Cəmiyyət

Azərbaycanlı rəssam: "Onlar düşünürlər ki, niyə kənardan kimsə gəlib bizə ağalıq etməlidir?" - FOTOSESSİYA

21 Oktyabr 2014 03:00
3 Şərh     Baxış: 2 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ölənlərin xatirəsinə,

Qalanların xətrinə...

Və bir də...

Həqiqət naminə...

Mərhum yazıçı Zakir Sadatlının "Əfqanıstan uçurumu" romanı belə başlayır. Doğrudan da, əsas həqiqətdir. Həqiqət necə olub? Bəs əslində, necə olub? Bəşər övladı bu marağını təmin etmək üçün çox şeyindən keçə bilər. Amma həqiqət də bəzən çoxüzlü ola bilir. Elə Əfqanıstan hadisələri kimi...

...Əfqanıstanda döyüşmüş rəssam Tərlan Eyvazov da "bu hadisələrə bir konteksdən baxmaq mümkün deyil" deyir. Hər halda, biz onun xatirələrinə də həvəslə qulaq asdıq. Həqiqəti dinləmək naminə, həqiqət naminə...

-...Əsgərliyə bir az gec getdim, iki il rəssamlıq məktəbində təhsil aldım, sonra. Əvvəlcə Odessa hərbi dairəsində idim. Ayyarımdan sonra, dekabr ayının 27-də qəflətən məlumat verildi ki, Sovet İttifaqı Əfqanıstana qardaşlıq yardımı etmək haqda qərar qəbul edib. 1980-cü ilin yanvarında bizi eşalonla göndərdilər Əfqanıstana. Qorxurdum, əlbəttə ki... Kim deyirsə, qorxmamışam, yalan deyir. Amma elə ki getdik o şəraitə düşdük, dağın qayanın arasında döyüşmək bizə romantik gəldi. Gənc idik axı...

- Bu addım necə təqdim olundu sizə, əsgərlərə?
 

- Bu, əlbəttə, sovet hökumətinin Əfqanıstan xalqına qardaşlıq köməyi kimi təqdim olunurdu və deyilirdi ki, Əfqanıstana qarşı törənə biləcək hər hansı xarici müdaxilənin qarşısını almaq üçündür. Əslində isə Əfqanıstan hökumətinin xahişi ilə əksinqilabçılara qarşı döyüşmək üçün girmişdi ora sovet qoşunları. Üstündən bir neçə ay keçəndən sonra o vaxtın diliylə desək, əksinqilabçı qüvvələr, indiki baxışla isə mücahidlərlə döyüşlər başladı.

- Sovet hökumətini nə vadar etdi Əfqanıstana girməyə?
 

- Bilirsiniz ki, o vaxt hakimiyyətdə Əfqanıstan Xalq Partiyası idi - yəni Əfqanıstan kommunistləri. Bu isə onların həyat tərzinə, yerli şəraitə, insanların mentalitetinə uyğun gəlməyən bir hakimiyyət olduğuna görə narazılıq yaradırdı. O vaxtkı SSRİ rəhbərliyi Stalinin belə atmadığı addımı atdı. Stalin də vaxtilə oraya qoşun yeritmək istəyirdi, amma bunu etmədi. Sonrakı rəhbərlər də bunu etmədi. Çünki oranın relyefini, insanlarının təbiətini bilirdilər. Bilirdilər ki, bu yerdə Çingiz xandan üzü bəri heç bir cahangir qalib gələ bilməyib. Birinci növbədə ona görə qalib gələ bilməyib ki, oranın relyefi, təbii şəraiti dolanacaq sarıdan olduqca kasaddır. Dağlar, qayalıqlar, ərzaq və su qıtlığı, yanacaq problemi... Üstəlik, həmin şəraitdə yetişmiş insanların xarakteri - sərt, qürurlu, azadlıqsevər olmaları bu müharibələrdə həlledici rol oynayır. Bizə xəbər verirdilər ki, filan mövqedə mücahidlərin dəstəsi var. Əlimizdə olan texnika və silahla gedib həmin dəstəni məhv edib gəlirdik. Səhər onun yerinə iki dəstə çıxırdı. Çünki bu, xalq hərəkatı idi. Sovet ordusu da o vaxt öncül ordulardan biri idi, lakin onların öhdəsindən gəlmək mümkün deyildi. Ona görə də gördülər ki, Əfqanıstan dibsiz quyudur, çıxdılar ordan.
 

- Yəqin ki, İslam amilinin da burada rolu var...
 

- O da var, amma daha çox milli mentalitet məsələsidir. Köçəri xalqdırlar, azadlıqsevərdirlər. Yəni onlar silahın, odun içində böyüyüblər - onlarçün bu, həyat tərzidir.
 

- İndi necə baxırsınız o qüvvələrə, əksinqilabçı, yoxsa mücahid kimi?
 

- Məsələ burasındadır ki, orada qarışıqlıq idi. Buna indi də bir kontekstdən baxmaq mümkün deyil. Bunu bu gün orada baş verən hadisələr də göstərir. O vaxt onlara Amerika, Qərb kömək edirdi, sovetlərə qarşı müharibə aparırdılar. İndi isə o vaxt onlara kömək edən Amerika ilə vuruşurlar. Onlar düşünürlər ki, niyə kənardan kimsə gəlib bizə ağalıq etməlidir? 30 ildən artıq davam edən müharibələr ölkənin strukturunu, iqtisadiyyatını tamamilə dağıdıb. Əvvəllər taxıl, düyü, çəltik əkirdilərsə, indi narkotik becərirlər,- bu isə əlbəttə ki, yaxşı heç nə vəd eləmir. Bu cür qədim bir tarixə malik olan bir ölkə sovetlərin atdığı addım nəticəsində gəlib bu günə düşüb.
 

- Amma axı sovet birliyi ilə dostluq edən Əfqanıstan xeyli inkişaf etmişdi.
 

- Təbii ki, müharibəyə qədər ölkə xeyli inkişaf etmişdi. Təkcə sovet hakimiyyətindən yox, İrandan, Amerikadan yardımlar alırdılar. Əfqanıstanda cəmi iki şosse yol var. Onları da, oradakı bütün aeroportları da sovet hökuməti tikmişdi. Onların sovetlərə rəğbəti vardı, amma sonrakı hadisələr bu münasibəti dəyişdi.
 

- Amma hiss olunur ki, siz o vaxtkı əksinqilabçılara, indiki tərzdə desək, mücahidlərə rəğbət bəsləyirsiniz...
 

- Mənə xoş gəlirdi ki, onlar Azərbaycan deyən kimi tanıyırdılar, bizə rəğbət bəsləyirdilər, mahnılarımızı sevirdilər. Azadlıq ruhu bir halda dəstəklənməlidir ki, bundan xalq əziyyət çəkməsin. Əfqanıstanda isə təəssüf ki, sovet qoşunu çıxandan sonra da, hakimiyyət dəyişiklikləri səngimədi. Məhəmməd Nəcibulla hakimiyyətdən gedəndən sonra iri qruplaşmalar arasında savaş başladı və yerli əhalinin etirafına görə əvvəlki müharibələr bunun yanında toya getməli olub. İndi Amerika özü sovetlərin düşdüyü vəziyyətə düşüb, Əfqanıstandan çıxmaq üçün yollar axtarır. Əfqanıstandan isə qurtulmaq çox çətindir.

- Bəlkə bizə yadınızda qalan, heç unuda bilmədiyiniz döyüşlərdən biri haqda danışasınız?
 

- ...Yaddaqalan döyüş... Mən o döyüşləri necə güclü canlandırmağa çalışsam belə, mərhum Zakir Sadatlı kimi təsvir edə bilmərəm. O döyüşləri təsəvvür etmək istəyirsinizsə, həmin kitabı oxuyun.

- Qarabağda da vuruşmusunuz. Əfqanlara qarşı döyüşməklə ermənilərə qarşı döyüşməyin fərqini necə ifadə edərdiniz?
 

- Əfqanıstanda biz fövqəl bir ordunun əsgərləri idik və zəif bir ölkənin əsgərlərinə qarşı döyüşürdük. Qarabağ döyüşlərində isə bizim hər cəhətdən sıxıntımız, çatışmazlıqlarımız özünü göstərirdi. Buna baxmayaraq, Azərbaycanın yenicə formalaşan ordusunda Əfqanıstanda döyüş yolu keçmiş kadrlar böyük rol oynadılar. Döyüş ənənələrini orduya gətirə bildilər, onların bir çoxu Milli Qəhrəman səviyyəsinə yüksəldi, neçələri şəhid oldu.

Qaldı ki, əfqanlarla döyüşməyin ermənilərlə döyüşməyin fərqinə, ataların bir sözü var, deyir, yüz qorxaq dostun olunca, bir mərd düşmənin olsun. Yəni əqfanla ermənini heç müqayisə belə eləmək istəmirəm...
 

- "Əfqanıstan uçurumu" kitabına illüstrasiyalar çəkmisiniz. Biz onları Facebook-da gördük. Amma kitabda yer almayıb...
 

- Zakir müəllimlə orduda tanış olmuşam. Bizim hərbi hissənin qonşuluğundakı hərbi hissədə komandir idi. Ona "şair" deyirdik. Mən piyada qoşunda idim, o isə kəşfiyyatda. Ən çətin tapşırıqlara gedirdi. Onlar əvvəlcədən kəşfiyyat aparırdılar, sonra biz gedib həmin yerlərdə döyüş, hərbi əməliyyatlar aparırdıq. Yəni onların işi bizə nisbətən daha ağır idi, daha maraqlı idi. O vaxtdan da bizim dostluğumuz başlamışdı.
 

- Rəssamlıqla hansı səviyyədə məşğul olursunuz?
 

- Ordudan gələndən sonra müəllim işlədim, bununla yanaşı Pedaqoji Universitetin bədii qrafika fakültəsini əla qiymətlərlə bitirdim. Qarabağ müharibəsi başlayanda ehtiyatda olan zabit kimi getdim orduya, mənə mayor rütbəsi verdilər, 6 il orduda oldum. Hərbi hissə komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə qədər qalxdım. Yəni xeyli müddət rəssamlıqla məşğul ola bilmədim. Təxminən iki ilə yaxındır ki, yenidən başlamışam. Ona görə də dostum Zakir Sadatlıya rəhmət oxuyuram ki, məni "Əfqanıstan uçurumu" əsərinə illüstrasiyalar çəkməyə məcbur etdi. Mən də özümü məcbur elədim və işlədim. Amma iş elə gətirdi ki, o illüstrasiyalar həmin kitabda olmadı. Çünki Zakir müəllim artıq ölüm ayağında idi. Tələsirdilər ki, o kitab tez çıxsın. Şükürlər olsun ki, o, kitabını gördü. Amma biz hər il 15 fevralı Əfqanıstandan sovet ordusunun çıxarılması günü kimi qeyd edirdik, həmin günə qədər qalmadı. Ötən ilin iyun ayında döyüşçü rəssamların sərgisini təşkil elədim. Orada da Zakir müəllimin kitabı mükafat kimi təqdim olundu.
 

- O sərgidəki şəkilləri alan oldumu?
 

- Bir dənə də şəkil alınmadı. Deyək ki, mən zəif işləmişəm, başqa rəssamların işləri isə güclü işlər idi. Amma almaq istəyən olmadı...
 

Qızılgül Abdinova

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.