Cəmiyyət

"Mənə təhsil yox, isti geyim, yemək və yer lazımdır"

23 Oktyabr 2014 17:24
0 Şərh     Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyatın hər üzünü görən küçə uşaqlarının təhsilsiz qalması dövlət qurumlarını narahat etmir

"Atam 1996-cı ilin mayında öldü. Ölməmişdən qabaq anama tapşırdı ki, uşaq atasız qalmasın. Odur ki, anam bir müddət sonra ailə qurdu. Bir müddət birlikdə yaşadıq. 10 yaşıma çatanda anam və atalığım içib məni və bacımı döyməyə başladılar. Heç bir səbəbsiz o qədər döyürdülər ki... Döyülməkdən bezmişdik. Buna dözməyib evi tərk etdim", - deyir 17 yaşlı Aqil Məmmədov.

A.Məmmədov evini tərk etdiyi gündən təhsil aldığı məktəbi də yarımçıq qoyub. Deyir o vaxtdan küçələrdə yaşayıb başının çarəsinə baxmağı öyrənib: "Bacımı götürüb qaçdım evdən. 2 ay evə gəlmədim. Sonradan axtarışa verdilər bizi. Bizi tapdılar anama qaytardılar. Anam bizimlə yenə əvvəlki kimi rəftar etməyə başladı. Mən artıq bezdim evdən. Bacım qaldı anamla. Sonra mən yenə evdən qaçdım. Orda-burda yatdım-durdum. Onun-bunun başını aldadıb, uşaqları döyüb onlardan pul alırdım. Sonra başladım təkər qaraldıb maşınların şüşələrini silməyə. İndi də həmin işlə məşğulam. O ki qaldı təhsilimə, 7 ildir dəftər-kitab üzü görmürəm. Mən məktəbə getsəm ehtiyaclarımı kim ödəyər? Odur ki, qərara gəlmişəm mənə təhsil yox, tox qarın, isti geyim və qalmağa yer lazımdır".

Ailədə olan problemlər uşağın küçəyə düşməsinə səbəb olur. O, valideyn təzyiqi olmadan azad yaşayacağını düşünür. Çöldə özü kimi uşaqlarla tanış olur. Müxtəlif səbəblərlə evdən qaçmış, ailə və cəmiyyətlə olan əlaqələri tamamilə kəsilmiş olan bu uşaqlar özlərinə xas qaydalarla dəmiryol vağzalları, metroətrafı həyatını seçir. Özbaşına küçədə yaşamağı, pul tapmağı, aclıq və soyuqla mübarizə aparmağı öyrənir. Sonda məktəbdən xaric olunur, təhsil almaq hüququndan məhrum edilir.

Halbuki, valideynin vəzifələrindən biri də uşağının təhsil almasına nəzarət etməkdir. Bununla bağlı "Təhsil Haqqında Qanun"un 34-cü maddəsində göstərilir. Bundan əlavə, Konstitusiyanın 17-ci maddəsinə görə, (Ailə və dövlət) valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadır. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
"Təhsil Haqqında" qanunun 3-cü maddəsində isə deyilir ki, bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkan yaradılmalıdır. Maddə 5-də isə bildirilir ki, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.

Buna baxmayaraq, dövlət küçə uşaqlarının təhsil alması istiqamətində hər hansı bir addım atmayıb. Qonşu Türkiyədə təhsil haqqında qanundan əlavə "Çocuk koruma kanunu" qanunu da var. 3 fəsildən ibarət qanun toplusu himayəyə ehtiyacı olan və ya cinayətə sövq edilən uşaqların qorunması, haqlarının və sağlamlıqlarının zəmanət altına alınması, uşaq məhkəmələrinin quruluşu, vəzifə və səlahiyyətləri ilə bağlıdır.

Uşaqlar küçələrə müxtəlif səbəblərdən düşürlər. Amma ən başlıca səbəb ailədaxili zorakılıq və ağır sosial şəraitdir. Təəssüf ki, mövcud qanunlarımız ailədaxili zorakılığın qarşısını almaq üçün və uşaqların hüquqlarının müdafiəsi üçün yetərli deyil. "Uşaq Hüquqları Klinikası"nın rəhbəri Nazir Quliyev də hesab edir ki, qanunlara müəyyən dəyişikliklərin edilməsi vacibdi: "Qanunvericilik üzərində müəyyən təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Çünki Azərbaycanda hal-hazırda uşaqlara zorakılıqla bağlı heç bir qanun yoxdur. Eyni zamanda Azərbaycanda hal-hazırda uşaqların küçədə yaşaması, küçə həyatı keçirməsi, uşaqların əməyə, dilənçiliyə cəlb olunmasında valideynlərin məsuliyyətini ağırlaşdıran normalara ehtiyac var. Çünki bugün təcrübələr də göstərir ki, bir çox hallarda valideynlərin məsuliyyətsizliyi ucbatından uşaqlar küçə həyatı keçirirlər" (mənbə: civil-forum.az).
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə dedi ki, hal-hazırda rəhbərlik etdiyi qurumun nəzdində olan küçə uşaqlarının reabilitasiya mərkəzində 27 nəfər uşaq var. Əlavə etdi ki, sığınacağa gələn uşaqlar polis tərəfindən aşkarlanır: "Həmçinin bizim özümüzün də aşkarladığı uşaqlar olur. Bu zaman biz onlar haqqında məlumat veririk. Onların hər biri Daxili İşlər Nazirliyində baxımsız uşaqlar kimi qeydiyyata düşürlər. Bizim özümüzündə statistika proqramımıza yerləşdirilirlər. Elə uşaqlar ki, onlara qarşı məişət zorakılığının tətbiq olunması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat veririk".

K.Ağazadə deyir ki, hazırda sığınacaqda qalan uşaqlardan 4-ü məktəbə gedir. Keçən həftə ərzində daha bir uşağın sənədlərinin bərpası ilə bağlı müəyyən işlər aparılıb: "Onun da məktəbə getməsi üçün əlimizdən gələni edirik. 3 qızımız peşə kursuna cəlb olunub. Digərləri isə yaşca balaca uşaqlardır. Təşkilatımız 10 ildən çoxdur ki, küçə uşaqlarına dəstək vermək məqsədi ilə fəaliyyət göstərir. Onların təhsili istiqamətində yeganə təşkilatıq ki, inkluziv təhsil proqramı işləyib hazırlamışıq. Burada oxu, riyaziyyat və əmək bacarıqları kurikulum üsulu ilə hazırlandı və onun əsasında da vəsaitlər tərtib edilib. Düzdür, biz onu neçə ildir ki, Təhsil Nazirliyindən qeydiyyatdan keçirə bilməmişik. Ümumiyyətlə, heç bir təhsil almayan küçə uşaqları gün ərzində və ya burada davamlı qalan uşaqlar həmin kitablardan istifadə edib, müəyyən biliklərə yiyələnirlər".

K.Ağazadə küçə uşaqları ilə bağlı ən böyük problemlərinin 15-16 yaşlı uşaqların hərf tanımaması olduğunu deyir. Onun sözlərinə görə, bu yaş dövründə olan uşaqlar üçün təhsil verəcək müəssisə yoxdur: "Böyük yaşlı uşağı 1-ci sinif partasının arxasında otuzdurmaq olmur, axı. Küçə uşaqlarının əksəriyyətinin valideynləri var. Ancaq müəyyən səbəblərdən uşaqlar küçə həyatına məruz qalırlar. Bizim sığınacağa gələn uşaqların əgər təhsilləri bura gəldiyi zaman olubsa, onların təhsilinin davam etdirilməsi həyata keçirilir. Sadəcə olaraq valideyn məsuliyyətsizliyindən təhsildən yayınan uşaqların sayı küçə uşaqları arasında çoxdur".

Bizimyol.info
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.