Cəmiyyət

Müqavilələr elektronlaşsa da...

1 Oktyabr 2014 16:57
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlərə görə, qeyri-leqal əmək problemini tək bununla həll etmək mümkün olmayacaq

Qeyri-leqal əmək Azərbaycan iqtisadiyyatı üçün hələ də aktual problem olaraq qalmaqdadır.

Əmək hüquqlarının ən ciddi pozulması hallı olan bu duruma qarşı mübarizədə son vaxtlar xeyli aktivlik müşahidə edilsə də, problem həllini tapmayıb. Belə bir məqamda əmək müqavilələrinin elektronlaşması ilə bağlı qərar qəbul edildi. İndi əmək münasibətləri müqavilə bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq. Bununla bağlı Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli qanunla dəyişikliklər edilib.

Əmək müqaviləsi bildirişi işəgötürənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə daxil etdiyi elektron sənəddir. Bu dəyişikliklərdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər elektron informasiya sistemində əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidir.

Bəs bu dəyişiklik bu sahədə mövcud olan problemin həllinə gətirib çıxaracaqmı? Maraqlıdır ki, əsasən müsbət dəyərləndirilən yeni mexanizmi tənqid edənlər də var. Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyir ki, Əmək Məcəlləsinə edilən bu dəyişiklik düşünülmədən və bu sahəni bilən şəxslərin rəyi öyrənilmədən atılan səhv addımdır: "Bu qanundakı yenilik yaxın gələcəkdə heç nəyi dəyişməyəcək. İlin əvvəlinə bir milyon yarımdan çox işçi ilə əmək müqaviləsinin olması barədə rəsmi statistika verilib. Halbuki məşğul əhalinin sayı bundan 3 dəfə çoxdur. Bu sistemin tətbiqi qeyri-formal əmək bazarının ləğvinə gətirməyəcək. Əksinə, bir çox işəgötürən yeni qaydalara uyğunlaşmaq əvəzinə bağladıqları əmək müqavilələrini də ləğv edəcək".

Sahib Məmmədov paralel olaraq əmək kitabçalarının qalmasının vacib olduğunu bildirib: "Vergilər Nazirliyi 7 ildir e-bəyannamə sisteminə keçib. Amma paralel olaraq kağız formada bəyannamələrin verilməsini də saxlayıb. Elektron formanı isə təkmilləşdirməkdə davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə birbaşa əmək müqavilələrinin e-qeydiyyat sistemini tətbiq edir. Ucqar rayonda iki nəfər işçisi olan şəxs, hansı ki, ömründə internet və kompüterin nə olduğunu bilmir, e-bildirişi necə verəcək?! Çətin məsələdir. Mən hesab edirəm ki, Əmək Məcəlləsi dəyişdirilməli və əmək müqavilələrinin e-qeydiyyat sistemi mərhələli şəkildə olmalıdır".

Əmək müqaviləsinin elektronlaşması ilə bağlı narahatçılıqlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında cavab tapmaq olar. Açıqlamada bildirilir ki, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması ilə bağlı elektron informasiya sistemi artıq istifadəyə verilib. İyul ayının 1-dən sistemə bildirişlər daxil olmaqdadır. Qurumun sentyabrın 25-də yaydığı məlumatda o da qeyd edilir ki, daxil olan bildirişlərin sayı 1 milyonu ötüb: "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə (EİS) əmək müqaviləsi bildirişlərinin daxil edilərək qeydiyyatdan keçirilməsi prosesi günbəgün sürətlənir. Belə ki, EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq bir milyonu (1 miyon 1976 bildiriş) ötüb.

Bu islahat tədbirinin uğurla həyata keçirilməsi Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə EİS-nin işçi və işəgötürənlərin maraq və mənafelərini aydın şəkildə əks etdirdiyini, onun texniki infrastrukturunun mükəmməl şəkildə hazırlandığını təsdiq edir.

Yalnız onu qeyd etmək kifayətdir ki, prosesə başlandığı ilk günlərdən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında qərar tutub. Əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsinə xidmət edən bu proses ƏƏSMN tərəfindən əhali, xüsusən işəgötürənlər arasında çoxşaxəli təbliğat-məlumatlandırma işlərinin aparılması ilə müşaiyyət olunub. Ölkənin bütün bölgələrində işəgötürənlər üçün "Açıq qapı günü-vətəndaş forumu" çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib və onlara əməli köməklik göstərilməsi üçün hər bir regionda "Yardımçı masaları" yaradılıb.

Həmçinin müvafiq metodiki göstərişlər və yardımçı materiallar ƏƏSMN-nin rəsmi internet saytında yerləşdirilib, Nazirliyin "142-Çağrı mərkəzi"nin müvafiq mövzu ilə bağlı olaraq məlumatlandırma funksiyaları genişləndirilib".

Qeyd edək ki, Əmək Məcəlləsinə edilmiş dəyişikliyin əsas mahiyyəti kağız üzərində bağlanılmış əmək müqavilələrinin müvafiq əmək müqaviləsi bildirişləri formasında elektron informasiya sistemində qeydiyyatı nəticəsində hüquqi qüvvəyə minməsi ilə bağlıdır. Yəni məcəllənin 44-cü maddəsinə uyğun olaraq yazılı bağlanmış əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün işəgötürən əmək müqaviləsi bildirişini müvafiq qaydada elektron informasiya sisteminə daxil etməlidir.

Əmək müqaviləsi bildirişinin qeydiyyata salınması üçün ilk növbədə tərəflərin arasında yazılı formada əmək müqaviləsi bağlanmalıdır. Lakin kağız üzərində yazılı formada bağlanmış əmək müqaviləsi barədə bildiriş elektron informasiya sisteminə daxil edilmədən, yəni əmək münasibətləri hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edilməsi qadağandır və bu qanun pozuntusu inzibati məsuliyyətə və cinayət məsuliyyətinə səbəb olur".

Təhqiqatlar göstərir ki, sahibkarlar tərəfindən əmək müqaviləsinin bağlanmamasının əsas səbəblərindən biri sosial ödənişləri, vergiləri ödəməkdən yayınma istəyi ilə birbaşa əlaqədardır. Məlumdur ki, Sosial Müdafiə Fonduna 25% sosial ödəniş həyata keçirilir. Bu məbləğin 22%-i işəgötürən, 3%-i isə işçi tərəfindən ödənilir. Bu baxımdan, 25% sosial ödənişin işçi ilə sahibkar arasında bölüşdürülməsi mexanizminə yenidən baxılmasına ehtiyac var. Məsələn, bu məbləğin 10%-nin işçi tərəfindən, qalan 15%-nin isə işəgötürən tərəfindən ödənilməsi daha ədalətli mexanizm hesab edilə bilər. Əmək müqaviləsinin bağlanmasına marağın artırılması istiqamətində işçilər arasında maarifləndirmə işinin aparılmasına, o cümlədən qanunsuz hallara qarşı məsuliyyət tədbirlərinin daha da sərtləşdirilməsinə ehtiyac duyulur.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.