Cəmiyyət

Xəsislik edib vermədiklərimiz...

19 Oktyabr 2014 21:56
0 Şərh     Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!" (Ali-İmran, 3/180).

Uca dinimiz İslam zəkatla yanaşı, başqa maddi xərclər çəkməyi də əmr etmiş, ətrafımızdakı insanlara qarşı vəzifə və məsuliyyətlərimiz olduğunu bizə xatırlatmışdır. Ailənin ehtiyaclarının təmin olunması, qohumların, kasıb və yetimlərin qorunması, ətrafımızdakı möhtac insanlara imkan ölçüsündə maddi kömək göstərilməsi də bu vəzifə və məsuliyyətlərimiz arasındadır.

Bu baxımdan İslamda israf və kimlərəsə göstəriş üçün bir şeylər paylamaq da xoş bir şey olmadığı kimi, xəsislik də qadağan edilmişdir. Xəsislik - imkan olduğu halda mal və sərvəti dini və hüquqi baxımdan lazımi yerlərə xərcləməmək və ya xeyir yolunda xərcləməyi sevməməkdir. Başqa sözlə, mal və sərvəti yaradılış məqsədinin xaricində xərcləmək israf, yaradılış məqsədi istiqamətində xərcləməyib saxlamaq xəsislik, yaradılış məqsədinə uyğun şəkildə xərcləmək isə comərdlikdir.

Xəsis ona verilmiş o qədər mal-mülkün gerçək sahibinin Allah (c.c.) olduğunu unudaraq, möhtac kəslərə verməyən insandır. İmkanları olduğu halda, Uca Allahın (c.c.) verdiyi mal və sərvəti xərclənməsi lazım olan yerlərə xərcləməyən xəsislər yalnız özlərinə deyil, başda həyat yoldaşları və övladları olmaqla, ətraflarındakı digər insanlara da pislik etmiş olarlar. Çünki Allahın (c.c.) onlara verdiyi bu nemətlərdə digər insanların da haqqı vardır (əl-Məaric, 70/24-25). Bu haqqın öz sahiblərinə verilməsi lazımdır.

Yuxarıda tərcüməsini verdiyimiz ayədə məhz bu məsələyə işarə edilir və insanın xəsislik edib başqaları ilə paylaşmayaraq yığdığı malının ona xeyir gətirməyəcəyi, bunun özü üçün həm dünyada, həm də axirətdə acı nəticələrinin olacağı xəbər verilir.

Həzrəti Peyğəmbər (s.ə.s.) də: "İki xüsusiyyət vardır ki, bir mömində əsla birlikdə olmaz: Xəsislik və pis əxlaq",- (Tirmizi, "Birr", 4l) buyuraraq, xəsisliyin və pis əxlaqın müsəlmanda olmaması lazım olduğunu ifadə etmişdir. Bir başqa hədisində isə:

"Hər səhər göydən iki mələk enər. Biri: "Allahım! İnfaq edənə qarşılığını ver",- deyə dua edər. Digəri də: "Allahım! Xəsislik edənə tələf ver (malını yox et)",- deyə qarğış edər",- buyurmuşdur.

Yenə sevimli Peyğəmbərimiz (s.ə.s.) xəsis kəslərin Allaha (c.c.), cənnətə və insanlara uzaq, cəhənnəm atəşinə isə yaxın olduqlarını bildirmişdir (Tirmizi, "Birr", 40). "Xəsislik etməkdən çəkinin. Çünki xəsislik sizdən əvvəl yaşayan insanları bir-birini boğazlamağa və toxunulmaz haqlarını tapdalamağa sürükləyərək həlak etmişdir" buyuran Rəsulullah (s.ə.s.) xəsislik üzündən gələcəkdə çıxa biləcək ictimai böhranlara diqqəti çəkmişdir. O, özü də xəsislikdən və xəsisliyin gətirəcəyi dünyəvi və üxrəvi fəlakətlərdən Allaha (c.c.) sığınmışdır. Çünki cəmiyyətdə zəngin insanlar sərvətlərini infaq etməz, möhtacları qorumazlarsa, kasıbların hərislik və həsədlərinə səbəb olarlar. Beləcə, cəmiyyətin nizamı pozular. Halbuki nəfsinin xəsisliyindən özlərini qoruyaraq, üzərinə düşən vəzifə və məsuliyyətlərini yerinə yetirənlər üçün nəticə belə olmaz. Onlar qurtuluşa çatarlar (əl-Həşr, 59/9; ət-Təğabun, 64/16). Sərvətlərindəki haqqı sahiblərinə verdikləri üçün Allahın (c.c.) razılığı ilə yanaşı, kasıb və yoxsulların da sevgi və hörmətlərini qazanarlar.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.