Cəmiyyət

Azərbaycanın Müstəqillik Günü Vyetnamda maraqlı tədbirlə qeyd edilib - FOTO

20 Oktyabr 2014 18:44
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Müstəqillik Günü Vyetnamda bir günlük maraqlı tədbirlə qeyd edilib.
 

Milli.Az bildirir ki, Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizin Vyetnamdakı səfirliyi tərəfindən bu ölkənin ən böyük milli qoruqlarından biri olan Ba Vi Milli Parkının "Ao Vua" hotelində "Azərbaycanı kəşf et" adlı tədbir təşkil olunub. Sözügedən tədbirdə Vyetnam Xarici İşlər Nazirliyinin əməkdaşları, Vyetnamın aparıcı gənclər təşkilatlarının nümayəndələri, müxtəlif universitetlərin beynəlxalq əlaqələr departamentlərinin əməkdaşları və tələbələri, KİV nümayəndələri, ümumən 100-ə yaxın gənc iştirak edib.
 

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov geniş təqdimatla çıxış edib, Azərbaycan tarixi və inkişaf yolu, ölkəmizin qurulması və inkişafında ümummilli lider Heydər Əliyevin rolu, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğal siyasəti və bunun nəticələri, 20 Yanvar hadisələri və Xocalı soyqırımı, Azərbaycanın enerji siyasəti və mədəniyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, habelə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi və bugünkü inkişafı barədə tədbir iştirakçılarına geniş məlumat verib.
 

Təqdimat zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən videoçarxlar və Azərbaycanın tarixi ərazilərini özündə əks etdirən xəritələr nümayiş etdirilib.
 

Daha sonra tədbir iştirakçılarına Azərbaycan milli yeməklərindən olan plov, dolma və düşbərənin hazırlanma qaydası əyani şəkildə göstərilib.
 

Tədbirin davamında iştirakçılar arasında Azərbaycan haqqında bilik yarışması keçirilib.
 

Habelə, tədbir zamanı iştirakçılara Azərbaycanın milli rəqsləri ilə bağlı məlumat verilib və videoçarxlar nümayiş etdirilib. Daha sonra tədbir iştirakçılarına Azərbaycan milli rəqslərinin elementləri öyrədilib.
 

Tədbirin sonunda iştirakçılara Novruz adət-ənənələri ilə bağlı məlumat verilib və videoçarx nümayiş etdirilib. Novruzla bağlı təqdimat bitdikdən sonra tonqal qalanıb və tədbir iştirakçıları ilə birlikdə tonqal ətrafında yallı rəqsi ifa olunub.
 

Tədbir iştirakçıları "Azərbaycanı kəşf et" adlı bu tədbiri Azərbaycanın Vyetnamda keçirilmiş böyük bayramı kimi qiymətləndirib, onlara ölkəmiz haqqında daha geniş məlumat əldə etməyə imkan verdiyini bildiriblər.
 

Tədbir Vyetnam mətbuatı tərəfindən geniş işıqlandırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.