Cəmiyyət

Bakı məktəbinin çirkinlikləri: "Əslində bu, sinfin ümumi siqaretidir"

25 Sentyabr 2014 12:20
1 Şərh     Baxış: 3 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşlı qadını buna sürükləyən direktor isə vəzifədə qaldı

"Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar". Lev Tolstoy

Avqustun əvvəlləri "Orta məktəbdə attestat "sövdələşməsi"" adlı araşdırma yazısını təqdim etmişdik. Yazıda Bakının Xətai rayonundakı 116 saylı məktəbin tədris hissə müdiri Almas Quliyevanın valideyndən rüşvət istəməsindən bəhs edilirdi. Məsələ belə olub. 9-cu sinifdə oxuyan S. sinif yoldaşları ilə dərsdən "qaçıb". Direktor müavini həmin şagirdlərin valideynlərini ayrı-ayrılıqda məktəbə dəvət edib. S.-nin anası Elnarə xanım da məktəbə gəlib. Lakin görüşdə oğlunun məktəbdən icazəsiz getməyi barədə kəlmə kəsilməyib. Direktor müavini attestatın yaxşı yazılması üçün valideynə 200 manat gətirməyi tapşırıb.

Pulun əvəzinə görüşə mən getdim. A.Quliyevaya Elnarənin bacısı kimi təqdim olundum. O da çəkinmədən rüşvəti mənim yanımda təkrar istədi. Pul verilmədi, cinayət cəhdinə ortaqlıq edilmədi. Məqaləni və sübutedici fakt olan audioyazını Bakı şəhər Təhsil İdarəsinə təqdim etdim. A.Quliyeva işdən çıxarıldı. Sentyabrın 22-də ona zəng etdim, kabinetindəki telefona özü cavab verdi. 3 həftədən çoxdur "təhvil-təslim"lə məşğul olduğunu dedi. Vəzifədən çıxarılsa da, məktəbdə qalıb "İqtisadiyyatın əsasları" fənnindən dərs deyəcəkmiş. Əvvəlcə bunun bir zarafat olduğunu düşünsəm də, onu himayə edən direktor Aidə Seyidovaya da sonradan haqq qazandırdım: məktəbdə Quliyevadan başqa bu işin öhdəsindən kim daha bacarıqla gələrdi ki?! Tədris hissə müdiri pul mövzusunu yaxşı bildiyi üçün ona belə bir taleyüklü vəzifənin icrası həvalə olunub. İqtisadiyyatın nəzəriyyəsindən nə bildiyi isə vacib deyil.

Hadisələrin bu yöndə inkişafı problemin şərhini zəruri edir. Əvvəlki yazıda bəzi məqamlara diqqət yetirmək istəyirəm. A.Quliyevanın valideynlə dialoqundan: "Sən keçən həftənin 1-ci günü gəlməliydin, amma üstündən keçib. Dedim, fikirləş, yaxşıdırsa da gəl, pisdirsə də". Bu cümlədə müavin etiraf edib ki, təklif valideynə onun özündən gəlib, mövzunun ortaya atılmasında qarşı tərəfdən təşəbbüs olmayıb. Daha sonra deyib: "Allah qismət eləsin, əgər bizim "sövdəmiz" baş tutsa, 10-cu sinifdə əlinə keçən pulu dala at. Çünki sənin çox problemin çıxacaq". Uşağın taleyinə "sövdələşmə" kimi baxan Quliyeva valideynin gözünün içinə deyir ki, gələn il ancaq məktəb üçün "işləyəcəksiz" və bununla da məktəbdəki ab-havanı bizə də aydınlatmış olur.

Pulu direktor üçün istədiyini dedi

Növbəti sitat: "Mən sənə nə deyirəmsə, direktorun sözü olacaq. Direktor bilsin, mən sənə pis də demişəm, onu bilsin, aşağı da". Burada deyilənin şərhə ehtiyacı yoxdur, müavin direktorun ismarışını çatdırdığını dilə gətirir. Sonra belə davam edir: "Bu onun üçündür ki, sənin ürəyin rahat olsun, Almas müəllim hər şeyi təmənnasız edir". Bu cümlə ilə isə sadəcə "elçi" olduğunu, direktorun cinayətinə ortaq olmadığını bildirməyə çalışır, baxmayaraq ki, vasitəçiliyi ilə pula olmasa da, cinayət cəhdinə ortaqlıq etmiş olub. "Əgər desən ki, al, bu konfeti sənə verirəm, bu başqa söhbətdir" cümləsi ilə özünün də varlığını unutdurmur: "Bunu uşağın üçün edib başqa yerdə demək, məktəbi, uşağı biabır etmək sənin özünə ziyandır". Pardon, uşaq niyə biabır olur? Rüşvəti utanmadan tələb edən, adını pedaqoq qoyan 2 qadındır, uşaq yox. Cəmiyyət artıq biabırçıları birinci yazıdan tanıyır. Bir də valideynə nə ziyan olacaq ki?

Sonra aralarında alver gedir. Mənim təlimatımla Elnarə "qiyməti aşağı salmağa" çalışır. Valideyn birdən-birə 100 manat "endirim" istəyir. Amma son qiymət kimi müavin 150 manata "razılaşır". Hələ üstəlik qiyməti aşağı saldığı üçün direktordan qorxur: "100-ü ona deyərəm, amma inanmıram bu qiymətə dediklərini edər. 100 manatı yəqin gətirmisən, onu ver, qalan 50-ni də sabah, birigün, ya da ayın 5-10-na qədər hazırla, gətir. 200 dedim, sən də deyərsən ki, yox idi, Almas müəlliməyə yalvardım-yapışdım, o da 150-yə razı oldu. Mən də üzərimə götürüm ki, belə razılaşdım, 200 dedim, o da 150-yə imkanı olduğunu söylədi".

Dialoq boyunca o, rüşvət söhbətinin direktorun yanında da davam edəcəyinə işarə vurur. Əslində biz arzulasaydıq, bu iyrənc müzakirə Seyidovanın da kabinetində davam edəcəkdi. Quliyeva təhsil qurumlarını da bu işə qatmağa çalışıb, "buraxılış siniflərinin ixtiyarı məktəbdə deyil", deyib. Bu yerdə söhbətə qarışdım və "o sinifdə uşaqların hamısının qiymətləri aşağıdır?" deyə soruşdum. Təsdiqlədi: "Hamısının". Mən yenə soruşdum ki, "hamısı indi pul verir?" Belə cavab verdi: "Pul verir... Baxma da, indi mən sənə bu barədə hesabat verməli deyiləm ki. Siz öz uşağınıza cavabdehsiz". Başqalarından da rüşvət aldıqlarını təsdiqlədi... Amma birdən ayıldı ki, bu barədə mənə deməməlidir.

"Əslində bu, sinfin ümumi siqaretidir"

A.Quliyeva telefonuna gələn zəngə cavab verib xəttin o başındakına "yuxarı yanıma çıx" deyir. Sonra üzünü yenidən Elnarəyə tutub "H.-nin valideynidir. Ondan da imkansız deyilsiz ki, onlar çox imkansızdırlar", deyə qadının maddi durumunun aşağı olmasına baxmayaraq, hazırda pul vermək üçün gəldiyini deməyə çalışır. "Yaxşı, bayırdakı valideynin "spravkasını" alım, sonra söhbət edək. Oğlu H. çox tərbiyəsiz uşaqdır, qəlyan çəkir, nə istəsəniz edir. (Jurnalı göstərib) Sinifdə əksəriyyətin qiyməti "2", "3"-dür. Ə. də problemli ailədəndir, ata-anası ayrıdır, oğlana nənə baxır".

Tədris hissə müdiri stolunun siyirtməsini açıb bir neçə siqaret qutusu və alışqanı ortaya töküb demişdi: "Onların sinfindən Ə. və Y.-dan almışam. Ə.H.-nin üstünə atdı, o da başqasının. Əslində bu, sinfin ümumi siqaretidir. Birində olur, paylaşırlar. H. isə o vaxt uşaqları qəlyana da aparmışdı. K. da onlara qoşulub, onlardan da pis olub. Bir-iki uşaq hamısını pozur. Sənin uşağın 8-ci sinfə qədər elə qəşəng uşaq idi ki. İndi H., Ə., kimilərinin təsiri altına düşüb".

Müavinin qadınla "dialoq"u 3 dəqiqə sürmədi, bizi içəri dəvət etdi. Həmin tarix üçün "spravka"nı aidiyyatı qurumlar tələb edərsə sənədin ortaya çıxacağına şübhəm var. Elnarədən tələb etdiyi "spravka"dan olmağına isə təəccüblənmərəm. İşarəsini zatən özü vurmuşdu.

Rüşvətə cəhd və qiyməti saxtalaşdırma cinayətləri

Məktəbin müəllimi də təsdiqləyir ki, direktorun göstərişi ilə bəzi şagirdlərə layiq olduqlarından yüksək qiymət yazıb: "Elə uşağa "4" yazmışam ki, yazdığım yerdə əlim qırılaydı. İl boyu oxumayıblar, sonda gəlib attestata görə "hörmət" edirlər, "baş"dan da deyirlər ki, uşağa "4" yaz. Dərs oxumayan H.-ya "4" yazdırdılar, şok olmuşdum. 9-cuların valideynlərinə bir-bir xəbər göndərirdilər ki, məktəbə gəlsinlər. Həmin vaxt məktəbdə mən də bir neçə valideyn gördüm. Ə. bu il oxumadı, ona "3" yazacaqdım. Rüblük yazılanda direktor dedi ki, "4" yaz. Yazdım, amma oxumayana yaxşı qiymət verdiyim üçün vicdan əzabı çəkdim. Buraxılış siniflərin jurnalı illik və yarımillikdə direktorun yanında yazılır. Müəllimi sayan yoxdur, il boyu işləyir, axırda valideyn gəlib pul verir, qiyməti düzəltdirir. H., Ə., R.-nin qiymətini direktorun göstərişi ilə düzəltdim, qalanlar üçün dedilər ki, gündəlik qiymətlərinə baxıb, yaz".

Hamımız da bilirik ki, müavin o pulu özbaşına istəməyib. Əks halda direktor onu əzizləyib yanında saxlamaz, yazıdan sonra dərhal Təhsil İdarəsi və Təhsil Nazirliyinə məlumat verərdi. Lakin fakt ictimailəşəndə susmuş, hər iki qurumda bu məsələdən xəbər tutmayacaqlarına ümid etmişdi. Bu şəkildə cinayətə ortaq olduğunu bir daha göstərmişdi. Ortada bir cinayətə cəhd (rüşvət təqdim olunmadığına görə onların cinayəti baş tutmadı-H.H.) və bir cinayət baş versə də (qiyməti saxtalaşdırma-H.H.), A.Seyidova "sudan quru" çıxıb. Yazıda adıçəkilən şagirdlərin attestat qiymətlərinə baxıb onları test etməklə deyilənləri sübuta yetirmək çətin deyil. Dərs ilinin sonunda buraxılış sinif şagirdlərinin valideynlərinin də məktəbə axını yəqin ki, oradakı müşahidə kameralarında qeydə alınıb. Sinif rəhbəri isə dərs ilinin yekununda "jurnal dəyişdirmək" üçün valideyndən pul istəmişdi.

Hazırda 15 yaşlı yeniyetmə ondan rüşvət tələb olunan məktəbdə təhsilini davam etdirməyə məcbur qalıb. S. səs-küyü və oxuması üçün münbit şəraitin olmadığını əsas gətirib heç olmasa sinif dəyişdirmək arzusunu bildirsə də, direktor təlimat belə göstərmədən ona qərəzli davranıb, bu şansı yaratmaqdan imtina edib. Təhsil almaq icbari olsa da, bizim ölkəmizdə məktəb və ya sinif seçmək icbari deyil. Bu il sinifdən 10-dan artıq şagird ayrılsa da, cəmi 1 nəfər kollecə daxil ola bilib. O da repetitor yanına getdiyinə görə. Bu ildən oxumaq üçün başqa məktəblərə üz tutanlar var.

"Məktəbin rüşvətxor təzə direktoru var"

Məktəbin direktoru Aidə Seyidova mənimlə telefon söhbətində sinif dəyişdirməyin mümkünsüzlüyünü hər hansı sənədlə əsaslandıra bilmədi. Valideyn isə övladının istəyinin əksini sübut edən daxili təlimatı tələb edir. Təbii ki, əgər belə bir təlimat mövcuddursa. Direktor keçmiş müavinini müdafiə etməyə çalışdı, onun rüşvət istəmədiyini iddia etdi. Soruşdum "bəs Təhsil İdarəsi onu niyə işdən çıxarıb?", təbii ki, tutarlı cavabı olmadı. Tədris hissə müdiri yalvarıb-yapışdığına görə bu fakt prokurorluğa göndərilməsə də, Seyidova tənqid edən tərəfə "müharibə elan etmək"lə yaşlı qadını şəxsi ambisiyalarına "qurban" verməyə hazır olduğunu nümayiş etdirir. İnanıram ki, ilkin istintaqdaca tədris hissə müdirinin "dili açılar". Ortada sübut tək o deyil, direktordan narazı olan şagirdlər, valideynlər və müəllimləri də çox axtarmaq lazım gəlməz.

İnternetdə bir axtarış verdim, saytında 116 saylı məktəbin forumuna rast gəldim. Məktəbin şagirdlərinin maraqlı statusları var. Fuad adlı istifadəçi yazır: "bu məktəbdə çox pul yığırlar".
"Şikayət" logini ilə yazan istifadəçi bunları bildirib: "116 saylı məktəbdə rüşvətxorluq baş alıb gedir. Aidə xanım cənabları hər ay biz şagirdlərdən 5 manat istəyir. Verməyəndə təhdid edir, sinif rəhbərlərimizi üzdən-gözdən salır. Hələ bu yaxınlarda eşitdim ki, hicablı qızlardan başlarını açdırmamaq üçün rüşvət də tələb edir".

"Gaga" imzası ilə yazan isə belə deyir: "Bu məktəbdə pul yığırlar, amma əvvəlkinə nisbətən daha azdır. Əvvəlki "zavuç" (tədris hissə müdirini nəzərdə tutur-H.H.) həddindən artıq pul yığırdı. Direktor çıxdı, ancaq "zavuç" yenə qalır. Məncə bu məktəbin daha yaxşı və təmiz günlərə çıxması üçün "zavuç"un getməsi lazımdır. Mən heç kəsin işini və ya çörəyini kəsmək üçün demirəm, ancaq bu məktəbdə çox haramçılıq olub, imkansız uşaqlardan az da olsa pul çıxardıblar. Həmişə də yoxlama gələndə pul ilə onları "susdurub", göndəriblər. Ayıb və ən əsası günahdır".

Fərrux 10 "a" deyib ki, "Aidə xanım çox yaxşı direktordur, pul yığsa da, bütün məktəbdə kameralar var". 2008-ci ildə sözügedən məktəbi bitirdiyini deyən L-nur: "Bu məktəbin təməli belə qurulub, lap istəyir nazir özü direktor gəlsin, düzələn deyil". "Anonim" adlı istifadəçi "məktəbin rüşvətxor təzə direktoru var", deyir. Yusif "məktəbi sökürlər", deyib haray salır. "116-nın xuliqanları" isə "sinifdə gündə dava eləyirik", etirafını yazıb nöqtəni qoyub...

Bizimyol.info
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.