Cəmiyyət

Bakıda avtobus rəzaləti davam edir

20 Oktyabr 2014 13:50
1 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhali narazılığı, sürücülərin özbaşınalığı pik həddə çatsa da, aidiyyəti qurumlar kardinal tədbirlər görməyə tələsmir...

Sürücülərin, dispetçerlərin yarıtmaz fəaliyyəti, saymazlığı Bakı sakinlərini artıq təngə gətirib. İnsanları narahat edən başlıca amil isə sürücülərin özbaşınalığı və basabas avtobuslardır.

Səhər və axşam saatlarında əksər marşrutlarda sıxlıq olur, bəzən maşında ayaq qoymağa belə yer tapılmır. Sürücü avtobusa nəzərdə tutulandan artıq sərnişin mindirir. Hətta elə vaxt olur ki, sərnişinlər avtobusun qapısından sallanır. 204 saylı sərnişin avtobusunda nəinki qapıdan, hətta pəncərədən sallanaraq gedənləri də görmək mümkündür. Həmin hadisəni əks etdirən foto və video KİV-lərdə yayılıb. Kadrlarda sərnişinlərin özlərini necə təhlükəyə atdıqları görünür. Maraqlısı həm də sürücünün baş verənlərə səssiz qalmasıdır. Görünür, onu sərnişinlərin təhlükəsizliyi yox, qazanc maraqlandırır.

Məlumatlara görə, avtobusun tabe olduğu "Fidan-Trans" MMC-nin rəhbəri həmin sürücünü işdən çıxardığını desə də bu, çözüm deyil. Çünki belə mənzərəni günün pik saatlarında əksər avtobuslarda görmək mümkündür. Şəhərin mərkəzi küçələrində hərəkət edən avtobuslarda olduğu kimi, ətraf qəsəbələrdə bu ictimai nəqliyyat vasitəsində hər gün, hər saat qəribə, təhlükəli anlar yaşanır. Hətta qəsəbədən şəhərə gəlmək istəyən insanlar dayanacaqlarda qalıb saatlarla avtobus gözləməli olurlar. İşə, universitetə tələsənlər isə 30-40 dəqiqədən bir gələn basabas avtobuslara minmək məcburiyyətində qalırlar. KİV-də yayımlanan və gizli çəkilən sonuncu videodan da göründüyü kimi, sərnişinlər hətta həyatlarını riskə ataraq avtobusun qapısından bayırda dayanaraq getməyə belə razı olurlar.

Belə kobud səhvlər nəticəsində insan tələfatı ilə nəticələnən avtobus qəzaları son vaxtlar çoxalıb.

Digər ciddi problem isə sürücülərin mədəniyyətsizliyidir. Bakı küçələrində avtobusların "avtoşluq" etməsi isə çoxdan adi hala çevrilib.

Sərnişini olduğumuz 11 nömrəli avtobusun sürücüsü vaxtı gecikdiyi üçün dayanacaqlarda saxlamır və çox sürətlə sürürdü. Sürücüdən düşməli olduğumuz dayanacaqda niyə saxlamadığını soruşduqda isə o, "saxlaya bilmərəm, gecikmişəm, bir də sonuncu dayanacaqda saxlayacağam" cavabını verdi.

Qeyd edək ki, düşməli olduğumuz yer sonuncudan bir dayanacaq qabaq idi. Avtobusdakı sərnişinlərin etirazından sonra dayanacaqdan xeyli aralıda avtobusu saxladı və düşmək istəyən sonuncu sərnişin hələ tam düşməmiş avtobusu sürətlə sürərək getdi.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı mətbuata açıqlamasında ilin 9 ayı ərzində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin "141-Qaynar Xətt" xidmətinə 3 min 251 zəng daxil olduğunu bildirib. Ş.Mehmanqızı zənglərin 30 faizinin avtobuslarla bağlı şikayətlər, 69 faizinin məlumat və informasiyaların öyrənilməsi, 1 faizinin isə təkliflər olduğunu qeyd edib.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.