Cəmiyyət

"Ən çox anamın bu xəbərə sevinməsi məni xoşbəxt etdi"

18 Sentyabr 2014 15:41
0 Şərh     Baxış: 1 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu il ali məktəblərə qəbul imtahanlarında 100 minə yaxın abituriyent iştirak edib ki, onlardan 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Qeyd edək ki, ölkəmizdəki ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin 9 sentyabr 2014-cü il sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. Müsahibimiz belə tələbələrdən biri, ali məktəbə qəbul imtahanlarında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə daxil olan və Prezident təqaüdünə layiq görülən Mustafa Hacıyevdir:

- Mən 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. 2000-2003-cü illərdə Yasamal rayonundakı 10 saylı uşaq bağçasına getmişəm. 2003-cü ildə Yasamal rayon M.İbrahimov adına 153 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam. 2008-ci ildə imtahan verərək BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyinin altıncı sinfinə qəbul olmuşam. Liseydə oxuduğum müddətdə bir sıra uğurlar əldə etmişəm. Fənn olimpiadalarının şəhər və respublika mərhələlərində riyaziyyat fənni üzrə qalib olmuşam. 2013-cü ilin fevral ayında "Sabahın alimləri" II Respublika müsabiqəsində "Kimya" nominasiyası üzrə I yerə layiq görülmüşəm. Həmin ilin may ayında ABŞ-ın Arizona ştatının Finikis şəhərində keçirilən INTEL Beynəlxalq Elm və Mühəndislik sərgisinin iştirakçısı olmuşam. Bu il BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyini qızıl medalla bitirmişəm. İyul ayında TQDK-nın keçirdiyi qəbul imtahanlarında iştirak edərək I qrup üzrə 695 bal toplamışam və Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə daxil olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. Atam, anam, bacım və mən. Atam Polad Hacıyev ali təhsilli mühasibdir və hazırda işləmir. Anam Sevinc Əlləzova ali təhsillidir, müəllim, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyində Azərbaycan və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Bacım Ləman Hacıyeva isə hazırda "Gənc istedadlar" liseyində X sinif şagirdidir.

- İmtahan prosesi necə keçdi, suallar çətin idimi?

- İmtahan yaxşı keçdi, əsas problem havanın çox isti olması idi. İmtahan sualları çətin deyildi. Hətta keçən ilkindən asan suallar idi. İmtahana yüksək motivasiya ilə getmişdim. Yəni məqsədim də mümkün qədər çox bal toplamaq, tez əldən düşməmək və axıra kimi suallarla vuruşmaq idi.

- İmtahandan sonra bu qədər bal topladığını bilirdinizmi?

- Əvvəl xeyir, sonra "Space" telekanalında yoxladıqdan sonra çox sevindim, çünki bəzi səhv gözlədiyim suallar düzgün oldu. Bundan sonra anam bir az narahat idi ki, bəlkə cavab kartında səhv yaza bilərəm. Amma mən özümə arxayın idim, çünki çox diqqətciləm və indiyə kimi sınaqlarda səhv etməmişəm. Nəhayət, rəsmi cavab da gözlədiyim kimi çıxdı.

- Ali məktəbə qəbul olduqda hansı hissləri keçirdiniz?

- Evdəkilər məndən çox sevindilər, düzünü desəm, amma çox da təəccüblənmədim, çünki artıq bu nəticəni gözləyirdim. Axırıncı həftə həddindən artıq çalışdım, hər fənni, hər mövzunu təkrarladım, mənə deyirdilər ki, axırıncı günlər dincəl, amma mən belə etmədim və imtahana tam hazır şəkildə getdim, bu məndə bir az əminlik hissi yaradırdı. İmtahanın nəticəsi bilinəndə elə hiss etdim ki, əsas mənə verilən missiyanın mükəmməl şəkildə öhdəsindən gəldim. Ən çox anamın bu xəbərə sevinməsi məni xoşbəxt etdi.

- İxtisas seçiminizi necə etdiniz, yalnızmı qərar verdiniz, yoxsa ailənizin seçimidirmi?

- Orta məktəbdə oxuyarkən kompüter mühəndisliyi peşəsini seçmişdim. Ali məktəbə ixtisas seçiminə gəldikdə isə əlbəttə ki, evdə birlikdə etdik. Onlar dediyi və şəxsi fikirlərimin ortaq nöqtəsinə uyğun universitet və ixtisas seçdim. Niyə məhz Ali Neft Məktəbini və bu ixtisası seçməyimə gəldikdə isə bu ixtisas (Proseslerin avtomatlaşdırılması mühəndisliyi) kompüter elmləri və mühəndisliyinə yaxın və oxşar olduğu üçün seçdim. Universitet isə fikrimcə, respublikanın ən yüksək ballı uşaqlarını götürdüyünə görə ən yaxşı ali təhsil ocağıdır. Ən əsası bu universitetin gələcəkdə işlə təminat qarantiyası var.

- Özünüzü bu peşədə necə görürsünüz?

- Özümü bu peşədə yüksək səviyyəli bir mütəxəssis kimi görmək istəyərdim.

- Hazırda ölkədə bu sahənin inkişafını necə dəyərləndirirsiniz?

- Öz məlumatlarıma və başqa insanlardan eşitdiklərimə görə, bu sahədə hələ çox işlər görülməlidir, çünki yetərincə mütəxəssis yoxdur. Yəni bu sahə elə bir sahədir ki, hər saniyə inkişaf var və bunun üçün istedadlı kadrlar yetişdirilməlidirlər.

- Gələcəkdə təhsilinizi xaricdə davam etdirmək istərdinizmi?

- Bəli. Niyə də olmasın. Xarici təhsilin də üstünlükləri çoxdur. Yəni, bu, planlarımın içində ilk sıralarda durur. Amma əlbəttə ki, mükəmməl təhsil aldıqdan sonra Vətənə qayıtmaq lazımdır, çünki bu şəraiti məhz ölkəmiz bizim üçün yaradır. Belə halda ölkəmiz daha da inkişaf edər.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Boş vaxtlarımda idmanla məşğul olmuşam. Əsasən aykido və üzgüçülüklə məşğul olmuşam. Hazırda heç bir idman növü ilə məşğul olmuram.

- Bugünlərdə ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələrdən biri də sizsiniz. Bu, bir tələbə üçün nə dərəcədə önəmlidir?


- Bununla bağlı fikirlərim əlbəttə ki, müsbətdir. Bu sırf Prezidentimizin biz tələbələrə olan qayğısı və diqqətinin nəticəsidir. Yəni, bu bir daha təsdiq edir ki, elm və savad həmişə qiymətləndirilir. Bu, çox əladır. Biz görürük ki, bizim kimi gənclərə, biliyə, savada belə önəm verilir. Prezidentimiz gənclərə qayğı göstərdiyinə görə, bu cavanlar da çalışıb əllərindən gələnin ən yaxşısını edəcəklər. Yəni bu, böyük bir motivasiyadır.

- Gənclərə nə tövsiyə edərdiniz?

- İstərdim ki, çalışıb yaxşı nəticələr göstərsinlər və belə uğur qazana bilən uşaqlarımız həqiqətən də var. Sadəcə, bəzi gənclərimiz məqsədsiz iş görürlər. Bir az hətta mübariz olub Vətənimizi xaricdə təmsil etməyə daha çox cəhd göstərsinlər. Savadlı gənclik ölkəmizi irəli aparar. Çalışsınlar ki, hərtərəfli savad toplasınlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.