Cəmiyyət

Bizi çöllərə salan sevgi

23 Oktyabr 2014 09:17
2 Şərh     Baxış: 2 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol azarkeşi deyiləm.

Futbolumuzun yaxın onillikdə geniş perspektivləri olmayacağını dərk edəcək qədər futbolu bilirəm.
 

Futbol yeri gələndə yalnız baxmaq üçündürsə, adrenalin xaricində nə isə vəd etməyə qadir deyil.

Azarkeşlik qabiliyyətimiz yoxdur. Belə bir qabiliyyətin yaranması üçün şərait olmayıb.

Futbol körpəyə ədalət hissinin mövcudluğunu, böyüyə həyəcanın hələ də mümkünlüyünü xatırladır.

Bəzən müalicəsi qeyri-mümkün xəstəlikdir.
 

Diplomatsız sülh müqaviləsidir.

Həyat boyda yolçuluqda problemlərin arasında qısaqapanmadır.

Futbol yaşam mübarizəsinin sadələşdirilmiş obrazıdır.
 

Qarabağ yaşı 18-dən aşağı olanlar üçün alatoranlıq, 18-dən yuxarılar üçün itirilmiş uşaqlıq, dağıdılmış evlər, ölmüş valideynlər deməkdir. Qarabağ yaşı 35-dən yuxarılar üçün olmayan əl-ayaq, qəlpə yeri, puç olmuş ümidlər, sönmüş arzulardır.
 

"Qarabağ" bizi stadiona gətirən yeganə vasitədir. "Qarabağ" zəfər tamarzısı olmağımızın əyani sübutudur. Onun uğurunun şərikiyik. Bəlkə də bir müddətlik özümüzü aldatmağa çalışırıq. Amma bir müddətlik... Uşaqlar "Neftçi"nin oyununda da "Qarabağ bizimdir" deyib qışqırırsa, biz futbol yox, Qarabağ azarkeşiyik.
 

"Qarabağ"ın hər oyununu bayram edən, "Qarabağ" deyib ölkə-ölkə gəzən insanlara gülməyin. Onlara ağlamağa çiyin uzadın. Onları havalandırıb küçələrə, yollara salan futbol, gəzinti sevdası deyil.
 

Xəritədə Qarabağı göstərib "Qarabağ haradadır? " sualı verən körpəyə mən açıqlama vermək məcburiyyətindəyəm. İzn verin, bir müddətlik də olsa, ona "Qarabağ"ı stadionda göstərim.

Günay Arda

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.