Cəmiyyət

Məktəb və universitetlər necə mühafizə olunur?

3 Oktyabr 2014 15:47
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Etibar Əliyev: "Elə ali məktəblər var ki, orada mühafizəçilər universitetin binasından çox rektoru qoruyur"

Məktəblilərin itkin düşməsi, oğurlanması, təhsil müəssisələrində xoşagəlməz hadisələrin baş verməsi kimi xəbərlərə tez-tez rast gəlirik. Bir neçə il əvvəl Azərbaycan Neft Akademiyasında tələbələrin ölümü ilə nəticələnən terror aktı da yadınızdadır.

Maraqlıdır, hazırda orta və ali məktəblərin təhlükəsizliyi necə təmin olunur?

Bunu öyrənmək üçün paytaxtdakı bir neçə orta ümumtəhsil müəssisəsinə və ali məktəblərə baş çəkdik.

Baş çəkdiyimiz yerlərin heç birində təhlükəsizlik məsələsi kompleks halda həll olunmamışdı. Məktəblərin əksəriyyətinin mühafizəsini yaşlı adamlar, qadınlar həyata keçirir.

İlk baş çəkdiyimiz ünvan Nizami rayonunda yerləşən Kamil Əliyev adına 61 saylı orta məktəb oldu. Məktəbin binasına rahat şəkildə daxil ola bildik və sinif otaqlarına doğru getdik. Bizi saxlayıb "kimsiniz, niyə gəlmisiniz" - deyə soruşan olmadı. Bizimlə yanaşı bir neçə valideyn də içəri daxil oldu. Məktəbin qapısında yaşlı bir qadın dayanmışdı və valideynlərə nəsə deyirdi. Apardığımız müşahidə əsasında müəyyən etdik ki, məktəbin mühafizəsini həmin bu yaşlı qadın həyata keçirir. Qadına jurnalist olduğumuzu deyib, hər kəsin belə rahat şəkildə içəri girməsinə niyə icazə verdiyini soruşduq. Cavabında bizə məktəbdə valideyn iclası olduğunu bildirdi: "Məktəbdə valideyn iclasıdır. Elə bildim siz də valideynsiniz. Yoxsa mən soruşmadan içəri heç kimi buraxmıram".

Amma hər halda, valideyn iclası olsa belə sayıqlığı əldən vermək olmaz. Təbii ki, söhbət məktəblilərin təhlükəsizliyindən gedirsə...

Digər baş çəkdiyimiz məkanda, 304 saylı məktəbdə isə fərqli situasiya vardı. İçəri daxil olan kimi mühafizəçi bizi saxlayıb kim olduğumuzu soruşdu. Mühafizəçiyə valideyn olduğumuzu dediyimiz halda belə bizi içəri buraxmayıb çöldə gözləməyimizi xahiş etdi. Ancaq bu mühafizəçinin də əynində əvvəlki məktəbdəki kimi, mühafizəçi olduğunu təsdiqləyən geyim yox idi.

36 nömrəli digər məktəbdə də mühafizəçi içəri heç kimi buraxmırdı...

Universitetlərin də mühafizəsində müəyyən boşluqlar var. Baş çəkdiyimiz Xarici Dillər Universitetində mühafizəçi qapıda olmasına baxmayaraq rahat içəri daxil olduq. Bizdən tələbə olduğumuzu təsdiqləyəcək heç bir sənəd tələb olunmadı.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və İncəsənət Universitetində də eyni hal təkrar olundu. Yəni qapıdan rahat şəkildə universitetin həyətinə daxil olduq. Heç kim bizim tələbə olmadığımızdan şübhələnmədi.

Müşahidələrimiz əsasında onu deyə bilərik ki, məktəb və universitetlərin mühafizəsi istənilən səviyyədə deyil.

Təhsil eksperti Etibar Əliyev mühafizəçinin universitetdən çox rektoru qoruduğunu dedi: "Məktəblərin mühafizəsində boşluqlar var. Məktəblərin vəsaiti olmalıdır ki, təhlükəsizlik üçün bir neçə mühafizəçi işə götürə bilsin. Varlı məktəblərin üç, beş, kasıb məktəblərdə - yəni Bakının kəndlərində, ucqar yerlərdə yerləşən məktəblər bir mühafizəçi ilə işlərini qura bilirlər. Ancaq mən hesab edirəm ki, məktəbi qorumaq üçün azı üç mühafizəçi olmalıdır. Universitetlərdə isə mühafizə sistemi nisbətən yaxşıdır. Məktəb və universitetlərin mühafizəsi məsələsi əsasən Neft Akademiyasında baş verən terrordan sonra gündəmə gəlib. Yenə də təkrar edim ki, universitetlərin bəzilərində elə sistem qurulub ki, orada mühafizəçi binanı, tələbələri yox, rektoru qoruyur. Əslində mühafizə işinə müəllimlərin özü, universitetlərin nəzdindəki tələbə təşkilatları da kömək etməlidir. Bu, hər halda, ali və orta məktəb rəhbərliyindən asılı olan məsələdir. İstəsələr mühafizə sistemini yaxşı qura bilərlər".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.