Cəmiyyət

Azərbaycanda yol qırğınları: kimdir günahkar?

1 Oktyabr 2014 15:23
1 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol qəzası qurbanları müharibə qurbanları ilə "rəqabətdə"; ekspertlər həyəcan təbili çalırlar

Yağışlı hava, şəhərin tıxacı və qəzalar... Təkcə yağışlı hava üçün keçərli deyil. Bakıda son illər sayı sürətlə artan qəzalar çox ciddi mətləblərdən xəbər verir. Təkcə kiçik bir şəhər turunda bir neçə qəza görmək olar: İki maşın bir-birinə dəyib, hər ikisi qəzəblə mübahisə edir və eyni zamanda polisi, sığorta şirkətini gözləyirlər.

Amma bu, nisbətən "rahat" mənzərədi. Hər gün şəhərin və respublikanın yollarında saysız-hesabsız qəzalar baş verir. Bir hissəsi ölüm, bir hissəsi yaralanma ilə sonuclanan qəzalar.

"Azərbaycan sürücüsü sükan arxasına keçəndə canavara dönür". Bu fikirləri tez-tez eşidirik.

Statistika ölüm saçır... müharibə kimi

1988-ci ildən 2013-cü ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2014-cü ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Paytaxt Bakıda baş verən 444 yol qəzası nəticəsində 139 nəfər həlak olub, 438 nəfər isə yaralanıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayında azalma müşahidə olunub. Belə ki, qəzaların sayı 150 fakt (11%), ölənlərin sayı 44 nəfər (8%), yaralananların sayı isə 218 (15%) nəfər azalıb. 2013-cü ildə respublika ərazisində 2840 yol qəzası baş verib. Yol qəzalarında 1160 nəfər ölüb, 3045 nəfər xəsarət alıb. Əvvəlki illə müqayisədə baş verən yol qəzaları 52, ölüm sayı isə 8 fakt azalıb, xəsarət alanların sayı 48 fakt artıb. 2012-ci ildə respublika ərazisində 2892 yol qəzası olub. Nəticədə 1168 nəfər ölüb, 2997 nəfər xəsarət alıb. 2011-ci ildə ölkə ərazisində baş verən yol qəzalarında 1016 nəfər ölüb, 3031 nəfər isə xəsarət alıb.

Nəhayət, ən son statistika: Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 29-da qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər ölüb, 4 nəfər yaralanıb.

Birinci səbəb sürət, ikinci səbəb ötmə...

Göründüyü kimi, rəqəmlər kifayət qədər ciddidir. Dövlət Yol Polisindən verilən açıqlamaya görə, əslində, yol qəzalarının bir neçə səbəbi var. Yol hərəkəti qaydalarının pozulması, yüksək sürət ilkin səbəblər arasındadır. Amma yüksək sürət hər zaman qəzanın ağırlıq dərəcəsinə təsir edir. Nəticədə isə ölüm, yaralanma kimi nəticələr bu sürətdən asılı olur.

Faiz hesabı ilə götürəndə isə qəzaların 30,9 faizi (422) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30 faizi (409) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8 faizi (120) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,1 faizi (43) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Ümumilikdə isə son 3 ildə avtomobillərin sayı 200 min artıb. Ekspertlər hesab edir ki, bu da 200 min nəfər təcrübəsiz sürücünün yola çıxması deməkdir. Bundan başqa, hazırda Azərbaycanda 400 mindən çox istehsal ili 10-15 il bundan öncə olan avtomobillər var. Onların əksəriyyətində təhlükəsizlik sistemləri yoxdur. Bəzi hallarda belə avtomobilləri 100-dən yuxarı sürətlə idarə edirlər bu da son nəticədə toqquşmada ağır qəzalara çıxardır.

Ötən il qəzada 1 milyondan artıq adam ölüb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2013-cü ildə yol qəzalarında ölənlərin sayı 1 milyon 240 min olub ki, bu da 2000-ci illər müqayisədə azalma deməkdir.
Həmin cədvələ əsasən, Azərbaycanda hər il 100 min sakindən 13.1-i yol qəzasında ölür. Ermənistanda bu rəqəm 18.1, Gürcüstanda 15.7-dir. Qonşu Rusiyada 18.6, Türkiyədə 12.0, İranda isə 34.1-dir. Amma yaxın çevrəmizdə olmayan ölkələrdən bir fakt da göstərməyə dəyər: Almaniyada həmin göstərici 4.7-dir.

Psixoloq qəzaları insan eqosu ilə əlaqələndirir

Psixoloq Rasim Əliyev isə hesab edir ki, yol qəzalarının baş verməsi ilk növbədə sürücülərin psixoloji durumu ilə bağlıdır. Belə ki, eqosu yüksək olan sürücülər kiminsə onları ötməsi və ya yol verməməsi ilə barışa bilmirlər: "İlk növbədə tələskən xarakterli adamlar bu səhvi edirlər. Amma dediyim kimi, eqolarına yenilənlər də yolda hərəkətə bir dava, müharibə kimi baxır. Hesab edirlər ki, bu, bir savaşdır və burdan qalib çıxmaq lazımdır. Bir çox hallarda 4-5 saniyə irəli düşmək istəyən şəxslər qəza nəticəsində bir neçə saatlarını itirir. Polisdə, sığorta şirkətində və sair. Yəni qazanmaq istədikləri vaxt onlara itki olaraq geri qayıdır".

Psixoloq deyir ki, bu məsələdə qadınlar kişilərdən daha şanslıdır. Çünki zərif cinsin nümayəndələri riskə, yüksək sürətə meylli olmur: "Kişi sürücülərin qadınlara yol verməməsi, bəzən çətin situasiyaya salması da bu səbəbdəndir. Onlar maşın idarə etməni kişi cinsinə aid bir iş hesab edir. Nəticədə yoldakı çılğın davranışlar özünü göstərir".

Mütəxəssislərin qəza ilə bağlı daha bir qənaəti isə yol nişanlarının azlığı, lazımi yerdə qoyulmaması, yolların standarta cavab verməməsi, yollarda aparılan təmir-tikinti işlərinin dağınıqlığı, bu işlər görülərkən təhlükəsizlik qaydalarının pozulmasıdır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.