Cəmiyyət

"Tamam, mən boşanmışam, sonra da başqa qadınla evlənmişəm - sizə nə?" - FOTO

30 Sentyabr 2014 12:19
0 Şərh     Baxış: 1 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qan Turalı: "Bu son iki ayda bildim ki, əzab nə imiş..."

Deyəsən, ötən həftənin əvvəli idi. İş gününün qızğın saatları və birdən sosial şəbəkədə bir bəyanat. Postmodernist yazar, kulis.az saytının redaktoru Qan Turalı Könül adlı bir xanımla evləndiyini xəbər verir. Oxuyanlar şokda... Bəyəm evli deyildi? Nə zaman boşandı? Niyə? Bu qısa vaxtda yeni biri ilə evlənməyə necə vaxt tapdı? Suallar, suallar, suallar...

"Bu müasir yazarlar da lap ağını çıxarıblar e... Anardan qurtardılar, indi öz həyatlarını zəhər edirlər"... Və bla, bla, bla... Beləcə, adam ictimai sektorun gündəmində oturmağı başardı. Qısa müddət olsa da. Həftə sonu, bir kafedə, çay süfrəsi arxasında biz də bundan danışdıq. Dostcasına, dərdləşirmiş kimi. "Abla, bilirsən, necədir..." deyə başlayan cümlələr, bir az tərəddüd, bir az dəstək axtarırcasına izahatlar. Təbii ki, çoxu o məlum ifadə ilə desək, "mətbuat üçün deyildi". Amma mətbuat üçün olanlar da yetərincə maraqlı oldu...

- Yaxşı, Tural, başlayaq ondan ki... Bizi belə şoka salmağa nə ixtiyarın var idi?

- Vallah, həyatda heç nə insanın planlaşdırdığı kimi olmur. Deyir, Allah bütün planlara baxıb gülür. Mənim fikrimdə nə ayrılıq vardı, nə də başqa şey. Amma elə bir an gəldi ki, ayrılıq baş verdi. Həyat daim bizə qəribə sürprizlər hazırlayır. Siz indi şoka düşmüsüz, amma mən çoxdan şokdayam.

- Sən şoka düşə-düşə etmisən bunu?

- Yox, ayrılandan sonra. Hardasa iki ay ağır şeylər yaşadım. İnsan əslində nə zaman tək olduğunu hiss edir? Çox kədərli, çox faciəvi hallara düşəndə. Adi vaxtlarda insanın ətrafında hamı olur. O hamı ilə gününü xoş keçir. Sevinc bölünə bilən materiyadır, bölüşdükcə çoxalır. Mənim möhtəşəm dostlarım var. Amma bu ağrı elə şeydi ki, onu özün, tək çəkməlisən. Heç kim heç kimin yerinə ağrı çəkə bilməz. Bir klişe ifadə var: "Dərdinizə şərikik". Sən kiməsə şərik ola bilərsən, lakin bu onun dərdini azaltmayacaq. Əzab biradamlıq hadisədir. İnsan mahiyyətcə tənhadır. Tək doğuluruq və tək ölürük. Küçük Əmrah havası əsdirmirəm, vəziyyət budur. Bir böhran idi yaşadığım...

Amma bütün o travmaların, ağrıların çox gözəl şeyləri də olur. Əslində bütün böyük xoşbəxtliklər travmanın nəticəsində yaranır. İçi puç adamlara baxırsan, görürsən ki, çox xoşbəxtdir. Amma mənasızcasına xoşbəxtdilər də. (gülür) Böyük ağrılar çəkməyən insan xoşbəxtliyin dadını bilə bilməz. Və heç bir zaman ürəkdən gülə bilməyən adamın təbəssümü belə çox söz deyir insana.

"Qadın ən gözəl barometrdir"

- Belə çıxır, digərləri mazoxistdir? Əzabdan xoşlanırıq...

- Yox, əzabdan xoşlanmırıq. Əzab sözünü dilimizdə çox işlədirik. Yeri gəldi, gəlmədi deyirik. Avtobus gec gəlir, deyir əzab çəkirəm. Mən bu son iki ayda bildim ki, əzab nə imiş. Əli Kərimin məşhur bir şeiri var. Deyir ki, sanki kədər mənim yox, mən kədərinki idim. O kədərin hər formasını yaşamışam. Amma əzabı ayrılıqdan sonra yaşadım.

- Azərbaycanda boşanmaların sayı ildən-ilə artır, məlum. Amma boşanma mədəniyyəti formalaşmır. Belə bir mühitdə, cəmiyyətdə sənin boşanman necə oldu?

- Çox normal, sivil şəkildə. Düz deyirsən, bizdə boşanma mədəniyyəti yoxdur. Çünki heç birgə yaşama mədəniyyəti də yoxdur. Cəlil Məmmədquluzadə haqda sənədli film üzərində işləmişdim. Orada da qeyd olunub ki, Mirzə Cəlilin bacısı 3 dəfə ərə gedib, Həmidə xanım Mirzə Cəlilin 3-cü xanımdır, Mirzə Cəlil onun ikinci əridir. O zamanlar bu adi hal imiş. Amma indi insanlar boşanmanı çox faciəvi qarşılayırlar.

- Daha çox maddi problemlərə görə? Yoxsa qadının boşanandan sonra yaşayacağı çətinliklərdir problem?

- Cəmiyyətdə qadının rolu gücləndikcə, özü özünü təmin etdikcə boşanmalar da asanlaşır. Amma Azərbaycan patriarxal cəmiyyətdir, burada hələ indi-indi qadınlar vəzifəyə gəlirlər. Qadın azad olduqca boşanma da asanlaşacaq.

Bizdə cəmiyyət olaraq heç kim özü haqda düşünmür, amma başqalarını mühakimə edir. Məsələn, indi baxıram sosial şəbəkədəki müzakirələrə. Tamam da, mən boşanmışam, sonra da başqa qadınla evlənmişəm. Sizə nə?

- Sən axı bunu elan edirsən, nümayişkaranə şəkildə çatdırırsan cəmiyyətə. Ona görə də belə müzakirələrə hazır olmalısan. Bu, ona bənzəyir ki, sən başına dəbdəbəli, qəribə bir şlyapa qoyub, küçəyə çıxasan. Camaat da sənə baxanda hirslənəsən ki, niyə mənə baxırsız?

- Söhbət ondan getmir. Başa düşürəm, insanlara maraqlıdır bu xəbər. Mediatik fiquram, hərəkətlərim də diqqət çəkir. Əgər belə olmasaydı, biz indi bunu müzakirə də etməzdik. Söhbət mühakimədən gedir: niyə ayrıldız, nə səbəbə? Könül xanımla münasibətlərimizi rəsmiləşdirəndə bunu elan etməyimin bir səbəbi vardı: bizi tanıyanlar, bəlli təbəqə bizim Könül xanımla evli olduğumuzu bilsinlər.

- Kompleksin vardı? Qoy heç bilməsinlər də... Sən demiş, kimə nə?

- Kompleksim yoxdur. Yenə gəlirik qadının cəmiyyətdəki yerinə. Səni o qadınla orada-burada görəndə "o kimdir" deyə sual verilən cəmiyyətdə yaşayırıq. Ona görə də qarşımdakını da düşünməliyəm. Bir kişi kimi istədim ki, hamı bilsin - mənim həyat yoldaşım kimdir.

- Və nə oldu?

"Bəzi adamlar deyir, nəslim davam etsin... Adama baxırsan, düşünürsən ki, axı sən nəsən ki, səndən olan da nolacaq?"

- Bildilər. (gülür) Sonra da bir gün boyu müzakirə getdi sosial şəbəkədə və bitdi. Biz indi elə dövrdə yaşayırıq ki, xəbərlərin yükü, əhəmiyyəti çox qısa müddətdə azalır. Əvvəl bir xəbər bir həftə aktual olurdu, amma indi 1-2 gün. Haqverdiyevin bir hekayəsi var: Deyir, hər şəhərin bir dəlisi olmalıdır ki, camaat onunla əylənsin. O adam da olmayanda bir adamı dəli edib ortaya salırlar. (gülür) İndi də kiməsə müzakirə üçün bir nəfər lazım idi, o da oldu. Mən özüm qarşısında cavab verdiyimə görə insanların reaksiyası məni maraqlandırmır. Mənim hamıya verəcək bir cavabım var.

- Sənin qısa müddət öncə "Evli qadını sevmək" adlı bir yazın vardı. Sənin boşanıb da, dərhal evlənməyin xəbərini eşidəndə bu yazı cümlə-cümlə yadıma düşdü, əlaqə qurmağa çalışdım... Bir əlaqə var, Tural?

- Kənardan çox başqa cür görünə bilərəm. Amma mənim ciddi həyat imperativlərim var. Bunlardan biri də odur ki, evli bir qadınla hər hansı bir formada münasibət yaşamaram, yaşaya bilmərəm. Çünki o, həmin qadının ərini təhqir eləməkdir. Həmişə deyirsiz e, qadın həmrəyliyi. Məndə də kişi həmrəyliyi var o cür. (gülür)

Əslində mən evli qadını sevməmişəm. Amma həyatımın elə bir dönəmi gəlmişdi ki, evli ola-ola bir qadına aşiq olmuşdum. Sonra o qadın mənə dedi ki, biz bu münasibəti yaşaya bilmərik. Çünki mən istədiyim vaxt sənə zəng vura bilməyəcəm, danışa bilməyəcəyik, görüşə bilməyəcəm. Sən yoldaşınla birgə olacaqsan, amma mən burada oturub sənin ağrını çəkəcəm. Ona görə də bu yükü daşıya bilmərəm. Mən də gördüm ki, haqlıdır. Çünki mənim də ayrılıb onunla evlənmək kimi bir cəsarətim yoxdur. Romanda çox şey yazmaq olar. Həyat başqaydı. Bilmirəm o gün o cəsarətə ehtiyac vardımı? Keçmiş haqqında düşünmək həm yorucu həm də səmərəsizdir. Bircə onu deyim ki, mən o gün cəsarət etmədim...

- Niyə? Sən sevdiyinə görə ailəsini dağıdacaq adamlardan deyilsən?

- Xeyr. Ailəni başqa birinə görə dağıtmaram. Sonra o qızın danışdıqlarından bu yazı ortaya çıxdı. Yəni, o yazının xammalı evli bir kişini sevməklə bağlı idi, amma mən əks istiqamətdə təqdim etdim.

- Niyə? İz itirmək üçün?

- (Gülür). Bəli. İndiyə qədər də nə qədər adam bu yazıdakı yaşantıları mənim keçirdiyimi düşünür. Mən yazıçı kimi özümdən çox yazmağı istəmirəm. İstəyirəm oxucu oxuyanda izi itirim, sirli qalsın. Yazıçının öz içini camaata tökməyini doğru saymıram. Məhrəmini bədii material adıyla ortalığa tökmək, xatirəni kitab edib satmaq, öz hisslərini mağazalara paylamaq... Bunlar mənim üçün dəhşətli kabuslardır. Doğrudur, buna hər zaman nail olmaq mümkün olmur. Məsələn, "Mustafa" romanımda gizlədə bilməmişdim. Amma gələn ay çap olunacaq "Fələk qırmancı" romanımda buna nail oldum. Özəl həyatıma qarşı kompleksliyəm.

- Ayrılıqlar heç vaxt üçüncü şəxslərin ucbatından olmur. Münasibətlər bitəndən sonra üçüncü şəxslər ortaya çıxır. Eləcə də ailələrin dağılmama səbəbi əsasən uşaqlarla bağlıdır. "Uşaqların xətrinə..." deyə qurulan şablon cümlələri bilirsən. Doğrudanmı bu qərarı rahat verməyində həm də uşağınızın olmaması rol oynadı? Uşaq olsaydı, daha çətin ayrılardız bəlkə...

- Bunu tam dəqiq deyə bilmərəm. Yaşanmamış bir şey barədə fikir bildirmək çətindir. Amma bir şey də var. Problem nədədir? İndi müxtəlif adamlar deyir ki, uşaq ailənin təməlidir, uşaq olsaydı, ayrılmazdınız. Amma mən elə düşünmürəm. Ailəni qoruyan tellər çox möhkəm olmalıdır, insan daha çox xoşbəxt olmağı bacarmalıdır.

"Bundan sonra da həyatımı ailəmə və işimə həsr edəcəm"

- Uşaqdan daha güclü tel ola bilər, səncə?

- Əlbəttə ki. Sevgi, anlayış, hörmət... Düzdür, uşaq da o bağlardan biridir. Amma əsası deyil. Tutaq ki, bir gecəlik münasibətdən uşağı olan insanlar var. Bu, onların möhkəm bağı olmasından xəbər verir? Uşaq olanda insanlar tam ayrılmırlar da. Uşağa görə görüşürlər, qopa bilmirlər. Məncə, ailə uşaq üzərində bina olmamalıdır. Ailə iki nəfərin birgə yaşamasıdır.

Azərbaycanda insanlar özünü uşağa görə bədbəxt edirlər. Əslində rüşvət alan adamlar da deyirlər ki, bunu uşağa görə edirik. Ən murdar əclaflığı edən də bunu uşağı ilə əlaqələndirir. Əgər insan uşağa görə kölə vəziyyətinə düşürsə, elə uşaqsız qalsa yaxşıdır. Bəzi adamlar deyir, nəslim davam etsin... Adama baxırsan, düşünürsən ki, axı sən nəsən ki, səndən olan da nə olacaq? Bu məsələdə çox radikal düşünürəm. Bəli, çox pis insanların çox gözəl uşaqları ola bilər. Əksini də görürük. Lakin mənasız və vecsiz bir insanın öz nəslini davam etdirməsi haqqında düşünməyi mənə çox gülməli gəlir. Demirəm, debil, səviyyəsiz adamları axtalayaq, lakin yenə də gülməlidir...

- Çox özəl çıxmırsa, soruşum. Uşaq sahibi olmağı özünüz istəməmişdiz?

- Əlbəttə, öz seçimimiz, öz istəyimiz idi.

- Bundan sonra da istəmirsən?

- Bu barədə indi düşünmürük. Gələcəyi deyə bilmərəm. Mən çox gözəl ailədə böyümüşəm. O mənada uşaqla bağlı qorxum yoxdur.

- Siz yazarlar, xüsusən də postmodernistlər, ictimai sektorun bəzi adamları qadınlar barədə danışanda adam sadəcə hayqırmaq istəyir ki, qadınlarla bağlı tarif paketi yoxdur ki, siz istədiyiniz vaxt o mükəmməl, içində hər şey olan, olmalı olan paketdən yararlanasız.

- Başa düşürəm. Biz bir yerdə görünsək də hər birimiz fərqliyik. Şəxsən mənimçün qadın nədir? İnsan öz seksual ehtiyacını müxtəlif yollarla ödəyə bilər. Pulla da mümkündür. Amma insanın həqiqi mənada qayğıya ehtiyacı var. Qulluqçu tutarsan, evinin işini görər. Əsas odur, qadın rahat olsun, qayğı göstərsin. Qadın insanın həyatını paylaşdığı, evini paylaşdığı, yatağını, zamanını paylaşdığı varlıqdır. Dostlarımın qadına qarşı münasibətini heç zaman paylaşmamışam. Qadına "ikinci sort" varlıq kimi baxılması anormaldır. Qadına nifrəti təbliğ edən bu yazıları bölüşmürəm. Məncə, cəmiyyətin əxlaqı, nüfuzu onun qadına münasibəti ilə ölçülür. Qadın ən gözəl barometrdir. Amma əziz dostum Aqşin isə deyir ki, qadın ev heyvanıdır (gülür)

- Deyirlər, sevginin ömrü 3 ildir... Deməli, ayrılıqlar üçün bütün əlavə deyilənlər bəhanədir...

- Mən elə düşünmürəm. 50-60 il yaşaya bilər o sevgi. Sadəcə sevginin təravəti ilk vaxtlar itir. Onun yerini məsuliyyət almağa başlayır. Bağlar artır arada, uşaqlar olur. İllər keçdikcə daha çox dost olursan. Əziz olursan. Bağlanırsan. Sevgi ölmür amma. O əbədidir.

Bizim klassik ailə quruluşu niyə problemlidir? Standart bir söz var . Ailə başçısı? Nə başçı? Bu sürüdür, nədir? (gülür) Başçı sözü heç uyğun söz deyil. Ailə birgə yaşayışdır.

Qadın bətnində uşağı 9 ay gəzdirir. Doğum şəhadətnaməsində birinci kişinin adı yazılır? Şəxsiyyət vəsiqəsinə ananın adı yazılmır. Kişi qabağa çıxmamalıdır, yanaşı dayanmalıdı qadınla. Biz hələ də barbarlıq dövründəyik. Dedim axı, qadına münasibət cəmiyyətin sifətini müəyyən edir.

- Qayıdaq sənin boşanmana... Sənin boşanman, bir-iki ay sonra evlənməni eşidənlər üçün bir təsəvvür yaranır. Sən, türklər demiş, can havli, can ağrısı ilə sarıldın yeni birinə sanki.

- Ayrılmaq qərarını da mən verməmişdim. Mən o münasibəti saxlamaq üçün hər şey etdim. Amma alınmadı, olmadı...

Öz həyatımı yaşayırdım ayrıldıqdan sonra. Dostlar, çoxlu tanışlar, söhbətlər, səhərə qədər uzanan məclislər və s. Uzun müddət də evlənməyi düşünmürdüm. Amma o qarşıma çıxandan sonra mən qərar verdim ki, onunla evlənməliyəm. Bir şeir var ha, "öyle bir anda gəl ki, bana vaz keçməm mümkün olmasın...". Amma zaman məsələsi deyildi, mənə sadəcə elə bir adam gəldi ki... Gördüm ki, onunla hər şey gözəldir. Rahatdır, sakitdir. Bir-birimizi sözsüz anlayırıq. O zaman niyə uzadım ki bunu? Bu tələsik qərar deyildi, əksinə, hər detalı üzərində günlərlə düşünülmüş plan idi.

- Bu ayrılıq, onun arxasınca yeni evlilik və bir ay sonra nəşr olunacaq roman... Narahat deyilsən ki, sənin bunları nümayişkaranə şəkildə yaşamağını gündəmə gəlmək, diqqət mərkəzində olmaq üçün istifadə etdiyini düşünənlər olar?

- Açıq deyək, bu, həm də piardır. O hadisə olmasaydı, biz indi üzbəüz oturmazdıq, sən məndən müsahibə almazdın bu haqda. Amma istəməzdim, bu cür şeylərlə piar olunmağı. Bu müsahibəni bir jurnalist kimi peşəkarlığına güvəndiyimə görə sənə verirəm. Həm də söz-söhbətin bitməsi üçün verirəm.

Mən öz şəxsi həyatını ortalığa töküb ondan piar xammalı çıxardan bu görüntü dünyasına nifrət edirəm. Gündəmdə qalmaq kimi bir problemim yoxdur. Bizim cəmiyyət üçün çox radikal fikirlərim var. O gün bir verilişə çıxdım, bir söz dedim, bir həftə ondan danışdılar. İstənilən vaxt hadisə yarada bilərəm. Amma öz fikirlərimlə belə qalmaqal yaratmaq istəmirəm. Bu mənasız və əhəmiyyətsiz bir şeydir. Uarhol deyir ki, bir gün hamı beş dəqiqəliyinə məşhur olacaq. Amma mən məşhurluğu arzulamıram, yaşım artdıqca daha çox tənhalığa can atıram. Bəli, böyük yazıçı olmaq istəyirəm. Lakin məşhurluq başqa şeydir. Müasir dövrdə məşhurluqla istedadın yaxn qohumluğu yoxdur.

- Yaxşı, bundan sonra nə olacaq?

- Romanım çıxacaq. 4-5 ay idi ki, mən əlimə kitab belə ala bilmirdim. Heç bir şey insan həyatında bu cür zədəsiz ötüşmür. Özümü toparlamışam. Ayrılıq qərarı alandan sonra yaxşılığa doğru düzəlmişəm. Bundan sonra da həyatımı ailəmə və işimə həsr edəcəm. Çox daha hüzurluyam.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.