Cəmiyyət

Nazirlik rəsmisi yağışlı havalarda yaranan tıxaclardan danışdı

1 Oktyabr 2014 15:11
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namiq Həsənov: "Bu qədər inkişaf gedən şəhərdə belə halların olması labüddür"

Yağışlı günlərin başlaması ilə paytaxtda problemlər də sıraya düzülüb. Sentyabrın 29-u gecədən yağan yağış nəticəsində iki gündür Bakının mərkəzi küçə və prospektlərində dəhşətli tıxac yaranıb.

Maraqlıdır, hər il təkrarlanan eyni tipli nəqliyyat problemlərinin başlıca səbəbləri nədir? Bundan çıxış yolu kimi aidiyyatı dövlət qurumları, onların rəhbərləri hansı təkliflər irəli sürməlidirlər?

Milli.Az-ın məlumatına görə, "Yeni Müsavat"ın suallarını cavablandıran Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov səbəbləri açıqlayaraq bunları söylədi:

"Yağışlı havalarda istər-istəməz avtonəqliyyat vasitələrinin sürəti aşağı düşür. Sürücülər daha ehtiyatla davranırlar. Nəticədə sürət daha aşağı düşəndə sıxlıq yaranır. Adi günlərdə "Yaşıl dalğa" prinsipi ilə saniyələri artırırıq ki, hərəkət sürətli davam etsin, sıxlıq yaranmasın. Amma yağışlı havalarda bu da yardım etmir. Bir də qeyd edim ki, bu tip tıxaclar əsasən pik vaxt - səhər və axşam saatlarında yaranır. Bu saatlarda da hava yağışlıdırsa, yer sürüşkən olur və sürücülər ehtiyat üçün yavaş sürürlər. Başqa səbəblərdən biri də tikinti işləri ilə əlaqədar yaranan problemlərdir. Belə ki, bəzi yerlərdə yol qovşaqları tikilir və ya piyada keçidi düzəldilir, ona görə də tıxaclar əmələ gələ bilir. Yaxud hansısa köhnə avtomobilin mühərriki xarab olub, qalıb yolun ortasında. Belə havalarda da bircə avtomobil bəsdir ki, Bakıda tıxac yaratsın. Təbii ki, bu və bu kimi səbəblər çoxdur".

"Bu cür durumların aradan qaldırılması istiqamətində hansı tədbirlərin görülməsi gərəkdir?" sualına N.Həsənov belə cavab verdi: "Yeni tədris ili başlayandan bizim əməkdaşlar, eyni zamanda Dövlət Yol Polisi də gücləndirilmiş iş rejimində çalışırlar. Nəzərə alsaq ki, bir neçə gün sonra Qurban bayramıdır, bu bayramla əlaqədar da intensivliklər artacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidməti də, Bakı Sərnişin MMC də, Dövlət Dəmiryolu İdarəsi də, "Azəryolservis" və başqa qurumlar da gücləndirilmiş iş rejimində çalışırlar. Harada bir problem olsa, "qaynar xət"lərə müraciət olunur və tədbir görülür. Düzdür, elə yerlər olur ki, subyektiv səbəblərdən bunu çatdırmaq olmur. Amma bütün hallarda vətəndaşlar da bizə yardımçı olmalıdırlar. Biz daim bu ərəfələrdə müraciət edirik ki, vətəndaşlar fərdi avtomobil vasitələrindən az istifadə etsinlər. Bu, çağırışlardan biridir. Əməl edənlər də olur, etməyənlər də. Hər halda bu qədər inkişaf gedən şəhərdə belə halların olması labüddür. Ona görə də bayram günlərində vətəndaşlar çalışıb alternativ yollardan istifadə etsinlər, əgər bu hal mümkün deyilsə, ictimai nəqliyyata üstünlük versinlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.