Cəmiyyət

Bakının mərkəzində qadağanedici nişanlar sökülür - FOTO

2 Oktyabr 2014 11:32
0 Şərh     Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yeni parkomatların quraşdırıması davam etdirilir.

Paytaxtın küçələrində yeni avtodayanacaqlara ehtiyac var. Heç kim buna şübhə etmir. Ancaq əvvəllər avtomobillərin saxlanılması qəti qadağan olunan hissələr nəyə görə indi parkinq ərazilərinə çevrilir?

Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, Əhməd Cavad küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsindən Axundov bağına qədər və Murtuza Muxtarov küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsinə qədər olan hissədə dayanma və durmanı qadağan edən nişanlar götürülür. İndi buralarda maşınların park edilməsi qanuniləşdirilib.

Adətən dayanma və durmanı qadağan edən nişanları nəqliyyat yükü çox olan küçələrdə quraşdırırlar ki, maşınların hərəkətində maneələr yaranmasın.

Qanunsuz parkinq yerlərini qanuniləşdirmək nə dərəcədə məntiqlidir?

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki xüsusi təyinatlı avtonəqliyyat idarəsinin rəisi Həsən Abdullayevlə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Bakının mərkəzi küçələrində yol polisi ilə birlikdə dayanma və durmanı qadağan edən nişanlar götürülüb, həmin yerlərdə pullu dayanacaqlar yaradılıb.

"Məsələ burasındadır ki, mərkəzi küçələrdə yaşayan insanlar müraciət ediblər. Onlar qadağanedici nişanlar ucbatından maşınlarını öz pəncərələrinin altında park edə bilmirlər. Biz də vətəndaşların müraciətlərini nəzərə aldıq. Həmin ərazidə yaşayan sakinlərə aylıq 15 manatlıq kupon təqdim edilir", - o əlavə edib.

Həmsöhbətimizin sözlərinə görə, artıq Bakıda 400-ə yaxın parkomat quraşdırılıb. Parkomatların sayının 1000-ə çatdırılması nəzərdə tutulub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.