Cəmiyyət

Azərbaycanda orta məktəb məzunlarının sayı azalıb

1 Oktyabr 2014 13:48
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son 9 ildə Azərbaycanda orta məktəb məzunlarının sayı 27,95%, yəni 34411 nəfər azalıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu meyl artıq bir neçə ildir, müşahidə olunur. 2013-cü ildə ümumi təhsil müəssisələrinin 88697 məzunu olub.

Bu dəyişiklik ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Cari ildə sənəd verənlərin 60,66 faizini builki məzunlar təşkil edib.

1992-2013-cü illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2,15 dəfə, abituriyent ərizələrinin sayı isə 2,50 dəfə artıb: "Təqdim olunası abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb".

Komissiyadan bildirilib ki, 1992-2013-cü illər ərzində ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2013-cü ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox isə 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşüb:

"Təhlil göstərir ki, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq var. Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə ediblər. Bu baxımdan gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, gələcək perspektivlər müəyyən edilməli, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.