Cəmiyyət

Adı olan, dadı olmayan qurum - VİDEO

22 Oktyabr 2014 12:43
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nə üçün bələdiyyələrə bəslənilən ümid özünü doğrultmadı?

Bu il 1607 seçki dairəsi üzrə keçiriləcək bələdiyyə seçkiləri 23 dekabra təyin olundu. Bu barədə Mərkəzi Sekçi Komissiyası bu gün qərar qəbul edib. Qərara görə, bu gündən bələdiyyələrə namizədlərin irəli sürülməsinə başlanacaq. Beş ildən bir keçirilən bələdiyyə seçkilərinə, bu təcrübə ilə idarə olunan ölkələrdən fərqli olaraq səs-küylü, gərgin kampaniya gözlənilmir. İki aydan sonra 4-cü dəfə keçiriləcək bələdiyyə seçkiləri barədə danışmaq tezdir.

Amma adı əsasən korrupsiya hallarında çəkilən bələdiyyələrin fəaliyyətinin qənaətbəxş qiymətləndirməyə çox az faktlar var. Əslində dünyada, daha çox yaxın Türkiyə təcrübəsində çox geniş səlahiyyətlərə malik bələdiyyələr bizdə niyə gücsüzdür?

ANS TV-nin məlumatına görə, Azərbaycanda insanların adını eşidib, dadını hələ də bilmədiyi 1718 yerli özünü idarəetmə orqanı fəaliyyət göstərir. Doğrudur, onların arasında vətəndaşlara şəffaf şəkildə xidmət edən, sosial proqramlar həyata keçirən bir neçə bələdiyyə də var. Amma 15 illik təcrübəsi olan Bələdiyyə institutundan gözlənilən bundan daha artıq idi. Məsələn, biz onlardan yeni xəstəxanaların, məktəb və bağçaların yaradılmasını bizi əhatə edən infrastrukturun abadlaşmasını umurduq.

Yerli əhəmiyyətli yolların səliqə-səhmana salınması, aztəminatlı ailələrlə bağlı sosial layihələrin həyata keçirilməsi də bələdiyyənin görməli olduğu çoxsaylı işlərdən yalnızca bir neçəsidir. Bəs yerli özünüidarə orqanlarına bu işləri görməyə nə mane oldu? Nə üçün bələdiyyələrə bəslənilən ümid özünü doğrultmadı?

Ekspert Vüqar Tofiqli deyir ki, ilk növbədə qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır: "Burada ən böyük məqam isə qanun və sənədin qəbul edilməsidir. O sənəddən, qanundan, fərmandan qaynaqlanan icra mexanizmləri var ki, onlar icra olunmalıdır, müəyyən istiqamətlər göstərilməlidir. Məhz o addımların icrası ləngiyir".

Ekspertin dediyi maliyyə çatışmazlığını statistik rəqəmlər də təsdiqləyir. Bələdiyyələr əllərində olan gəlirin az qala yarısını özünüidarə orqanının saxlanmasına xərcləyirlər. Qalan 6,1 faiz sosial təyinatlı xərclər, 27,5 faiz mənzil-kommunal təsərrüfatı, 10,4 faiz isə avtomobil yolları və nəqliyyat xərclərindən ibarətdir. Amma bu o demək deyil ki, bələdiyyələrin fəaliyyət göstərdiyi 15 il ərzində bu qurumların maliyyə imkanlarının artırılması istiqamətində addımlar atılmayıb. Onların ümumi illik gəlirinin 7 faizi dövlət tərəfindən ayrılmış dotasiya hesabına formalaşıb. Bu isə 5,2 milyon manat deməkdir. İslahatlar bununla bitmir.

Ədliyyə Nazirliyi bələdiyyələrlə iş üzrə mərkəzin sədri Mehdi Səlmzadənin sözlərinə görə, qanunvericilik nöqteyi-nəzərindən bələdiyyələrin fəaliyyəti ilə bağlı yeni qanunların qəbul edilməsi, müasir dövrün tələblərinə uyğun olaraq qanunlara dəyişikliklər edilməsi xüsusi vurğulanmalıdır. Bu həm bələdiyyələrin maliyyə imkanlarının artırılmasına, həm də yol verilən nöqsanların aradan qaldırılmasına imkan verəcək.

Bütün dünyada bələdiyyələr ölkənin inkişafında böyük rol oynayır. Azərbaycanda isə hələ də yerli özünü idarəetmə orqanlarının təkmilləşməsinə ehtiyac var. Qanunvericiliklə dünya təcrübəsindən geri qalmasaq da görünür, icrada ləngiyirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.