Cəmiyyət

"Zəngilan şəhərciyi"nin "Şəfəq"i - REPORTAJ - FOTO

19 Sentyabr 2014 17:48
6 Şərh     Baxış: 10 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaçqın və məcburi köçkünlər üçün salınmış məhəllədəki bağça bütün Masazırda məşhurdur

Ötən il Abşeron rayonunun Masazır qəsəbəsində 760 qaçqın və məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verildi. "Zəngilan şəhərciyi" adlı yeni məhəllədə məktəb, idman zalı, eləcə də uşaqların asudə vaxtlarını keçirmələri üçün "Şəfəq" bağçası fəaliyyət göstərir. Şəhərcik ötən il avqustun 1-də istifadəyə verilsə də, uşaqlar üçün bağça dekabr ayının 3-də açılıb. Buna səbəb isə şəhərciyə köçürülən məcburi köçkünlərin məskunlaşmasının bir az zaman alması olub.

Şəhərçikdə salınan uşaq bağçası nəinki məhəllədə, eləcə də Masazırın başqa ərazilərində yaşayan insanların böyük marağına səbəb olub. Buna görə də yeni tədris ilinin başlanmasını əsas götürərək, biz də həmin bağçaya baş çəkdik. Gördüklərimiz sözün yaxşı mənasında bizi təəccübləndirdi. Səhər saat 07:00-dan bağçaya gətirilən uşaqlar əvvəlcə binanın önündə dayanıb musiqi sədaları altında idman edirlər. İdmandan sonra cərgəyə düzülüb öz otaqlarına yollanırlar. Balacalar sinfə daxil olmamışdan öncə üzərində öz şəkilləri asılmış şkaflarının yanında müəllimləri və ya valideynləri tərəfindən əyinləri dəyişdirilir. Öz otaqlarına keçdikdən sonra ilk növbədə rəsm çəkməyə, daha sonra hər sinfin yaş həddinə uyğun olaraq asudə vaxt keçirməyə başlayırlar.

Biz oraya çatanda müəllimlərdən kimisi balacalara şeir oxuyur, kimisi musiqi dərsi keçir, kimisi də rəqs öyrədirdi. Büyüklərin xasiyyəti müxtəlif olduğu kimi, uşaqlar da müxtəlifdir. Biri sakit əyləşib oynayır, biri müəllimənin ətəyindən yapışıb ondan əl çəkmir, digəri isə kağız üzərində şəkil çəkməklə başını qatırdı.

"Şirinlər", "Cırtdanlar", "Uğur böcəyi"...

Burada körpələr qrupuna çox tez yemək verilir. Çünki onlar yaşları ilə əlaqədar tez acırlar. Birinci körpələrə, sonra kiçik, orta qruplara, sonda isə məktəbə hazırlıq qruplarına yemək verildi. Yeməkxanada müxtəlif yaş kateqoriyalı uşaqlar üçün müxtəlif də yeməklər hazırlanır. Bizim getdiyimiz gündə uşaqların səhər yeməklərində yumurta, pendir və çay vardı. Günorta yeməkləri üçünsə borş bişirilirdi. Mətbəxdə kulinar geyimində iki aşpaz çalışır. Onlar hər gün uşaqlara böyük məhəbbətlə yemək hazırladıqlarını söylədilər.

Bağçada hər qrupun qarşısında simvolik olaraq adlar həkk olunub. Belə ki, qapıların ağzında "Şirinlər", "Cırtdanlar", "Uğur böcəyi", "Günəş", "Şəfəq", "Göyərçinlər", "Şahinlər", "Fidanlar", "Səma", "Göy qurşağı" kimi lövhələr asılıb. Yaş hədinə uyğun olaraq uşaqlar həmin qruplara daxil ola bilirlər. Bağçada iki televizor var ki, boş vaxtlarda uşaqlara milli və xarici animasiya filmləri nümayiş olunur. Hər sinfin içərisində uşaqların əl-üzlərini yuması üçün xüsusi otaqlar da var. Orada hər bir uşağın ayrıca əl dəsmalı asılıb. Vanna otağı hər gün gigiyenik vasitələrlə təmizlənir. Müəllimlərin sözlərinə görə, uşaqların bədənləri zərif olduğu üçün dəriləri mikroblara meylli olur. Ona görə də bağçada təmizliyi saxlamaq üçün əllərindən gələn hər şeyi edirlər.

Hər səhər uşaqlara bal, yağ, pendir verilir

Bağçanın direktoru Mənsurə Baxışova bizimlə söhbətində "Şəfəq" bağçasının idarə etmə sistemindən danışdı. O qeyd etdi ki, bağçada uşaqların kamilləşməsi və inkişaf etməsi üçün əllərindən gələni əsirgəmirlər: "Heç bir ölkədə qaçqınlar və məcburi köçkünlər üçün yaradılan şərait Azərbaycandakı kimi deyil. Azərbaycan son illərdə sürətli şəkildə inkişaf edir. Bağçamız 280 nəfərlikdir, 12 qrupdan ibarətdir. Burada ilk növbədə "Zəngilan şəhərciyi"ndən olan uşaqlar yerləşdirilib, boş qalan yerlərə isə kənardan gələn uşaqlar qəbul olunub. Hər bir uşaq bizim gələcəyimiz, canımız, qanımızdır. Uşaqları vətənpərvər ruhda böyüdürük. 22 ildir müəllimlik təcrübəm var. Nizam-intizamı hər şeydən üstün tuturam. Kollektivimiz çox gəncdir. Əməkdaşlarımız uşaqlara böyük qayğı ilə münasibət göstərirlər. Uşaqları tarixi yerlərə, Qız qalasına, teatrlara aparırıq. Uşaq pereparasionlarına əsasən onlara yemək veririk. Uşaqlar haqqında qanun var, mən ondan kənara çıxmamalıyam. Hər uşağa 1 manat 50 qəpikdən pul ayrılır. Hər səhər uşaqlara bal, yağ, çörək, pendir və s. verilir. Sonra günorta yeməkləri hazırlanır. Səhərlər yumurta çörəklə qızardılır, axşamlar borş, dolma yeməkləri hazırlanır. Yemək paylanan zaman özüm gəzirəm, nə iradlarım olursa, bildirirəm".

Mənsurə xanım deyir ki, uşaqlar ilk növbədə etik normaları öyrənməlidirlər. Müəllimə daima uşağın başı üstdə olmalıdır: "Bağçamız 12 saatlıqdır. Gigiyenik qaydalara ciddi riayət edirik. Tərbiyə insanın daxilindən gəlir. Nizam-intizam olan yerdə hər şey yüksək səviyyədə olur. İlk növbədə müəllimə psixoloq olmalıdır. Uşaqlara qışqırmaq, onları nə iləsə qorxutmaq bu bağçada mümkün ola bilməz. Mən istəyirəm ki, müəllimələr cəmiyyət üçün elə uşaqlar yetişdirsinlər ki, onlar vətənpərvər olsunlar, azərbaycanlı olduqları üçün fəxr etsinlər. Azərbaycan qadınları cəfakeş olur. Biz övladlarımıza bağlıyıq".

Onu da deyək ki, sözügedən bağçada məşğələlər yaş həddinə görə bölünür. Bunlara bədii ədəbiyyat, sadə riyazi təsəvvürlərin inkişafı, musiqi, fiziki tərbiyə, idman və s. daxildir. Asudə vaxtlarda kosa-kosa və digər milli oyunlar oynanılır.

Valideynlər çox məmnundur

Valideyin Sevil Məmmədova 1 aydır ki, 2 övladını bu bağçasına gətirdiyini, bağçanın bütün kollektivindən razı qaldığını bildirdi: "Həyat yoldaşımla işə getdiyimiz üçün uşaqları səhərlər bağçaya qoyub, axşam işdən qayıdanda götürürük. Uşaqlar bağçadan qayıtmaq istəmirlər. Onlar 1 ay ərzində öz müəllimələrinə çox bağlanıblar. Bu da bağçadakı müəllimlərin uşaqlarla yaxşı davranmağından xəbər verir. Müəllimlər uşaqları şirin dillə danışdıdırırlar, maraqlı oyunlar keçirib, şeirlər öyrədilər. Mən bağçanın müdiriyyətindən və kollektivindən çox razıyam".

Məhbubə Quliyeva isə "Şəfəq" bağçasına nəvələrini gətirdiyini, onların iş rejimindən çox razı qaldığını söyləyir: "Mənim üçün ən önəmli məsələ bağçanın təmizliyi və gigiyenik qaydalara əməl edilməsidir ki, ona da bu bağçada tam riayət olunur".

Burada uşaqların üzündəki şən əhval-ruhiyyə gözümüzdən yayınmır. Onlara baxdıqca adamın ürəyindən uşaq olmaq, dünyanın dərd-sərindən uzaqlaşmaq keçir. Ancaq şirin-şəkər balalardan ayrılmaq istəməsək də, işə qayıtmaq lazımdır. Beləcə, böyük təəssüratla, xoş əhval-ruhiyyə ilə "Şəfəq"i və şəfəqliləri tərk edirik.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.