Cəmiyyət

"Yaşayış binasının həyətində sauna tikirlər..." - FOTO

22 Oktyabr 2014 15:39
0 Şərh     Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirkət rəhbərliyi isə hər şeyin qanuni olduğunu deyir

"Olimp" MTK-nın Əcəmi Naxçıvani 3068 küçəsində, "Elit" Ticarət Mərkəzinin arxasında inşa etdiyi yaşayış kompleksinin sakinləri "Bizim Yol" qəzetinə məktub ünvanlayıblar. Məktubda bu binanın artıq altıncı ildir ki, dövlət komissiyasına təhvil verilmədiyi qeyd olunur. Bu səbəbdən sakinlər mülklərində natamam şəraitdə yaşamağa məcburdurlar.

Onların sözlərinə görə, sakinlərlə "Olimp" MTK rəhbərliyi arasında imzalanmış müqaviləyə görə, bina 2010-cu ildə tam hazır olmalı idi. Amma naməlum səbəbdən binanı təhvil vermə prosesi bu günə kimi tilsimə düşüb.

"Olimp" MTK rəhbəri Fazil Xəlilov binanın yarımçıq qalması faktı ilə qətiyyən razılaşmadı. Onun sözlərinə görə, bina tam hazır vəziyyətdədir: "Bina müqavilədə göstərildiyi kimi tam hazırdır. Sənədlərimiz qaydasındadır. Yeni tikilidə əsas məsələlərdən olan qaz problemi tam həll olunub. Fevral ayından etibarən binaya təbii qaz verilib. Bəzi mənzillərdə qazın olmaması evlərin layihəsində özbaşına dəyişiklik etmələri ilə bağlıdır. Sakinləri maraqlandıran, narahat edən digər məsələ bu günə kimi "kupça" almamalarıdır. Bu isə bizdən asılı olmayan məsələdir. Çünki "kupça" almaq üçün dövlət aktı deyilən sənəd alınmalıdır. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə birgə bu istiqamətdə işlər görülür. Dövlət aktı hazır olan kimi həmin sənədlə sakinlər "ASAN Xidmət"ə müraciət edəcək və öz "kupça"larını alacaqlar".

Sakinlər isə deyir ki, onların qaz problemi məhz dövlət qurumlarına ünvanladıqları çoxsaylı müraciətlərdən sonra həll olunub. Həmin vaxtadək yeni tikilidə təbii qazdan əsər-əlamət belə olmayıb.

"Biz Bakı Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Bu gün məhz həmin qurumlarda çalışan məsuliyyətli insanların yardımı sayəsində uşaqlarımıza yemək hazırlaya, mənzilimizi təbii qazla qızdıra bilirik", - deyə bina sakinləri məktubda qeyd edirlər.

Lakin sakinləri ən çox narahat edən 420 ailənin 1260 üzvünün bu günə kimi öz halal mənzillərinin sənədini - mülkiyyət kağızını ala bilməmələridir: "Sakinlər qohum-əqrabanın evində qeydiyyatdadırlar. Hətta polis bölmələrinə qeydiyyata düşənlər var. Sivil, demokratik ölkə vətəndaşının öz halal əmlakının sənədini ala bilməməsi utancverici haldır. Bu, birbaşa bizim hüquqlarımızın pozulmasıdır".

Məktubda bildirilir ki, mövcud problemlərin həllinə nail olmaq üçün bina sakinləri keçən həftənin sonunda toplantı keçiriblər. Kompleks sakinlərindən biri - əmək veteranı Məmməd Məmmədovun sözlərinə görə, sakinlər əllərindən alınan həyətə görə də narahatdırlar: "Bizə gün verib, işıq vermirlər. Yaşıllıq üçün nəzərdə tutulmuş və bizə mənsub olan həyətdə sauna və digər obyektlər inşa olunur. Hamısı da qanunsuz tikilidir. Həyəti xarabalığa çeviriblər. Bura narkomanların, evsiz-eşiksizlərin məskəninə çevrilib. Nə vaxta kimi bu belə davam edəcək?"

Kompleksin başqa bir sakini - Qarabağ müharibəsinin veteranı Cəfər Mustafayev isə qeyd edir ki, onlar öz hüquqları naminə sonadək mübarizə aparacaq, təslim olmayacaqlar: "Biz bu gün dözülməz şəraitdə yaşayırıq. Ölkə rəhbərinin bu özbaşınalıqlardan xəbər tutması üçün nə lazımdırsa edəcəyik. Biz möhtərəm Prezidentimizin qanunlara necə yanaşdığını gözəl bilirik. O, hər şeyi biz vətəndaşların xoş güzəranı üçün edir. Amma bəziləri bundan sui-istifadə edərək, hər şeydən öz mənafeləri üçün istifadə edirlər. Bu gün kompleksin 420 ailəsinin 400-dən artıq uşağının həyatı təhlükədədir. Bu həyətdə sauna əvəzinə onlar üçün yaşıllıq salına, layihədə göstərildiyi kimi uşaq meydançası tikilə bilərdi".

Sakinlərin məktubunda bildirilir ki, kompleksin həyətindəki tikililərdən birinin inşası Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb. Amma "Olimp" MTK-nın sədr müavini tikintinin müvəqqəti dayandırılmasının səbəbinin onun qanunsuz olması anlamına gəlmədiyini bildirdi: "Kompleksin həyətində heç bir qanunsuz tikili yoxdur. İki tikili inşa olunur. İkisi də qanunidir. Bildiyiniz kimi, torpaq sahəsi özəldir. "Olimp" MTK təsisçiləri onu fiziki şəxsə bağışlaya da bilər, sata da. Həmin fikizi şəxslər isə onlara məxsus torpaq sahəsində tikinti aparır. Hətta həmin tikililər demək olar ki, hazırdır. Bizə verilən məlumata görə, onlardan biri uşaq bağçası olacaq. Digəri isə idman kompleksi. Düzdür, onlardan birinin inşası FHN tərəfindən müvəqqəti dayandırılıb, amma bu, o demək deyil ki, tikili qanunsuzdur. Özü də tikilinin qanunsuz olduğunu FHN yox, BŞİH müəyyən edir. Tikilinin hələlik dayanmasına səbəb isə ekspertiza rəyinin yoxlanılmasıdır. Rəyin yanlış olmadığı dəqiqləşdirildikdən sonra yenidən inşaat davam edəcək. Sakinlərin narahatçılığına əsas yoxdur".

Sakinlər isə bu deyilənlərlə heç cür razılaşmırlar. "Kompleksin həyətində antisanitariya baş alıb gedir. Həyətə gələn yollar biabırçı vəziyyətdədir. Hər yer dəmir, daş parçalarıdır. Xoşbəxtlikdən bu günə kimi yıxılıb xəsarət alan olmayıb. Amma burada yaşayan heç kim gələcəkdə belə halla qarşılaşmaqdan sığortalanmayıb. Kompleksin planında həyətdə heç bir obyektin tikintisi nəzərə alınmayıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş planda olmayan obyektə hansı yolla "kupça" alındığı müəmmalıdır. Biz illərdir heç o sənədi ala bilmirik", - deyə bina sakini, əməkdar idman ustası Yaşar Şükürov qeyd edir.

Məktubda bildirilir ki, sakinlərin dözülməz şəraitinə hətta "Olimp" MTK-nın sədri də dözə bilməyib. Belə ki, onlarda olan məlumata görə, o, sakinlərə qarşı haqsızlıqlara göz yuma bilmədiyi üçün işdən çıxıb. Onun əvəzinə kimin təyin olunmasından sakinlər hələ də xəbərsizdirlər. Sədr müavini isə bu vəzifənin boş olmadığını, yeni təyinatın olduğunu söyləyir: "Düzdür, Akif Azayev işdən çıxıb. Onun yerinə də yeni təyinat olub. Sakinlər mənə, yaxud da MİS sədrlərinə yaxınlaşmaqla əslində həmin şəxsin adını və soyadını çoxdan öyrənə bilərdilər. Burada gizlin heç nə yoxdur. Qaydaya görə, sədr təsisçilər arasından seçilməlidir. Belə də olub. Yeni sədr 5 təsisçidən biridir".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.