Cəmiyyət

Əşşi, əsas odur ki, özümüz bilirik

30 Sentyabr 2014 02:00
0 Şərh     Baxış: 2 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əvvəllər də diqqət eləmişdim ki, Azərbaycanda "xalq" deyəndə heç kim özünü nəzərdə tutmur. Xüsusən də "bu xalq düzəlməyəcək" tipli tənqidi-nəzəri mülahizələrini açıqlayarkən heç kim özünün də bu sıraya aid olub-olmadığı barədə ipucu vermir. Belə hallarda həmin insanın başının qapağını açıb baxmaq mümkün olsa, şüuraltısında "xalq" anlamının altında minlərlə qatıqsatan, avtobus sürücüsü, həmin avtobusla gedib-gələn sadə insanlar, satıcı, canım sizə desin, molla, ölüyuyan, lap yeri gəlsə, onun da qənşərində ayaqlarını uzadıb canını tapşırmış bir rəhmətlik görə bilərsiniz... Amma onun özünü görməzsiniz. Yəni o özü xalq deyil, nədirsə, fövqəl bir məxluqdur. Düzdür, dümdüzdür, təmizdir, tərtəmizdir, nöqsansızdır və sair...

Bu günlərdə cəbhədə yaşanan olaylarla bağlı statuslar mənim diqqətimi yenə bu sarıdan cəlb elədi. Yenə hamı xalq adından bəyanatlar verirdi. Beş yaşında uşağın inanmayacağı şayiələr uydurulurdu. Mənbə də həminki idi: xalq. Xəbərlərin yalan olduğu ortaya çıxdı. Hamı tənqidə başladı. Hədəf yenə həminki idi: xalq. Mən hətta bir neçə gün öncə ən düşük və eyforik status yazan bir nəfərin "Bizim xalq həmişə şayiələrlə hərəkət edir" deyə bir status irad etdiyini də gördüm.

Əslində bu cür yanaşma çox sərfəlidir. Ağzına gələni danış, ağlına gələni elə, məsuliyyəti isə at mücərrəd bir varlığın üstünə, özün də aradan çıx. Təxminən belə: "bunu mən eləməmişəm, xalqım edib". Və o xalqın içərisində də sən yox kimisən.

Düzü, elə mən özüm də dünənə kimi "xalq" deyəndə çox vaxt Üzeyirin fanatı olan qonşumu nəzərdə tuturdum. Amma dünənki hadisə bu sahədə köklü dəyişikliyə səbəb olub. Mən artıq "xalq" deyəndə kimi nəzərdə tutduğumu konkret bilirəm.

Hadisə isə belə oldu. Rayonda yaşayan bir qohumum zəng vurub dedi ki, oğlu imtahan verib, yoxlamaq lazımdır - görək ali məktəbə qəbul olunubmu? Oğlu da elə başqa bir qohum evində qonaq imiş, dəvət elədim, gəldi bizə. Bir yerdə başladıq siyahıda onun adını axtarmağa. Və bu zaman məlum oldu ki, bizim hamımızın Xalıq kimi tanıdığımız bu oğlanın adı şəxsiyyətini məlum edən sənəddə "Xalq" kimi yazılıb. Səbəbi isə uşağın metrikasını yazan VVAQ işçisinin rus olması olub. Valideynləri sonradan bunu görsələr də fikir verməyiblər. "Əşşi, əsas odur ki, özümüz bilirik, uşağın adı Xalıqdır".

Yeri gəlmişkən, məlum oldu ki, Xalq heç bir ali məktəbə daxil ola bilməyib. Bir az dınqıldatdım, başa düşdüm ki, Məleykə Abbasova keçid balını indikindən beş-altı dəfə aşağı salsa da Xalq heç bir ali məktəbə-filana daxil olası deyil.

Üstəlik, oğlanın səviyyəsi, dünyagörüşü o qədər aşağıdır ki, onu bu vəziyyətdən çıxarmaq, bir addım qabağa itələmək üçün xeyli enerji israf etmək lazım gələr. Amma mən, yazılarımdan da gördüyünüz kimi, xalqımın inkişafı yolunda bu dəyərsiz canımı onsuz da fəda etməkdəyəm.

İndi də Xalqı qabağıma qoyub ucundan tutub ucuzluğa baş vurdum. Ədəbiyyatdan, fəlsəfədən onun, yəqin ki, heç vaxt eşitmədiyi söhbətlər eləməyə başladım.

Nəhayət, gərgin söhbətimin yekununda Xalqa belə bir sual verdim. "Səncə, "Ölülər" əsərinin mənası nədir, yazıçı burada nə demək istəyib?" Xalq gözlədiyimdən tez dilləndi: "Demək istəyir ki, ölünü heç cür diriltmək olmaz"... Düz beş dəqiqə "şok" vəziyyətdə dayanıb Xalqın gözünün içinə baxdım. Onun gözlərində cavabı "düz" tapdığına görə elə sadədil bir sevinc var idi ki... Allah məni öldürsün...

Qızılgül

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.