Cəmiyyət

Soyuqda dilənməyə məcbur edilən uşağın hekayəsi... - FOTO

21 Oktyabr 2014 17:49
1 Şərh     Baxış: 2 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müzəffər Baxış: "O uşağın həyatı üçün birbaşa təhlükə varsa, valideynlərindən alına bilər"

Bazar günü axşam saatlarında işdən çıxıb evə gedərkən metronun "Neftçilər" stansiyası yaxınlığında körpə bir qızın soyuq və küləkli havada yerdə oturub ağladığını gördük. Əynindəki paltarı və sifəti çirkli olan bu qızcığazın təxminən 4-5 yaşı olardı. Uşaq soyuqdan əsir və dayanmadan ağlayırdı. İnsanların bəziləri uşağın yanından etinasız ötüb keçir, bəziləri isə acıyaraq qarşısındakı kiçik dəmir qaba pul atırdı. Uşağa yaxınlaşıb danışdırmağa cəhd etdik. Lakin uşaq elə ağlayırdı ki, sanki, ona işgəncə verilirdi.

Düzdür, o uşağı küləkli və soyuq havada yerdə oturmağa məcbur etmək böyük işgəncədir və insanlığa sığmayan bir hərəkətdir. Biz uşağa yaxınlaşdıqdan sonra yoldan ötən bir neçə nəfər də bu acınacaqlı duruma biganə qalmayıb ona yaxınlaşıb suallar verməyə başladılar. Ancaq uşaq heç bir sualı cavablandırmır, ele hey ağlayırdı. Elə insanlar vardı ki, uşağa acımamağı tövsiyə edir, uşağın anasının aralıda dayandığını və nəzarət etdiyini deyirdi. Elə bu vaxt uzaqdan bir neçə qadın gəldi. Bu qadınlar xarici görünüşlərindən qaraçıya bənzəyirdi. Qadınlardan biri uşağın anası olduğunu iddia edirdi. Əgər onu ana adlandırmaq mümkünsə. Uşağın anası olduğunu iddia edən bu qadın körpənin ətrafına yığışan və onu qınayanlara qarşı kobud reaksiya verdi: "Nə istəyirsiniz, uşaq mənimdi özüm bilərəm. Harada istəsəm, oturdaram, harada istəsəm, diləndirərəm. Bunun heç kimə dəxili yoxdur. Sən gətirib mənə çörək verəcəksən?! Biz də belə pul qazanırıq!"

Qadına "sənin əlin-ayağın sağdır, niyə işləmirsən" dedikdə isə o, qadına yaraşmayacaq bir tərzdə cavab verdi. Ətrafa insanların çox toplaşdığını görən qadın uşağın qolundan kobud bir formada tutub, sanki, qayğısına qalırmış kimi "niyə ağlayırsan" deyərək bizdən uzaqlaşdırdı. Uşaq gedərkən ağlaya-ağlaya başına toplaşmış inanlara göz gəzdirdi. O baxışları ilə sanki, "məni xilas edin" deyirdi. Amma həmin an heç kimin əlindən heç nə gəlmirdi. Bir neçə dəqiqədən sonra isə həmin uşağı bir az irəlidə yenə həmin vəziyyətdə yerdə oturub ağlayan gördük. Uşağın anası isə bir neçə dilənçi qadınla avtobus dayanacağında dayanaraq uzaqdan bu zavallı körpəyə nəzarət edirdi. Onunla birgə olan azyaşlı iki oğlan uşağı isə yoldan keçənlərin qabağını kəsir və pul istəyirdi.

Uşaqlar bizim gələcəyimizdir deyirlər. Bu cür uşaqlar isə saysız-hesabsızdır. Onların necə bir gələcəyi olacağını düşünəndə isə insanı dəhşət bürüyür. Uşağın bu vəziyyətə düşməsində günahkar kimdir, valideynmi, cəmiyyətmi bunu deyə bilmərik. Amma hər halda normal şüuru və analıq hissi olan heç bir qadın öz övladına bu cür işgəncə verməz.

Maraqlıdır, övladını kiçik yaşlarından dilənməyə və işləməyə məcbur edən şəxs valideynlik hüququndan məhrum edilə bilərmi?

Hüquqşünas Müzəffər Baxış bildirdi ki, uşağın həyatı üçün bir başa təhlükə varsa, o uşaq valideynlərdən alına bilər: "Belə hərəkətlər avaralıqla məşğul olma hesab edilir. Avaralılıqla məşğul olmağa görə İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulur və həmin maddənin qeyd hissəsində yazılır ki, bu maddədə avaralılıqla məşğul olan dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai fəaliyyətlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq və digər çirkli yollarla dolanan şəxslər başa düşülür. Həmin məcəllənin 307-1.2 maddəsində yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa cəlb edilməsinə görə, yəni dilənçiliyə cəlb edilməsinə görə 10 manatdan 15 manatadək cərimə və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadığında o 15 gün müddətə inzibati həbs tətbiq edilir.

Yəni əgər azyaşlı uşaqlar valideynləri və ya digər şəxslər tərəfindən dilənməyə məcbur edilirsə, bu inzibati xətadır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 107-1.2-ci maddəsinə uyğun inzibati məsuliyyət nəzərdə tutulur. Amma 4 yaşlı uşaq soyuq havada diləndirilirsə, bu artıq uşağın həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Ona görə də bizim Ailə Məcəlləsində də bu qəbildən olan hərəkətlərin tənzimlənməsi üçün xüsusi norma nəzərdə tutulub. Ailə Məcəlləsinin 72-ci maddəsinə görə uşağın sağlamlığı və həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərindən alınması prosseduru nəzərdə tutulur. Həmin məcəllənin 72.1-ci maddəsinə görə uşağın sağlamlığı və həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərindən və ya onu qəyyumluğa götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq İcra Hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanı dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq orqanları başa düşülür. Həmin məcəllənin 72.1-ci maddəsinə görə uşağı götürən müvafiq icra orqanı dərhal prokurora müraciət etməyə və uşağı müvəqqəti yerləşdirməyə borcludur. Həmin orqan uşağın alınması barədə aktın çıxarılmasından sonra iki gün ərzində məhkəməyə valideynləri valideynlik hüququndan məhrum etmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər. Yəni bu prosedur qanunvericilikdə bu qaydada nəzərdə tutulub. O uşağın həyatı üçün birbaşa təhlükə varsa, valideynlərdən alına bilər".

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.