surxay Məmmədli ehsan ənənəsinin qalacağını bildirib. Əslində veriliş hər iki qurum arasında fikir ayrılığını açıq şəkildə ortaya qoyub. Məlum olub ki, QMİ rəhbərliyi ehsan qadağasını ölkədə dini fəaliyyətlərin bir hissəsi kimi görərək bunun qadağan edilməsinə qarşıdır.

Bu məsələdə Dini Komitənin təklif etdiyi israfa qarşı mübarizə əslində QMİ-nin maraqlarına cavab vermir. Görünən odur ki, hər iki qurumun rəhbərliyinin mövqeyi televiziya verilişinə dəvət alan əməkdaşlara da sirayət edib.

Veriliş eyni zamanda daha əvvəl yazdığımız kimi, şeyxlə komitə rəhbərliyi arasındakı münaqişəni bir daha açıq şəkildə təsdiqləyir.

"Yeni Müsavat"

Videonu izləmək üçün şəklə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.