Cəmiyyət

İş tapmayıb təkrar "işə düşənlər"

21 Sentyabr 2014 17:20
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Səmimi etiraf edim ki, yayın istisində, qışın soyuğunda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən tanışım Adil Hüseynova (ad-soyad şərtidir-red) ərzaq bağlaması daşıyanda düşünürdüm ki, yəqin azadlığa çıxandan sonra bir daha onun yolu bu tərəflərə düşməz. Amma aradan heç 2 il keçməmiş o, yenidən cinayət törədib həbsxanaya düşdü. Nicat İntiqam

Səmimi etiraf edim ki, yayın istisində, qışın soyuğunda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən tanışım Adil Hüseynova (ad-soyad şərtidir-red) ərzaq bağlaması daşıyanda düşünürdüm ki, yəqin azadlığa çıxandan sonra bir daha onun yolu bu tərəflərə düşməz. Amma aradan heç 2 il keçməmiş o, yenidən cinayət törədib həbsxanaya düşdü. Həm ondan, həm onun yaxınlarından küskün düşdüyüm üçün daha əvvəlki kimi onun ziyarətinə getmədim. Dəfələrlə zəng vurdu, umu-küsü elədi, amma narahat olmadım. Nə vaxt ürəyim istədisə, onun ziyarətinə o vaxt getdim. Dördillik həbs həyatından sonra Adil yenidən azadlığına qovuşdu. Nə vaxt görüşürüksə, səmimiyyətlə məni qucaqlayıb bağrına basır, zarafat edir, keçmiş günlərin acısını yada salıb, bu gününə şükür edir. Lakin içimdə hələ də narahatlıq var ki, birdən o yenidən cinayət törədib həbsxanaya qayıdar. İradəcə zəif insandır Adil. Bəzi zəiflər kimi çox vaxt o da problemlərdən çıxış yolunu spirtli içkidə "axtarır". Amma bu "yol" ona nəinki doğru yolu göstərmir, əksinə, düz yoldan azdırır. Bundan başqa, yaşadığı kənd yerində daimi işsizlik, bikarçılıq da Adili sıxır. Həmişə Adilin bu sıxıntılarını görəndə düşünürəm ki, görəsən, bizim ölkəmizdə nə vaxt cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası üçün konkret addımlar atılacaq? Düzdür, müəyyən mənada, bəlkə də, hansısa işlər görülür, ancaq bu, real vəziyyətə tam təsir etmir. Bəlkə elə bunun nəticəsidir ki, həbsxanadan çıxanların çoxu məşğuliyyət tapa bilmədikləri üçün cəmiyyətə adaptasiya ola bilmirlər və cinayət törədirlər. 

2113 cinayət...

Dövlət Statistika Komitəsinin məlumatları da bu qənaətimizi bir daha təsdiqləyir. Komitədən aldığımız məlumata görə, 2013-cü ildə ölkəmizdə ən çox cinayət məhz əvvəllər cinayət törətmiş şəxslər tərəfindən işlənilib. Belə ki, ötən il 2113 belə fakt qeydə alınıb. 2012-ci ildə həmin şəxslər tərəfindən Azərbaycanda 2061, 2011-ci ildə 2147, 2010-cu ildə 2179, 2009-cu ildə 2286, 2008-ci ildə 2101, 2007-ci ildə 1760 cinayət törədilib. Yəni həmin illər ərzində də ölkəmizdə baş verən cinayətlərin ən çoxu məhz əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib. Ümumiyyətlə, 1993-cü ildən bu yana Azərbaycanda ayrı-ayrı şəxslər tərəfindən törədilmiş cinayətlərin (hadisə) əksəriyyəti məhz əvvəllər cinayət törətmiş şəxslər tərəfindən işlənilib. Cinayətlərin əksəriyyəti ictimai yerlərdə törədilib. Ötən il Azərbaycanda ümumilikdə 22 min 381 cinayət hadisəsi törədilib. 2012-ci ildə isə bu göstərici 21 min 897 olub. Cinayətlərin ən çoxu oğurluq olub - 5144 fakt. Ötən il Azərbaycanda cinayət törətmiş qadınların sayı isə 1012 nəfər olub. 

Qanunda göstərilən, amma reallaşmayan tədbirlər...

Məlumat üçün bildirək ki, "Azərbaycanda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul olunub. Qanun penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi izah edir.

Bildirilir ki, sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları könüllülük əsasında iştirak edə bilərlər. Əsas iş isə "müvafiq icra hakimiyyəti orqanları"nın üzərinə düşür.

Qanunun tələbinə görə, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır:

- Cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işləri aparmaq;

- sosial adaptasiya mərkəzləri yaratmaq;

- daimi yaşayış sahəsi olmayan şəxsləri bu qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək;

- cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək;

- təhsil almalarına şərait yaratmaq;

- şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək;

- cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək;

- cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək.

Bu, yaxşı xəbərdir, amma bəs rayonlarda yaşayan keçmiş məhbuslar?

Hər halda bir vaxtlar həbs olunmuş şəxslərin sonradan yenidən cinayət törətməmələri, ilk növbədə, onların öz əlindədir. Heç şübhəsiz, bu məsələdə bizim cəmiyyət olaraq üzərimizə düşənlər də var. Ancaq əsas iş dövlətin və müvafiq qurumların üzərinə düşür. Məsələn, əgər bir şəxs azadlığa çıxdıqdan sonra işsizlikdən əziyyət çəkirsə, məşğulluğunu, dolanışığını təmin edə bilmirsə, onun əyri yollara düşmək ehtimalı daha da artır. Ona görə də cəzaçəkmə müəssisələri ilə məşğulluq mərkəzləri arasında əlaqələr möhkəmləndirilməli, həbsdən çıxmış şəxslərin məşğulluğunun təmin olunması istiqamətində daha real addımlar atılmalıdır.

Bu məsələdə kiçik də olsa bir ümid yeri var. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi inşa edir. Nazirlik bildirir ki, Mərkəz qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və onların sosial adaptasiyası ilə bağlı digər işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində və öz səlahiyyətləri daxilində təmin edəcək. Bu, yaxşı xəbərdir, amma bəs rayonlarda yaşayan keçmiş məhbuslar? Yaxud elə Bakının özündə nə qədər belə insan var. Qobustan rayonunda inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzi bu insanların hansı birisinə xidmət edəcək? Bununla "yara sağalacaqmı?". Hər halda bütün bunlar bizim bu məsələdə bir qədər geri qalmağımızdan xəbər verir...

Hələ bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından olan ekspert xanım Şeron Volkerin iştirakı ilə Bakıda "Penitensiar müəssisələrdən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası" mövzusunda seminar keçirməsi barədə açıqlama yaymışdı. Bildirilmişdi ki, seminarda məqsəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsində ölkəmizdə aparılan işlərlə tanışlıq və yerli mütəxəssislərin bu sahədə beynəlxalq təcrübə ilə tanış edilməsi, qeyd olunan şəxslərin sosial adaptasiyasına yardım göstərilməsi məsələsinə cəmiyyətin diqqətini cəlb etməkdir. Gözümüzün önündə canlanan hadisələr göstərir ki, biz hələ nə cəmiyyətin, nə də aidiyyəti şəxslərin bu işlərə diqqətini tam cəlb edə bilməmişik...
 

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.