Cəmiyyət

O xoşbəxt olarsa, bəşəriyyət xoşbəxt olar…

22 Oktyabr 2014 22:47
5 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qadın deyərkən gözəllik, zəriflik, sədaqət, analıq, fədakarlıq və daha nə qədər nəcib ifadələr yada düşür. Bizi qarşılıqsız sevən analarımız, gül qoxuyan ağbirçək nənələrimiz, bizə həyatı qələm tutmaqdan başlayaraq öyrədən müəllimələrimiz yada düşür. Ömrümüzün yazılmış və yazılacaq səhifələrində neçə- neçə naxışları olan , məlahətləri ilə ətrafımızı saran pərvanə qadınlar. Sizin gözəlliyinizin sehrinə düşməyən rəssam, şair, bəstəkar varmı görəsən?

Çox təəssüf, məthlərlə zirvələrə qaldırılan da odur, ən çox şiddətə, təzyiqə, haqsızlığa, depresiyaya məruz qalan da. Yaşından, maddi vəziyyətindən, sosial aktivliyindən, dünyanın hansı bir yerində yaşamasından asılı olmayaraq hər qadın bu şiddətə məruz qalır. Bu səbəbdən də dünyada qadın hüquqlarının müdafiəsinə səfərbər olmuş yüzlərlə cəmiyyət fəaliyyət göstərir. Bunlardan ən ilklərdən olan və ən geniş yayılanı, nisbətən öz mahiyyətindən uzaqlaşmış feminizm qadınlarla kişilərə bərabər haqlar verilməsi uğrunda mübarizə aparmışdır. Qərb praktikasına nəzər salsaq görərik ki, nə qədər tanınmış qadın kimliyini gizlədərək özünü təsdiq etmək üçün kişi geyimi geyinmişdir. Feminizm şərq əxlaqına, mədəniyyətinə zidd olduğundan bu ölkələrdə yayılmamışdır. Bu mənada özümüzü şanslı saya bilərik. Çünki şərqdə ilk seçki hüququna məhz Azərbaycan qadınları sahib olmuşdur. Şəfiqə xanım Əfəndizadə publisistika, Gövhər Göyərçin incəsənət, Sona Vəlixan tibb elmi Səkinə xanım Axundzadə müsəlman dünyasında darmmaturgiya sahəsində ilklərimiz, öndərlərimiz olmuşlar.

Biz Məhsətilər, Natəvanlar, Nigarlar, Həcərlər nəslindənik. Şanlı tariximizə baxmayaraq bugün bizim qadın haqqları barədə maariflənməyə böyük ehtiyacımız vardır. Bu misiyanı guya öz üzərilərinə götürən tele-kanallarımız vardır. Əslində isə onların misiyası qadını alçaldaraq, təhqir edib ağladaraq, gündəmdə qalmaqdır. Bu proqramlar bayağı üslub, yalnız iki nəfər arasında istifadə oluna biləcək ifadələr, səviyyəsiz ekspertlər üzərində qurulmuşdur. Sanki ucuz yazılmış, qeyri peşəkar aktyorlar tərəfindən oynanan dram əsəri izləyirik. Sonu da adətən qadının kiməsə xəyanət etdiyinin üzə çıxması ilə bitən dram-faciə. Bu "faciə" nə insanı maarifləndirir, nə ağladır, sadəcə təzyiqini və səviyyəsini aşağı salır. Bununla məcbur ailə qurmağa vadar edilən, nəinki ali, heç orta təhsili belə bitirə bilməyən qızlarımıza, onların ailələrinə hansı mesajlar göndərilir? Ya qadınlara fiziki və mənəvi şiddət göstərənlərə, hətta canına qiyanlara?

Maarifləndirməyə öz evimizin içindən başlamalıyıq. Övladlarımızı, xüsusən də oğlan uşaqlarını "kişi nə istəsə edə bilər" "kişi döyər də, sevər də" və s. bu kimi şüurda yetişdirməməliyik. Elə olarsa qızlarımız həyata 1-0 məğlubiyyətlə başlayar. Bu cür kişilər sonradan öz həyat yoldaşlarını işləməyə qoymaz, her şeylərinə müdaxilə edər, "Pəncərədə işıq " tamaşasındakı kimi az qala pəncərələri qəzetlə örtərlər. Təbii ki bu ən yüngül hallardır. Boşanma istəyinə görə azmı qadın fiziki şiddətə məruz qalmışdır, azmı öldürülmüşdür? Qadın bir bülbüldür. Necə ki bülbül ən gözəl nəğməsini hüriyyətdə oxuyar, qadın da hür olarsa, xoşbəxt olar. O, xoşbəxt olarsa bəşəriyyət xoşbəxt olar.Unutmayaq ki, hər bir millətin, dövlətin inkişaf səviyyəsi onun qadına verdiyi dərəylə bağlıdır. Ən inkişaf etmiş toplum qadını hürr olan toplumdur.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.