Cəmiyyət

QMİ-dən həcc şikayətlərinə reaksiya

1 Oktyabr 2014 15:04
1 Şərh     Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdarə həcc zamanı ortaya çıxan şikayətləri zövqlə əlaqələndirir, dini idarənin həcc sahəsində monopoliyası azərbaycanlılar üçün faktiki olaraq alternativsizlik yaradır

"Yeni Müsavat"ın ötən sayında həcc ziyarətində olan zəvvarların şikayətlərindən yazı dərc olunub. Hazırda Məkkədə olan zəvvarlardan bir qismi redaksiyamıza müraciət edərək, Məkkədə qarşılaşdıqları çətinliklər haqda məlumat veriblər.

Zəvvarlar bildiriblər ki, şəriət qaydalarına uyğun olaraq miqata aparılmalı olduqları halda QMİ-nin həcc ziyarəti üzrə əməkdaşları onlara nəzir edərək Ciddə hava limanından ehram bağlamağı təklif ediblər. Heç bir zəvvar miqata gedə bilməyib. Qeyd edək ki, həcc səfəri zamanı Məkkəyə çatan zəvvarların gəldikləri istiqamətdən asılı olaraq Məkkəyə çatmamış müəyyən məntəqələrdə həccin xüsusi geyimi olan ehram bağlaması qaydası var. Hazırda yalnız şiələr bu qaydaya riayət edərək Məkkənin qədimdən mövcud olan giriş məntəqələrinə gedərək ehram bağlayırlar.

Bundan başqa, zəvvarların bildirdiyinə görə, bu dəfə də Məkkəyə gələn zəvvarlar gündüz vaxtı, üstüörtülü avtobuslarda gətiriliblər. Halbuki kişilərin gündüz vaxtı Məkkəyə yalnız günəş altında, heç bir gündən qorunacaq vasitə olmadan gəlməsi şərtdir. Bu şərt pozulduqda isə kəffarə (cərimə) olaraq zəvvar qurban kəsməlidir.

Ancaq QMİ nümayəndələri bu şərtləri bildikləri halda zəvvarları gündüz vaxtı avtobuslarla Məkkəyə gətiriblər. Bu isə dini hökmləri, həcc qaydalarını bilən zəvvarların etirazlarına səbəb olub.

Zəvvarların daha bir narazılığı yeməklərlə bağlı olub. Bir çox zəvvarlar qaldıqları otellərdə qidaların keyfiyyətsiz olduğundan şikayətləniblər. Hətta bizə çatan məlumata görə, son 3 gündə bir sıra otellərdə zəvvarlar yeməyi hotelin bufetində deyil, şəhərdəki yeməkxanalara gedərək orada yeyiblər.

Ancaq eyni zamanda bizə verilən məlumatda zəvvarların heç də hamısının durumunun elə olmadığı bildirilir. Məsələn, bəzi zəvvarlar qaldıqları otellərdə həddən artıq keyfiyyətli yeməklər verildiyi, yüksək səviyyədə xidmət və şərait olduğunu bildiriblər. Bu isə bir tərəfdən zəvvarların iki ayrı ziyarət paketindən istifadə etməsi ilə əlaqələndirilir. Məlum olduğu kimi, Azərbaycandan zəvvarlar 3250 və 4100 manatlıq ziyarət paketlərindən istifadə edirlər. İkinci paket VİP paket hesab olunur və xidmətin daha yüksək olması, daha keyfiyyətli yeməklərlə təmin olunması ilə fərqlənir. Ancaq qəribə də olsa, şikayətçilər arasında 4100 manatlıq paket sahibləri də var.

Ötən gün həcc ziyarətinin təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsi ittihamlara reaksiya verib. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Qafqazinfo"ya açıqlamasında həcc ziyarəti ilə bağlı hər bir şeyin "qaydasında" olduğunu deyib. Sitat: "QMİ nümayəndələri həccin qaydalarını, bütün dini məsələləri çox gözəl bilən insanlardır. Bu qaydaların həyata keçirilməsinə də məsuldurlar. Odur ki, heç bir problemdən söhbət gedə bilməz. Sadəcə bizim təşkilatçılıq işimizə qara yaxmaq üçün belə məlumatlar yayılır".

R. Dadaşova zəvvarlara verilən yeməklərin keyfiyyətsiz olması ilə bağlı deyilən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu il 4000-ə yaxın adam həcc ziyarətinə gedib: "O qədər adamın hər birinin öz yemək zövqü var. Kimsə əlavə bir şey yemək istəyibsə, gedib kənarda yeyə bilər. Ümumilikdə isə zəvvarlara çox yüksək keyfiyyətli yeməklər verilir. Belə xırda məqamlarla bu cür gözəl ziyarəti ləkələmək doğru deyildir".

Əlbəttə, QMİ sözçüsünün zövq məsələsi ilə bağlı dediklərində haradasa həqiqət payı tapmaq olar. Ziyarətə müxtəlif zövqlü insanlar gedir və onların hər birinin öz istəyi, tələbi olur. Ancaq şikayətin heç də hamısı zövqlə bağlı olan məsələlər deyil. Məsələ burasındadır ki, QMİ uzun illərdir ki, həcc sahəsində monopoliyasını qoruyub saxlayır. Digər şirkətləri həcc ziyarətinin təşkilindən kənarlaşdıran QMİ faktiki olaraq bu sahədə öz şərtlərini diktə edir; qiymətlər bahadır, ziyarətin təşkilində isə ənənəvi olaraq çatışmazlıqlar qeydə alınır. QMİ isə faktiki olaraq bu iradların, tələblərin heç birini nəzərə almır. Azərbaycan dindarının isə faktiki olaraq alternativ imkanları yoxdur.

Əksinə, QMİ əməkdaşları bu barədə irad bildirən, haqqını tələb edənlərə qarşı soyuq münasibət bəsləyir ki, bu da 20 gün davam edən səfər üçün yaxşı heç nə vəd etmir. Üstəlik, zəvvarlara dönə-dönə izah olunur ki, həcc zamanı çətinliklərin olması təbiidir və buna görə zəvvarlar daha çox savab qazanırlar. Halbuki burada süni maneələrdən söhbət gedir. Üstəlik, medianın bu məsələyə müraciətinə də QMİ hər zaman qısqanc reaksiya verir, bir neçə dəfə müraciət etməyimizə baxmayaraq, QMİ-nin şöbə müdiri Müqəddəs Payızov gah zəvvarların miqata aparılacağını dedi, gah da ümumiyyətlə bizə bu mövzuda yazmağı qadağan etməyə çalışdı. Bütün bunların fonunda isə QMİ-dən narazılıqlar ildən-ilə artır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.