Cəmiyyət

Tağı Əhmədovdan sonra "28 May" metrosunun bəxti də bağlandı?

20 Oktyabr 2014 14:46
0 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzi stansiyasının əsas giriş qapısının bəxti iki ildir bağlanıb; metropolitendə açılışın nə vaxt olacağını bilmirlər

Metronun "28 May" stansiyasının girişi 2 ildir bağlanıb. Metropolitendə Tağı Əhmədov rəis olduğu dövrdə təmirə bağlanan stansiyada yenidənqurma işləri yekunlaşsa da, giriş qapısı açılmır.

Artıq iki ilə yaxındır ki, "28 May" metrosunun qapıları bağlıdır və sərnişinlər Cəfər Cabbarlı keçidindən istifadə edirlər. Baxmayaraq ki, stansiyanın giriş qapısında təmir işləri başa çatıb. Ancaq müəmmalı səbəblərdən sərnişinlər üçün bu qapılar kilidlənib.

C.Cabbarlı stansiyası isə həm platformaya getmək üçün uzaqdır, həm də basabasa səbəb olur. Maraqlıdır ki, stansiyanın çıxış qapıları açıqdır, eskalatorlar işləyir və sərnişinlər rahatlıqla hərəkət edirlər. Ancaq giriş qapısı bağlandığı üçün uzun tunel kimi olan C.Cabbarlı keçidini qət edib platformaya getmək lazımdır.

Uzun müddətdir ki, basabas, sıxlığa səbəb olan bu vəziyyətlə bağlı qeyri-müəyyənlik davam edir. Sərnişinlər də intizarla stansiyanın giriş qapılarının açılacağını gözləyirlər. Şəhər sakinləri qeyd edirlər ki, Tağı Əhmədovun dövründən bağlanan ən mərkəzi stansiyanın qapıları bu günə kimi açılmır. Onlar deyirlər ki, dəfələrlə girişin açılacağı elan olunsa da, heç nə dəyişməyib. Hətta bu il mayın 28-də açılış olacağı gözlənilirdi.

Amma artıq 2014-cü ilin yekununa az qalır və hər hansı bir yenilik gözə dəymir. Qeyd edək ki, "28 May" metrostansiyası 2013-cü il iyul ayının 1-dən təmirə bağlanıb. "2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq "28 May" stansiyasında tikinti işləri aparılıb.

Şəhər sakini Nadir deyir ki, indiyə qədər belə hal olmayıb: "Metro hazırdır, çıxış qapıları açıqdır, təmir də getmir. Mən başa düşmürəm ki, niyə giriş qapısı bağlanıb? Həm yolumuzu uzadırlar, həm sıxlıq yaranır. Adam Cəfər Cabbarlı keçidinə getməkdənsə, "Sahil" stansiyasına getməyə üstünlük verir. Metropolitendən də bir söz demirlər ki, bu giriş haçan açılacaq".

Tələbə Vüqarın sözlərinə görə, Tağı Əhmədovdan sonra stansiyanın təkcə qapısı yox, bəxti də bağlanıb: "Tağı müəllim "28 May" haqqında o qədər danışdı ki, gözümçıxdıya saldılar. Elə bil qəsdən giriş qapısı açılmır. Əgər təmir gedirsə, onda çıxış qapısını da bağlasınlar. Deməli, ortada bir iş var. Yəni bilmək olmur ki, əsas girişin açılmaması səbəb nə ola bilər?!" Sərnişinlər ümid edirlər ki, gələn ilin əvvəlində stansiyanın əsas girişi açılacaq.

"Açılışın tam dəqiq tarixi hələ ki, məlum deyil".

Bunu axar.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "28 May" metrostansiyasının girişinin açılacağı tarixlə bağlı sualı cavablandırarkən demişdi.

N.Paşayev bu barədə heç bir açıqlama verilmədiyini bildirmişdi. O, həmçinin "Avtovağzal" və "Memar Əcəmi 2" metrostansiyalarının açılışının bu ilin axırına kimi yekunlaşdırılacağını qeyd etmişdi.

Onu da deyək ki, "Bakı Metropoliteni" QSC Fransanın "Bouygues Travaux Publics, LLS" şirkəti ilə "28 May" stansiyasında yeni tunelin tikintisi ilə bağlı müqavilə imzalayıb.

"Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuata verdiyi məlumata görə, Qırmızı və Yaşıl xətlərin ayrılmasını nəzərdə tutan müqavilə QSC-nin sədri Zaur Hüseynov və Fransa şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı direktoru Jean-Denys Arnal tərəfindən imzalanıb. Layihənin icrasına yaxın günlərdə başlanılacaq. Tunelin tikintisinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, Qırmızı xətlə ("Həzi Aslanov" - "İçərişəhər" stansiyaları arası) Yaşıl xətt ("Dərnəgül" - "Xətai" stansiyaları arası) "28 May" stansiyasında kəsişir. İki xəttin bir-birindən ayrılması, eyni zamanda, qatarlararası intervalın azalmasına şərait yaradacaq.

Eləcə də "28 May" - "Dərnəgül" mənzilində hərəkət intervalını iki dəfə azaltmaq mümkün olacaq. Güman olunur ki, müqavilə əsasında "28 May"da yeni tunel tikintisinə görə əsas giriş hələ açılmır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.