Cəmiyyət

Evlilik saytları nə qədər etibarlıdır?

2 Oktyabr 2014 18:04
16 Şərh     Baxış: 7 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailə bir məktəbdir və onun əlifbası saytda, virtual aləmdə öyrədilə bilməz

Dünyanın əksər ölkəsində olduğu kimi, bizdə də evlilik saytları fəaliyyət göstərir. Belə saytlar kor-təbii tanışlıqdan fərqli olaraq məqsədli şəkildə insanları tanış edir, onların ailə həyatı qurması üçün yardımçı olur. Amma bu saytların və saytlarda qeydiyyatdan keçmiş insanların nə dərəcədə etibarlı olmaları bir qədər qaranlıq qalır.

Bir müddət öncə Türkiyə evlilik saytlarında qeydiyyatdan keçmiş və türk bir iş adamı ilə tanış olmuş 30 yaşlı azərbaycanlı Arzu Ələsgərlinin başına gələnlər evlilik saytlarına qarşı olan inamı bir qədər qırır. A.Ələsgərli deyir ki, 2 il öncə Türkiyənin evlilik saytlarından birində qeydiyyatdan keçib. "Məqsədim ailə həyatı qurmaq idi. Sayta öz şəkillərimi qoyduğum üçün mənə yazanların sayı çox idi. Mən isə danışır, müqayisə edir və birini seçməyi düşünürdüm. Daha sonra özünün dediyinə görə, əsli Konyadan olan Alp Arslan adlı biri ilə tanış oldum. O, Konyada avtomobil salonu işlətdiyini deyirdi. Çox danışdıq. Həyat yoldaşının öldüyünü deyən Alp məni tez-tez Türkiyəyə çağırır, işi ilə əlaqədar bura gələ bilmədiyini bildirirdi. Bir gün qərar verdim ki, onu görməyə gedim. Getdim də. İlk getdiyim gün işi çox olduğuna görə görüşə bilmədik. İkinci gün görüşdük. Qarşımda şəkillərdə olduğunun tam tərsi olan biri dayanmışdı. Bir qədər söhbət etdikdən sonra mənə evli olduğunu, məni ikinci həyat yoldaşı kimi istədiyini dedi. Türkiyəyə getdiyim üçün çox peşman idim. Yola xərclədiyim pula, öz hisslərimə, tökdüyüm gözyaşlarına, zənglərə xərclədiyim pullara heyfim gəlirdi. Kor-peşman Bakıya qayıtdım".

A.Ələsgərlinin sözlərinə görə, Türkiyədən qayıtdıqdan sonra saytdan Alpın qeydiyyatının silindiyini görüb və o da saytdan çıxıb. Müsahibimiz bildirir ki, ailə həyatı saytlarda tanışlıqla, virtual söhbətlərlə qurula bilməz. Əgər bir insanın taleyinə ailə yazılıbsa, mütləq olacaq, gərək axtarmayasan.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, son zamanlar dünya ilə ayaqlaşmağa çalışdığımız üçün hardasa demək olar ki, axsayırıq. Evlilik saytları bizim cəmiyyət üçün uyğun deyil. Bu saytlar çarəsiz, özünə inamsız, real həyatda tanış olmağı bacarmayan, kiminsə yaxın durmadığı insanlar üçündür. "Əgər ağlınız başınızdadırsa, mütləq özünüzə uyğun biri ilə tanış olmaq qabiliyyətinə maliksiniz. Saytlar boş, mənasız insanlar üçündür. Bəlkə də evlilik saytlarında olanların 80 faizi evli insanlardır. Mən bunu yaxşı dəyərləndirmirəm".

Həmsöhbətimiz hesab edir ki, ailə bir məktəbdir və onun əlifbası saytda, virtual aləmdə öyrədilə bilməz. Onun fikrincə, evliliyə belə dırnaqarası baxıldığı üçün də boşanmaların sayı gündən-günə artıb. "Gənclərimizə məsləhət görərdim ki, ailə həyatı qurarkən saytlar, vasitəçilərə deyil, özlərinə etibar etsinlər və ailə qurmaq xatirinə ailə qurmasınlar".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə isə evlilik saytları tələbatdan doğan bir xidmətdir. Çünki insanlar məşğuldur və evlənməyə demək olar ki, vaxt tapa bilmirlər. "Lakin bu cür evliliklərin uğurlu olması sual altındadı. Ümumiyyətlə, virtual aləmdə tanış olan cütlüklərin sonu, mənim zənnimcə, hər zaman uğurlu olmur. Düzdür, istisnalar ola bilər. Amma əksər halda bu cütlüklərin sonunun uğurlu ola biləcəyinə inanmıram. Bu cür evliliklər tələbatdan doğan və ya hansısa maraqlar çərçivəsində yaranan evliliklərdir. Konkret bir-biri ilə ünsiyyət qurmayan və hər hansı hisslər mövcud olmayan evlilikdə davamlı bağlılıq, məncə, mümkünsüzdür".

Virtual aləmin insanı daha çox robotlaşdırdığını deyən M.Zeynalovaya görə, belə hallarda insan alveri də aktual ola bilər. "Vaxtilə Yaponiyada belə xidmətlər vardı. "Avropa üçün gəlinlər" adı ilə belə evlilik firmaları mövcud idi. Onlar kasıb ölkələrdən, məsələn, Filippindən qadınları toplayıb ərə vermək adı ilə satırdılar. Təbii ki, insan alverçiləri bütün vasitələrdən istifadə etmək üçün yerlər axtarırlar. Odur ki, belə təkliflər alarkən mütləq diqqətli olmaq, bütün məlumatları təkrar-təkrar yoxlamaq lazımdır".

İnsan alverinə qarşı mübarizə idarəsinin məlumatına görə, 2013-cü ildə insan alverinə qarşı 238 cinayət işi qeydə alınıb. Bunlardan 80-i insan alveri, 73-ü fahişəliyə cəlb etmə, 4 məcburi əmək, 3-ü yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə, 6-ı seksual xarakterli hərəkətlərə məcbur etmə, 68-ı əxlaqsızlıq yuvaları saxlama, 4-ü pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymadır. Cinayət törətmiş şəxslər 124 nəfər, qurbanlar 56, o cümlədən insan alverçiləri (144-1-ci maddə ilə) 17 nəfərdir.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.