Cəmiyyət

Hamamdakı böyük təhlükə

30 Sentyabr 2014 16:52
0 Şərh     Baxış: 7 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təmizlikdən çox xəstəlik saçan hamamlarda nəyə diqqət edilməlidir?

Evin təmizliyi hamamdan başlayır desək, yanılmarıq. Hamam insanların təmizlənmə və dincəlmə yeri olsa da, bəzən ora təmizlikdən çox xəstəlik və mikrob yuvası da ola bilir. Səbəb isə vaxtında təmizlənməməsi, "ev hamamıdır, mikrob ola bilməz" düşüncəsinə sahib olunması və kiçik təmizliklə hamamdakı mikrobların tamamilə məhv olunduğu qənaətinə gəlinməsidir.

Əslində, ev hamamları bakteriya, mikrob cəhətdən daha çox təhlükəli olan yerlərdir. Yaşından asılı olmayaraq evdə hamamdan istifadə edənlərin sayı artdıqca təhlükənin riski də bir o qədər artmış olur.

Xanımlar elə düşünürlər ki, hamam həftədə bir dəfə təmizlənsə, kifayət edər. Yalnız bu halda hamam təmiz və mikroblardan qorunmuş olur. Əslində isə bir həftə olduqca uzun müddətdir və hamam üçün ideal təmizlik müddəti 24 saatdır. Qısacası, hər hamam istifadəsindən sonra mütləq təmizlənməli olan hamam yalnız bu cür təmizlikdən sonra evdəki digər şəxslərin sağlamlığını təhlükə altında qoymaz. Əks halda hamamlar dermatoloji xəstəliklərdən tutmuş bir çox yoluxucu xəstəliklərin də ev sakinlərinə yoluxması üçün rahat şərait yaradır.

Dizayner Rauf Bəhmənlinin sözlərinə görə, hamam evin elə bir guşəsidir ki, oranın dizaynı və quruluşu çox diqqətlə və ölçüb-biçilərək edilməlidir. Düzgün dizayn olunmayan və təmir edilməyən hamamlarda mikrob və xəstəlik riski daha böyükdür. Bu səbəbdən bir sıra nüanslara diqqət yetirərək hamam təmizliyini daha rahat etmək mümkündür: "Nəzərə alınmalıdır ki, hamam evin ən sulu və nəm bölgəsidir. Bu səbəbdən hamamda mütləq havalandırma sistemi olmalıdır ki, daimi olaraq hava dəyişilsin. Havalandırma sistemi işığa qoşulmamalı və onun üçün ayrıca düymə qoyulmalıdır. Havalandırma sistemi olmayan hamamların quruma müddəti uzanır ki, nəm şəraitdə mikrobların artmaması da qeyri-mümkündür. Hamamdan istifadə zamanı hamamın evə açılan qapısını da açıq qoymaq düzgün deyil. Çünki bu halda içəridə olan nəm hava evə daxil olacaq və qısa bir müddətdən sonra evdən də pis qoxu gəlməyə başlayacaq. İkinci halda, elə bir sistem qurulmalıdır ki, asılqana ehtiyac qalmasın. Asılqan olan hamamlarda mütləq dəsmallardan da istifadə olunacaq. Dəsmal istifadəsi həm hamamın görünüşünü pozur, həm də nəm olan mühitdə gec quruduğu üçün ayrıca mikrob yuvasına çevrilir. Hamam pərdələrindən istifadə edilirsə, pərdələr mütləq yığılıb açılan olmalıdır. Daimi açıq qalan pərdələr də bir müddət sonra mikrobları üzərində toplayır. İşıqlandırma sistemi mükəmməl olmalıdır. Çünki gur işıqlı hamamda natəmizlik dərhal gözə çarpır ki, bu da ev sahibəsini işləməyə məcbur edir. Hamam üçün kafel və metlax seçimində də diqqətli olmaq lazımdır. Mühiti quru saxlamaqdan ötrü sırf hamam üçün yararlı olan kafel metlaxlardan istifadə etmək vacibdir".

Xəstəliklərin yayılması və hamamın təmiz olması üçün mümkün qədər quru saxlamağa diqqət etmək lazımdır. Nəm olan hamam xalçası, yuyunmaq üçün olan liflər, dəsmallar, hamam bezləri olduqca təhlükəlidir. Bakteriyalar yaş dəsmallarda daha çox toplanır. Yaş dəsmallarla qurulandığınızda vücudunuzdakı yaralarınıza infeksiya düşməsi halları daha çox olur. Bunun qarşısını almaq üçün dəsmalların bir nəfərdən artıq şəxsin istifadə etməməyi, yaş halda istifadə olunmaması, tez-tez dəyişdirilməsi lazımdır. Liflər nə qədər təmizlənsə və yuyulsa belə əslində bir lifin tərkibində milyonlarla bakteriya toplamış olur. Hamamdan istifadə zamanı digər insanların lifləri ya qapalı şkaflara qoyulmalı, ya da hamamdan çıxarılmalıdır. Əks halda düşən bir damcı su belə lifdə sürətlə mikrobun yaranmasına şərait yaradır. Hamam təmizliyini su və sabunla etmək mümkün deyil. Təmiz hamam üçün mütləq dezinfeksiya edici məhlullardan istifadə edilməli, qapı, pəncərə, tutacaqlar, duşkabinin hər bir tərəfi məhz bu məhlullarla təmizlənməlidir.

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, hamam bir çox dermatoloji xəstəliklərin yayılması üçün uyğun məkandır. Ailədə kiçik uşaqlar varsa, bu zaman təhlükə daha çoxdur. Hamam təmizlənmədikdə və gigiyenik qaydalara əməl edilmədikdə ailənin digər üzvləri də xəstəliklərə yoluxa bilər: "Əl sabunu maye olmalı və hər kəs eyni sabundan istifadə etməməlidir. Əgər sabun qəlibdə hazırlanıbsa, əl yuyan şəxs daha sonra təmiz əl ilə sabunu da yumalıdır. Dəsmallar yerinə hamam salfetlərindən istifadə etmək daha məsləhətlidir. Bu, dəridə olan sızanaq, səpgi və bir sıra problemlərin sağlam dəriyə keçməsinin qarşısı alar. Eyni zamanda hamam ayaqqabılarını da mütəmadi dezinfeksiyaedici məhlulla yumaq lazımdır. Bu cür tədbir ayaq göbələyinin yayılmasının qarşısını alar. Şəxsə məxsus dəsmal, lif, diş fırçası və bu kimi əşyalar ümumi hamamda saxlanılmamalı, ya hamamdan çıxarılmalı, ya da hamamdakı qapalı şkafda saxlanılmalıdır. Heç vaxt hamama hətta yenicə təmizlənmiş olsa belə ayaqyalın girilməməlidir. Azyaşlıları isə ümumiyyətlə, tək hamama buraxmamaq lazımdır. Hamam xalatları duş qəbul edildiyi müddətdə hamamda asılı saxlanılmamalıdır. Maksimum 2 istifadədən sonra mütləq yuyulmalı və qətiyyən ikinci bir şəxslə ortaq istifadə olunmamalıdır".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.