Cəmiyyət

Xoşqədəm Hidayətqızı ölən kişidən danışdı - YENİLƏNİB

18 Sentyabr 2014 13:52
3 Şərh     Baxış: 2 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram"ı izləyərkən vəfat edən Yusif Əhmədovla bağlı yayılan məlumatlara münasibət bildirib.


13:52

 

"Qafqazinfo"ya açıqlamasında xanım aparıcı 68 yaşlı kişinin ölümünə "Səni axtarıram" verilişinin səbəb olmadığını bildirib: "Çox təəssüf edirəm ki, bu cür şayiələr yayırlar. ""Səni axtarıram" verilişi çox populyardır və baxımlıdır. Bəziləri dostcasına, bəziləri bilərəkdən bu cür şayiələr yayırlar. Rəhmətə gedən kişinin ailəsi də deyib ki, bu ölümün mənim verilişimlə əlaqəsi yoxdur və təsadüfdür. Ömrü verən Allahdır. İstənilən vaxt, istənilən yerdə, istənilən an Allah canımızı alacaqsa, bunun kiməsə aidiyyəti yoxdur. Bu gün mənim son günümdürsə, yol gedəndə, sizin saytda hansısa informasiyanı oxuyanda və ya hansısa verilişə baxanda vəfat edəcəm. Eşidəndə, biləndə ki, bu cür şayiələr, ürəkbulandırıcı informasiyalar yayılıb, həmin ailənin yerinə üzüldüm. İnsanlar yaxınını, doğmasını itiriblər, bu cür informasiyanın yayılması isə o ailəyə hörmətsizlikdir. "Səni axtarıram" verilişi insanlara ancaq sevinc bəxş edir, uzun illər gözü yolda qalan insanların gözlərini yollardan yığır. Verilişdə hüzun də, kədər də ola bilər. Amma veriliş sonda sevinc bəxş edir. Söz də tapa bilmirəm.

Biz kollektiv olaraq işləyirik, bu kiçik komanda bütün günü insanların axtarışı ilə məşğuldur. Yol, sərhəd, səhər-axşam bilmədən çalışdığımız məqamda belə informasiya yalan da olsa, bizi kədərləndirir. Biz burada insanları sevindiririk, onları qovuşdururuq. Bu maarifləndirici verilişdir. Hazırda əksər verilişlərdə "Səni axtarıram"laşma gedir. Əgər veriliş insanlara pis təsir etsə, düşünərik ki, deyilənlər doğrudur. Bu verilişin bir misiyası var. Verilişdə hüzn, kədər olsa da, insanları qovuşdurur. Hüzn, kədər hər bir ailədə var. 50-70 ildən sonra, bir əsrin ayrılığına "Səni axtarıram" son qoydu. İstəyirəm ki, mətbuatımız bunlardan yazsın. Yazsınlar ki, Cənubi və Şimali Azərbaycanın ayrılması ilə ayrılan dörd qardaşın övladlarını bizim veriliş bir araya gətirdi. Yazsınlar ki, 1970-ci ildən yoxa çıxan qadını bizim veriliş tapdı. İstəyərəkdən və ya istəməyərəkdən yalan informasiyanı tamaşaçıya, oxucuya təqdim etməyin məqsədi nədir? Bunu anlaya bilmirəm. Allah hər kəsə hidayət etsin, ümid yeri kimi "Səni axtarıram"a baxan insanlara yardımcı olsun. Allaha bizə güc, qüvvət versin ki, peşəkarcasına o insanların axtarışlarını davam etdirək".

Qeyd edək ki, "Səni axtarıram"ı izləyərkən vəfat edən Yusif Əhmədovla bağlı məlumat musavat.com-da yayılıb.


----------
11:48

Ailəsi verilişdən narazılıq etmir, amma bunu xoşagəlməz təsadüf sayır...


"Deyirlər, şəhərdə bir nəfər Xoşqədəm Hidayətqızının verilişinə baxanda ürəyi partlayıb. Eşitmisiz?" Bu xəbər öncə işıq sürətilə redaksiyada yayıldı, az keçmədən yaşadığım qəsəbənin adamları arasında da danışılmasının şahidi oldum. Hadisənin bazar günü, yəni veriliş yayımlandığı gün baş verdiyi bildirildi. Yas yerini, mərhumun kimliyini dəqiqləşdirəndən sonra isə "Yeni Müsavat"ın öhdəsinə bu hadisəni araşdırmaq qaldı.
 
Heç kimə sirr deyil ki, Hidayətqızının adıçəkilən verilişi yüksək reytinq və tamaşaçı auditoriyasının bolluğu ilə fərqlənir. Hər həftənin bəlli günləri xüsusən yaşlı nəslin nümayəndələri gözlərini ATV ekranından çəkə bilmirlər. Yarımçıq qalmış hekayətlər, axtarılan, bəzi hallarda tapılan, bəzi hallarda tapılıb da üzə çıxmaq istəməyən insanlar. Anamın o verilişin yayımlandığı günün səhəri "ürəyim ağrıdı dünən, bir yazığı göstərdilər..." tipli danışıqlarını da nəzərə alanda girişdə yazdığım hekayə o qədər də qeyri-inandırıcı görünmədi.

Biləcəri qəsəbəsi yaxınlığında qurulan yas mağarını tapana qədər isə rastımıza mərhumun qonşuları çıxdı. Ölüm hadisəsinin izinə jurnalistlərin düşdüyünü eşidib təəccüblənirlər öncə. "Adi ölüm mətbuatı niyə bu qədər maraqlandırır ki?..." Ölüm hadisəsinin verilişə baxanda, hansısa süjetin təsiri ilə olduğunu deyirik, təəccüb edirlər: "Vallah, verilişə görə adam ölər? Yəqin təsadüfdür. Hamımız o verilişə baxırıq da. Biz niyə ölmürük ki? O bir təsadüf ola bilər..."

Qonşuların bu inkaredici reaksiyasından sonra mağara yaxınlaşıb mərhumun əzizləri ilə danışırıq. 68 yaşlı Yusif Əhmədovun ölümü ilə bağlı ən çox oğlanları, həyat yoldaşı, gəlini pərişan görünürdü. Sözarası öyrənirik ki, Füzuli sakini olan Y.Əhmədov uzun illər aşpaz olub. Hələ sovet dönəmində katibin şəxsi aşpazı olub. Yeyib-içməyi, qonaq qəbul etməyi çox sevərmiş. Bakıya gələndən sonra da qoyun-quzu ferması və restoranı olub. Yenə də keçmiş peşəsi ilə məşğul imiş.

Hadisənin baş verdiyi günə gəlincə, başda gəlinləri olmaqla, oğlu və qohumları bildirir ki, həqiqətən də mərhumun ürəyini tutması "Səni axtarıram"a tamaşa edərkən baş verib: "Amma onun ürəyi tutanda hələ veriliş təzə başlamışdı. Sponsorlara minnətdarlıq edirdi Xoşqədəm, təzə salamlaşırdı. Orda hansısa hadisədən ürəyi tutmadı. Bizcə, bu, təsadüf idi. Heç istəməzdik ki, hadisə bu cür qələmə verilsin. Xoşqədəm xanımın verilişinə bütün Azərbaycan baxır. O adam öldürən veriliş deyil ki..."

Yaxınları, həmçinin bildirir ki, Y.Əhmədovun həyat yoldaşı tibb bacısıdır. 68 yaşlı ərinin ürəyi tutan kimi ilkin müdaxilə edib, həkimə zəng ediblər. Amma Təcili Tibbi Yardım gələnə qədər artıq Füzulinin məşhur aşpazı dünyasını dəyişibmiş. Gəlini danışır: "Onların ailəsində ürək xəstəliyi geniş yayılıb. Əksər qohum-əqrəbalar 60 yaşdan o yana qalmır. Ya infarkt olur, ya da digər ürək xəstəliyindən dünyasını dəyişirlər. Yusif dayının 68 yaşa qədər yaşaması böyük iş idi. Bizim nə o verilişə kinimiz var, nə də qayınatamın ölümünü onlardan görürük. Allah hərəyə bir ömür payı biçib".

Müsahibimiz deyir ki, həmin gün axşam yeməyini yeyəndən sonra qayınatası adəti üzrə televizor qarşısına keçib və yoldaşından çay istəyib: "Bu zaman qəfildən dili qatlanıb. Qayınanam müdaxilə edib, dərman verib və sair. Amma onu xilas etmək mümkün olmayıb. Təcili yardım gələndə kişi dünyasını dəyişmişdi".

Yaxın qonşuları isə iddia edir ki, Y.Əhmədovun ölümünə Təcili Tibbi Yardım Xidmətinin gec gəlməsi səbəb olub. Onların dediyinə görə, xidmətə zəng edərkən dispetçerlər vaxt oğurlayıb, yersiz-yersiz suallar veriblər: "Gah soruşdular ki, bəlkə ürəyi tutmayıb, eləcə yatıb? Sonra dedilər, fikir verməyin, axşam saatıdır, hamıda gərginlik var. Halbuki dərhal gəlsəydilər, bu hadisə baş verməzdi".

Bununla yanaşı, mərhumun kababçı olaraq qidalanma tərzi, qida rasionunun da ürək xəstəliyi yarada biləcəyini düşünənlər var. Yas yerindəki qonşulardan biri bildirdi ki, rəhmətlik hər zaman yağlı yeməkləri xoşlayıb. Hətta bir şiş quyruğu təkbaşına yeməyi sevirmiş: "O yaşda o cür qidalanmaq olmazdı. Gərək yeməyinə də fikir verəydi. Ürək tab gətirməz o cür yağlı yeməklərə. Qida borusu tıxanır".

Sonda... "Yeni Müsavat" bu yas yerindən reportaj hazırlamaqla heç də X.Hidayətqızının məşhur verilişini hədəf göstərmək niyyətində olmayıb. Sadəcə, redaksiyamıza kimi çatan bir xəbərin sorağına düşdük. Mənzərə girişdə dediyimiz kimi, "Səni axtarıram"a baxan yerdə gözünü qapayan bir azərbaycanlıdan ibarət idi. Mənzərənin arxasındakı reallıq başqa olsa da...

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.