Cəmiyyət

"Sən get, atan gəlsin!"

15 Oktyabr 2014 18:55
0 Şərh     Baxış: 2 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərsi bir neçə dəfə valideynin etməsi uşağın dərsdən soyumasına səbəb olur

Tədris ili başlayandan sonra valideynlərin əsas problemi uşaqların dərs öyrənməkdən imtina etməsi ilə bağlı olur. Məktəbdən gələndən sonra televizora, kompüter oyunlarına can atan uşaqları kitab oxumağa, yazı yazmağa həvəsləndirmək çətin olur. Bunu ya zor gücünə etməli olursan, ya da uşağı mükafatlandıraraq.

Uşağı mükafatlandırmaq zamanla vərdiş halını alır, hər zaman dərs öyrənmək üçün valideynlə şərt kəsən, mükafat tələb edən uşaq böyüdükcə özü üçün etməli olduğu hər şeyə görə də valideynlə şərt kəsir. Zor gücünə dərs oxutmaq isə uşağın elə kiçik yaşlarından psixologiyasının pozulmasına səbəb olur. Döyülərək, incidilərək, qorxudularaq dərs oxumağa məcbur edilən uşaq böyüdükcə qorxaq, yalançı olur. Bununla yanaşı, öyrəndiklərini qorxu, zor gücünə öyrəndiyi üçün əzbərçi olur, yadında heç nə saxlamır.

Bəs valideynlər uşaqlarını dərs oxumağa həvəsləndirmək üçün nə etməlidirlər? Nə etmək lazımdır ki, bu günün uşağı sabah cəmiyyətin normal fərdinə çevrilə bilsin? Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, dərs öyrənmək uşağın vəzifəsidir. Amma buna baxmayaraq, yüzlərlə valideyn övladının dərs öyrənməməsindən şikayətlənir. Uşağın dərs öyrənməməsinə bir çox bəhanələr gətirilə bilər: "Dərs oxumaq uşağın otağını yığışdırması, dişlərini yuması kimi bir vəzifəsidir. Uşaq dərslərini öyrənməkdə məsuldur. Ancaq valideynlərin "oğlum dərs oxumur, qızım dərs öyrənməkdən imtina edir" fikirləri uşağın deyil, valideynin etdiyi tərbiyə üsulunda olan səhvlərdən qaynaqlanır. Əgər uşaq hər zaman öz işlərini valideynlərinin tələbi ilə həyata keçiribsə, dərs oxumağı, yazı yazması da valideynin tələbi ilə olmalıdır. Otağını yığışdırmayan, dişlərini fırçalamayan, tapşırıqlarını məktəbdən əskik gətirən, tökdüyünü yığmayan, məktəb çantasını səliqəyə salmayan, bir stəkan suyu mətbəxdən özü götürməyən uşaq, əlbəttə ki, dərsini də etməyəcək".

Müsahibimiz deyir ki, bir uşağa dərs oxumasını aşılamaq üçün evdə ona aid olan və ya olmayan yerlərdə müəyyən işlər tapşırmaq lazımdır. Bunu edən valideyn də sakit olmalıdır. Uşağı işə alışdırmağa çalışmalıdır. Uşaq evdə məsuliyyətini anladıqca, məktəbdə də dərs oxumağın məsuliyyətli olduğunu başa düşəcək.

Uşaqların dərs oxumamasının digər bir səbəbi də valideynlərlə bağlıdır. Belə ki, uşaq imtahandan aşağı qiymət alıbsa, bəzi valideynlər bu qiyməti yüksəltmək üçün müxtəlif yollara əl atırlar. Unudurlar ki, bu qiyməti aldığı kimi düzəltmək də uşağın öz öhdəsinə düşür. Onun yerinə bütün işləri valideynin etdiyini görən uşaq, zamanla dərsləri oxumağı və tapşırıqları etməyi də valideynə yükləmək istəyir. "Valideyn uşağa dərs öyrənməyə yardım edə bilər, amma dərsi bir neçə dəfə valideynin etməsi uşağın dərsdən soyumasına səbəb olur".

Müvəffəqiyyət və müvəffəqiyyətsizlik uşağın duyğusudur. Bu vəziyyətə də uşaq narahat olmalıdır. Valideyn olaraq sizin vəzifəniz bu duyğunu başa düşmək və uşaq kömək istədiyi zaman yanında ola bilməkdir.

"Əgər uşağınıza düzgün tərbiyə versəniz, onu hələ kiçik ikən məsuliyyətlərə alışdırsanız, uşaq evdə lazımlı olduğunu başa düşə bilsə, o, dərs oxumağa da bir vəzifə kimi baxacaq. Bu zaman sizin onu döyməyə və ya mükafatlandırmağa ehtiyacınız qalmayacaq".

Psixoloqun dediyinə görə, uşaqlarda dərs oxumamaq nadir halda psixoloji problemin xəbərçisi ola bilər. "Əgər uşaq dərs masasına əyləşdiyi zaman "dərsi öyrənməyə çalışıram, amma yadımda qalmır" deyirsə, stolda əyləşdiyi zaman onu tər basırsa, bədəni və eləcə də əlləri əsirsə, qorxulu, dəhşətli fikirləri ağlına gətirirsə, bu zaman siz də qorxmalısınız. Çünki bu baş verənlər uşağın özündən asılı olmur. Uşaq bunun qarşısını ala bilmədiyi üçün həmin vəziyyətlərə düşür. Bu, artıq ruhi bir problemin əlamətidir. Əgər uşağınızda belə hallar müşahidə edirsinizsə, mütləq bir uşaq psixoloqu ilə məsləhətləşin".

A.Əlibəylinin bildirdiyinə görə, bu sıxıntıların mütləq bir səbəbi olmasa, uşaq həmin vəziyyətə düşməz. Yəni uşaq iki halda dərs oxumaqdan imtina edə bilər; düzgün tərbiyə edilmədiyi, işə alışdırılmadığı, məsuliyyətini dərk edə bilmədiyi halda və psixoloji problem, sarsıntı yaşadığı zaman. Hər iki halda məsuliyyət valideynin üzərinə düşür.

"Uşağı dərsə həvəsləndirmək və ya məcbur etmək olmaz. Uşaq dərsə özü həvəsli olmalıdır. Oxumağa, tapşırıqları həll etməyə özü çalışmalıdır. Sizin vəzifəniz isə nəzarət etməkdir. Ara-sıra uşağa kiminsə uğur hekayəsini danışa bilər, bunun birbaşa təhsillə əlaqəli olduğunu başa sala bilərsiniz. Döyülmək çarə deyil. Dərs üçün döyülən uşaq ya buna zamanla öyrənir və önəmsəmir, ya da gələcəkdə daha qorxaq və aciz olaraq yetişir. "Övladım dərs oxumur" deməyin. Çünki səbəb sizsiniz. Problemi aradan qaldırın və uşağı dərsə alışdırın. Mükafatla yox, sözlə, məsəllərlə və ən nəhayət, işə alışdırmaqla..."

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.