Cəmiyyət

Uşaqlarda heyvan qorxusu

1 Oktyabr 2014 16:53
0 Şərh     Baxış: 3 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qorxunun ən şiddətli formasında insan heyvanın adını eşidəndə belə qorxmağa başlayır

Elə bir insan yoxdur ki, o, hər hansı bir heyvandan qorxmasın. Qorxu hissi hər insanda var və bu qorxu yaşa, yaşadığı mühitə, məkana görə də dəyişir. Əksər insanlar hətta illər keçsə belə, hansısa heyvana qarşı olan qorxularını dəf edə bilmirlər. Nəticədə bu hiss daha da yığılaraq insanda fobiya əmələ gətirir.

Qorxunun ən şiddətli forması artıq insan heyvanın adı gəldikdə belə qorxmağa başlayanda özünü göstərir. Heyvanın şəkli, oyuncağı və bu kimi onu xatırladan nüanslar göz önünə gəldikdə insan psixoloji olaraq gərilir. Qorxu özbaşına yaranmır. Uşaq yaşlarında hər hansı bir travma yaşayan, eyni zamanda heyvanlarla bağlı pis xatirələrə malik olan insanlar üçün qorxunun bir ömür boyu davam etməsi də qaçılmaz haldır.

Bu günün uşaqları isə daha həssasdır. Nəzərə alsaq ki, ən qorxulu xəstəliklərin özü belə qorxudan yarana bilir, o zaman uşaqların qorxularına qarşı daha diqqətli olmaqda fayda var. Müxtəlif miflərdən, adamlardan, qaranlıqdan qorxan uşaqlar üçün bu qorxu müəyyən müddət sonra gülməli bir xatirəyə çevrilə bilər, amma heyvan qorxusunu canından atmayan uşaq üçün həyat heç də asan olmayacaq. Onlarda bu qorxunun qarşısını almaq isə valideynlərin üzərinə düşür.

Maraqlı haldır ki, rayon uşaqları, eləcə də həyət evində böyüyən uşaqlar üçün heyvan qorxusunun olması nadir haldır. Bu cür uşaqlar şəhər uşaqları ilə müqayisə edildikdə ortaya kəskin fərq çıxır. Şəhər uşaqları adi milçəkdən qorxduğu halda rayon uşaqları üçün ağıla gələ bilməyəcək həşəratlara qarşı belə qorxu olmur. Səbəb isə valideyn rahatlığı və mühitdir. Məhz bu cür uşaqların gələcək həyatları da rahat və problemsiz keçir. Şəhər mühitinin qorunan uşaqları üçün isə vəziyyət heç də ürək açan olmur.

Psixoloq Gülər Namazovanın sözlərinə görə, bəzən valideynlər özləri uşaqlarını qorxutmaq üçün müxtəlif heyvan və həşəratları əməllərinə alət edirlər. "Şkafı açma tarakan dişləyər", "qapıya getmə böcək yeyər" və s. kimi bir növ qorxutmaq xarakterli işlədilən deyimlər uşaqlarda heyvanı görmədən ona qarşı qorxu yaradır. Valideyn nəzərə almır ki, ev şəraitində qorxutduğu heyvanlarla övladı bir gün qarşılaşa bilər və o an keçirilən qorxu hissi də uşaqda iz buraxa bilər. Ümumiyyətlə, bu mövzuda olduqca həssas olmaq və uşağın irəli yaşlarda da qarşılaşma ehtimalı olan canlılarla onu qorxutmamaq lazımdır: "Valideynlər digər canlılara qarşı sevgi, mərhəmət hissini kiçik yaşlarda uşaqlara aşılamalıdırlar. Ana və ya ata düşünməməlidir ki, uşaq da böyüklər kimi hər şeyi dərk edir. Böyüklər ağıllarına belə gətirə bilməzlər ki, valideynin hər hansı bir hərəkətini kiçiklər hansı istiqamətə yozub necə nəticə çıxara bilərlər. Əgər bu gün küçədə görsəniz ki, uşaq daşla hər hansı bir canlını, məsələn, quşu vurb öldürməyə həvəslidir, pişiyə qum atıb bundan zövq alır, bilin ki, ailədə vəziyyət eynilə bu cürdür. Uşağın valideynləri uşağın gözü önündə hər hansı həşəratı ayaqqabıyla əzib buna sevinir, dərhal onu çölə atır və qəhrəmanlıq edirmiş kimi davranır. Uşaq dərk edə bilmir ki, evdəki böcəklə həyətdəki pişik fərqlidir. Onun üçün heyvan bir mənanı daşıyır və bu, fərq etmir zərərli və ya zərərsiz olsun. Örnək davranış hər hansı bir böcəyi və ya heyvanı uşağa göstərmək, onun təhlükəsiz olmasını izah etmək və ehtiyyatla, öldürmədən ondan qurtulmaqdır".

Psixoloq deyir ki, valideynlər əksər hallarda övladlarını qorumaq üçün onları mühitdən təcrid edirlər. Həyətə olmaz, qumla oynamaq olmaz, heyvana əl vurmaq olmaz, üzərinə getmək olmaz və s. "Olmaz"lar olduğu təqdirdə daim maraq obyekti olacaq heyvanlar eyni zamanda uşaq beynində qorxu da yaradacaq. Deməli, bu, təhlükəlidir ki, anam məni qoruyur və mütləq mən də özümü qorumalıyam instinkti meydana çıxacaq: "Heyvan bəsləmək başqa, onunla oynamaq başqadır. Düzdür, heyvanların uşaqların böyüməsində, tərbiyəsində, psixologiyasında yeri əvəzsizdir, amma əgər ev şəraitində hər hansı bir heyvan saxlamaq mümkün deyilsə, uşağı anlıq sevgidən də məhrum etmək düzgün deyil. Sərbəst buraxın, böcəyi çevirsin, pişiklə oynasın, qurbağa ilə əylənsin. Bu cür münasibətdən valideyn qorxa bilər, amma bu o demək deyil ki, uşaqların "ilanboğan" yaşlarında onları da qorxutmaq və uzaq saxlamaq lazımdır. Uşaq üçün hər şeyin təməlinin qoyulduğu erkən yaşlarda mümkün qədər onları qorxusuz və cəsur böyütmək lazımdır. Bu, onların sonrakı yaşamlarında da müsbət keyfiyyətlər orata çıxaracaq. Qorxusuz həyat yaşayan uşaqlar üçün əylənmək və öyrənmək üçün heç bir maneə olmur. Uşaq sərbəstliyi onu həm müxtəlif fobiyalardan qoruyacaq, eyni zamanda mərhəmətli, sevgi dolu böyüməsinə də yardım edəcək. Valideynlər üçün qızıl qayda budur. Qorxma, qorxutma, öldürmə və öldürməsinə izn vermə. Yalnız bu qayda ilə böyüdülən uşaqlar üçün qorxu anlayışı sıfır olur".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.