Cəmiyyət

Əsrin şahidi Sara

19 Sentyabr 2014 20:15
0 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sara Aşurbəyli Azərbaycan və Bakının tarixinin öyrənilməsinə inanılmaz töhfələr verib 

Bütöv bir əsrə şahidlik etməsi ilə öyünə biləcək çox az sayda tarixçi var. Görkəmli alim Sara Aşurbəyli nəinki öz ölkəsinin ağır dönəminin şahidi olub, həm də özü bir sıra ağır sınaqlardan çıxıb. O, uzun ömür, çox ağır dönəmlər və sınaqlar yaşayıb. 1906-cı ildə bakılı neft sənayeçisi və mesenat Balabəy Aşurbəyov və həyat yoldaşı İsmət xanımın ailəsində dünyaya göz açan Sara vətəndaş müharibəsinin və bolşevik terrorlarının başlanması səbəbindən yaxınları ilə birlikdə Vətəni tərk etmək, Türkiyəyə üz tutmaq məcburiyyətində qalıb. Vətəni onlar tək deyil, əksər ümumi tanışları ilə birlikdə tərk ediblər.

Mühacirət
 

Aşurbəyli ailəsinin ölkəni tərk etməsinə onların məşhur qohumu Nəriman Nərimanov köməklik göstərib. O dövrdə Nərimanov kommunist olsa da, sərt 1920-ci illərdə bir çox insanın, o cümlədən ADR-in yaradılmasında iştirak edən şəxslərin ölkədən çıxmasına şərait yaradıb. Sara xanımın sonralar danışdığı kimi, onlar əvvəlcə qatarla Tiflisə yollanıblar, oradan Batumiyə, Batumidən isə paroxodla Trapezunda üz tutublar. Bu zaman yolda onları qəflətən fırtına yaxalayıb: "...Haradansa qəflətən şiddətli külək peyda oldu, göyün üzü qaraldı, ev hündürlükdə dalğalar başladı. Köhnə gəminin hər tərəfi titrəyirdi və o, sanki indicə parçalanacaqdı. Çox qorxurdum. Hamımızın həlak olacağımızı düşünürdüm. Əllərimi göyə qaldıraraq Allaha yalvarmağa başladım: "Ey Uca Allah! Bizi ölməyə qoyma! Özün kömək ol ki, fırtına tezliklə dayansın!". İnanın, çox keçməmiş külək kəsdi, sanki heç əsmirmiş. Dəniz sakitləşdi, nəticədə sağ-salamat Trapezunda çatdıq".
 

İstanbulda Sara Aşurbəyli Janna d'Ark adına fransız kollecində təhsil alıb. "Həyatımın ən yaxşı illəri İstanbulda, Türkiyədə keçib. Həyat öz axarı ilə gedir, ən başlıcası, heç kəsin heç kəslə işi yox idi. Bizim kim olduğumuz, Türkiyəyə nə üçün gəldiyimiz, necə yaşadığımız heç kəsi maraqlandırmırdı. İnsanlar bizə sakit, xeyirxahlıqla yanaşırdılar", - deyə Sara Aşurbəyli sonralar danışırdı.

Kollecdə təhsil almaq üçün ödənilməli olan məbləğ kifayət qədər böyük idi. Lakin Saranın atasını narahat edən bu deyildi. Kollecə katolik rabih ordenlərindən biri rəhbərlik edirdi və inanclı müsəlman olan Balabəy qızının dinini dəyişə biləcəyindən ehtiyatlanırdı. Amma kollec rəhbərliyi onu dini baxışların digər dinə sitayiş edənlər üçün məcburi olmadığına inandırıblar.
 

Ailə Avropanı çox gəzib. 1914-cü ildə Birinci Dünya müharibəsinin astanasında onlar növbəti dəfə Almaniyaya üz tutublar. "Orada bir skripkaçının konsertinə getmişdim. Soyadını xatırlamasam da, çex olduğu yadımdadır. Evdə fortepianoda ifa etməyi öyrənir və musiqini çox sevirdim. Skripkaçının ifasını o qədər bəyəndim ki, antraktda anamdan pul götürdüm və mürəbiyyə ilə böyük qızılgül dəstəsi aldım. Konsert bitdikdə gülləri skripkaçıya təqdim etdim və o, sanki böyük bir xanımın əlini öpürmüş kimi, mənim əlimi öpdü. Cəmi 9 yaşım var idi. Artıq mənimlə böyük insan kimi davranıldığı üçün fəxr edirdim. İnanılmaz dərəcədə məmnun idim", - deyə Sara Aşurbəyli danışırdı.

Məhv olan ümidlər
 

Sovet tarixinin qısa səhifəsi olan Yeni İqtisadi Siyasəti (YİS) zamanı müvəqqəti olaraq köhnə qaydalar qaytarıldı - özəl biznesə icazə verildi, müəssisələr isə əvvəlki sahiblərinə qaytarıldı. 1920-ci illərdə - müharibədən sonrakı dövrdə həyat yavaş-yavaş öz məcrasına düşürdü və heç kəs onları qarşıda sərt və qəddar 30-cu illərin gözlədiyini ağlına belə gətirmirdi. "Bizim geri qayıtmağımızın səbəblərindən biri əmim Əli bəyin məktubu idi. O, anası ilə yaşayırdı. Əmimin öz ailəsi yox idi və bizə çox bağlı idi, bizsiz çox darıxırdı", - deyə Aşurbəyli bildirirdi. - "O, atama şəhərdə həyatın normallaşdığını, vəziyyətin sakit olduğunu yazırdı. Məktubda bildirirdi ki, indi vəziyyət siyasətdən tam uzaq olan onun kimi insanın antisovet fəaliyyəti ilə əlaqədar həbs olunduğu 1920-ci illərdə olduğu kimi deyil".
 

Amma Aşurbəylilər Bakıya qayıtdıqdan sonra Saranın atası cəfəng vətənə xəyanət (məşhur 58-ci maddə) ittihamı ilə həbs edilərək Karaqandaya sürgün olundu. 1937-ci ildə isə o, sürgündə XDİK tərəfindən həbs edildi və üçlük (vəkillərin yer almadığı xüsusi komissiya) tərəfindən güllələnmə cəzasına məhkum edildi. Bu, hər hansı yeni ittiham deyildi - XDİK Stalinin şəxsi tapşırığı ilə güllələnmələr həyata keçirirdi və onları insanların günahkar olub-olmamaları maraqlandırmırdı. 1942-ci ildə Sara xanımın həyat yoldaşı Bəhram Hüseynzadə də həbs olundu. Əvvəlcə onun barəsində də atası haqqında olduğu kimi, eyni maddə ilə güllələnmə qərarı çıxarıldı. Sara xanım məhkəmələri gəzir, əlaqələr axtarır, məktublar yazır, vəkillər tuturdu. Nəticədə, 1943-cü ildə onun həyat yoldaşı haqqında çıxarılmış güllələnmə qərarı ləğv edildi və 10 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzləndi.
 

Danoslar vasitəsilə Sara Aşurbəylinin bir çox digər qohumları da güllələnib. Keçmiş bəy zənginliyi, ölkədən kənarda yaşanan günlər onların hamısını zərbə altına qoymuşdu və ac, savadsız çoxluq onlardan şübhələnirdi.
 

Məsələn, Sara xanımın əmisi Məhəmməd Tağı ağa Kiyevdə təhsil almış savadlı həkim, Birinci Dünya müharibəsinin veteranı idi. O, 2 dəfə Georgi xaçı ilə təltif olunmuşdu. Onun pəhrizlə bağlı məsləhətlərində "Almaniya" sözünü eşidən (pəhrizdən istifadə olunan ölkələrin siyahısında) pasiyentlərdən biri dərhal guya həkimin hamının qarşısında Almaniyanı təriflədiyinə dair danos yazır. O zaman Almaniyada hələ faşistlərin hakimiyyəti idi. Nəticədə Məhəmməd Tağı ağanı güllələyirlər.

İş
 

Sara Aşurbəyli uşaqlıqdan tarixlə, doğma şəhərinin memarlığı ilə maraqlanırdı. Bakıda o, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tarix-filologiya bölməsini bitirmişdi. Uzun illər onların "vətən xaini ailəsinin üzvləri" kimi qeyri-rəsmi status daşımaları Sara xanımın ixtisası üzrə iş tapmasına mane olub. Ailə çox kasıblamışdı. Sara xanım orta məktəbdə müəllim işləyir, teatrda dekorasiya rəssamı kimi çalışır, çətinliklə dolanır, konservatoriyada xarici dilləri tədris edirdi.
 

Günlərin birində Sara Aşurbəyli dostlarının məsləhəti ilə "onu heç kəsin tanımadığı" yerə üz tutdu, 1949-cu ildə Leninqrad Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Tezliklə partiyanın Stalin kultunu hörmətdən salan məşhur XX qurultayı keçirildi. Yumşalma, günahsız məhkumların bəraət qazanması dövrü başlandı. Elmlər Akademiyasının vitse-prezidenti olan Səməd Vurğunun köməkliyi ilə Aşurbəyli ixtisası üzrə işə düzəldi. O, yalnız bundan sonra özünü tarixçi kimi tam reallaşdırmaq imkanı qazandı.
 

1964-cü ildə Sara xanım Gürcüstan Elmlər Akademiyasının Tarix İnstitutunda doktorluq dissertasiyasını müdafiə etdi, tarix elmi ilə peşəkarcasına məşğul olmağa başladı (artıq onun 60 yaşı var idi). İlk dövrlərdə Sara xanım Azərbaycan Tarix Muzeyində işləyib. Orada o, orta əsrlərə dair Azərbaycan tarixi şöbəsinin rəhbəri olub. Daha sonra Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi kimi çalışıb. Sonralar Sara xanım Tarix İnstitutunda elmi katib, böyük elmi işçi, aparıcı elmi işçi kimi çalışıb. 1993-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və Etnoqrafiya İnstitutunda böyük elmi işçi olub.
 

Ağır taleyə, elmə çox gec gəlməsinə baxmayaraq, Sara Aşurbəyli qısa müddətdə Azərbaycanın və Bakının tarixinin öyrənilməsi işinə böyük töhfələr verib.

"Mənim üçün Sara xanım Bakı tarixinin böyük qoruyucusudur", - deyə tarixçi Rizvan Hüseynov bildirir. - "Güman ki, o, Bakının tarixinin, qədim memarlığının öyrənilməsi üçün bizim hər birimizdən çox iş görüb. O, Qız Qalasının, ümumiyyətlə, Şirvanşahların tarixi ilə bağlı çoxsaylı mənbələr tapıb".
 

Ümumilikdə Sara Aşurbəylinin hesabında tarix mövzusunda 100-dən artıq elmi məqalə var. Onların əksəriyyəti Azərbaycan Ensiklopediyası üçün yazılıb. Sara xanım Azərbaycanın Qərbdən və Şərqdən olan tədqiqatçılarından çoxsaylı tərcümələrin müəllifidir. "Orta əsrlər Bakı şəhərinin tarixi oçerki (VIII - XIX əsrin əvvəlləri)", "Bakı şəhərinin tarixi", "Şirvanşahlar dövləti" (VI-XVI əsrlər)" və s. kitabların müəllifi məhz S.Aşurbəylidir.

Tarixin çarxı bütün SSRİ ziyalılarını əzib-keçdi, onların çoxunu məhv etdi. Rəssamların, aktyorların, rejissorların, yazıçı və musiqiçilərin tərcümeyi-halını oxuduqda 30-cu illərin qanlı terrorunun heç bir ailədən yan keçmədiyini görürsən. Həmin illərdən sağ çıxa bilənlərin həyatında sağalmaz yaralar qalıb. Əqli əməklə məşğul olan Sara Aşurbəyli ömrünün sonunadək möhkəm yaddaşını qoruyub-saxlayıb və 95 yaşında ağır bioqrafiyasını qələmə almağa başlayıb. Amma o, bu kitabı tamamlaya bilməyib. 2001-ci il iyulun 17-də Sara xanım dünyasını dəyişib.
 

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.